BİRİ İKİSİNDƏ - Gülay Tahirlinin şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Gülay Tahirlinindir.

 

 

Gülay TAHİRLİ

 

 

ÖZAY ÜÇÜN

 

Oğlum, bizim də küçələrdən

Gülümsəyən adamlar keçəcək.

Sallanan qaşqabaqlar

Quşların lələyinə ilişib buralardan köçəcək.

 

Yer günəşin ətrafında fırlanan kimi,

Bir də görəcəksən hansısa baba

Tutub hansısa nənənin əlindən,

Elə dolana-dolana rəqs edir.

 

Bu şəhərdə təbəssümlər çıxacaq taxta,

Sıxışdıracaq iki dodağı

Bir-birinə yapışdıran, büzüşdürən

Nə varsa!

 

Yaşamağı öyrədən məktəblər açılacaq.

Ən yüksək maaşı şükran dərsi

deyən müəllimlər alacaqlar.

 

Oğlum, bu şəhərdə adamlarla

Pişiklər dost olacaqlar.

İtlər insanların sevgisindən məst olacaqlar.

Əl-ələ tutub gülləni atacaqlar

Mərhəmətsizliyin yuvasına.

 

Ay mənim qaraqaş, qaragöz balam,

Ay kirpikləri uzunum!

Bu şəhərdə atalar gecə rahat yatacaqlar,

Yorğanın altında qısılıb

Qollarını alınlarına, əllərini ürəklərinə qoymadan.

Alınlarını köynəyin qollarına silə-silə,

Şalvarların ciblərini yoxlamadan...

 

Qaça-qaça keçməyəcəklər

Adamlar ağacların yanından,

Görüb keçəcəklər,

Duyub keçəcəklər.

Sanma, ağacları yenə kəsəcəklər.

Bu şəhərdə binalar

Utanacaq ağacların yerində durmağa.

 

Ay mənim qaraqaş, qaragöz balam,

Ay kirpikləri uzunum!

Gec oldu daha, gəl yataq.

Lay-lay... Lay-lay...

Ay mənim qaraqaş, qaragöz balam,

Ay kirpikləri uzunum!

 

 

***

 

Səni sevirəm!
Ey həmişə günəşə açılan pəncərəm!
Gözləri dənizlərdən dalğalı,
Ey əlləri Tanrı sığalı,
Qolları yuvam adam!

Biz yuva qurmağı leyləklərdən öyrənmişik,
Ordan-burdan çör-çöp yığıb,
Dimdiklərində gətirib yuva qururlar
İşıq dirəklərinin ta başında.
Bizim çör-çöpümüzün
Arxasınca küləklər düşüb,
Vüsalı ələyən ələklər düşüb.
Neçə dəfə çör-çöpümüz
Əlimizdən sürüşüb,
Tutmuşuq bir-birimizdən, qalxmışıq yenə.

Səni sevirəm!
Mənə eşqi öyrədən adam –
Müəllimlərin ən böyüyü!
Mən bu məktəbə gələndə
Qısqanclığımı evdə qoyub gəlmişəm,
Azadlıq gətirmişəm əllərimdə gül yerinə.

Özümlə barışıq olduğum tək yer
Kirpiklərinin arasıdır.
Mən məni səndə sevdim,
Mən məni səndə bildim.

Yanılır Dekart, düşünmək nədir?!
Hiss edirəmsə, varam!
Düşünməkdən o tərəfə bir yer var e,
Bax ordayam,
Ordayam.

Səni sevirəm!
İşdir, qəzadır, birdən bitsə hər şey,
Ayrılıqda belə açılar qollarımız, bilirəm!

Səni sevirəm!
Səni yalınayaq,
Səni yalınruh sevirəm!

 

 

***

 

Torpağın çat-çatdır, Vətən!
Görürəm – bağrın yarılır...
O torpaq altında nə qədər toxum cücərmədən ölür.
Nə qədər ağacın kökü var, gövdəsi yox...
O torpağın üstündə
Adamların ürəyi var, sevdası yox...

Mən ən çox sənə bənzəyirəm, Vətən!
Ürəyim sənin kimi parçalanıb.
Xəritən kimi kiçilmişəm,
Zərrə-zərrə biçilmişəm,
Nə qədər idim,
Nə qədər olmuşam, Vətən!

Xəbərin varmı Güneyindən?
Mənim də solumdan xəbərim yoxdur.
Ən çox sevdiyimiz,
Ən çox ağrıyan yanımız,
Mənim solum – sənin Güneyin.

Hərdən Kür kimi hiss edirəm özümü,
Azalıram, azalıram...
Mən – çölün düzündə,
Adamlar cəhənnəm,
Tanrının unutduğu ağac – sozalıram...

Ən çox torpağına bənzəyirmiş adam.
Minillik yaralarını əlimdə sıxsam, sıxsam...
Ürəyim soyuyarmı, görən?
Sən xoşbəxt olsaydın, axı mən də...
Mən də, bəlkə...

Deyirəm, başımı qoyum Xəzərə,
Göy üzündən Tanrını çağırım,
Gəlsə,
Qağayılar imkan versə,
Ona çox yox, bir-iki kəlmə söz deyəcəyəm...

Darıxma, Vətən, darıxma.
O quşlar ki, var.
Təbrizindən dən gətirib
Bakında əkən quşlar.
Onlara baxıb deyirəm ki,
Ümid var.

 

 

***

 

Bir dibçək gülümüz vardı,
Atam baxıb sevincək deyərdi ki,
Gülün tavanı dəlib keçməyinə az qalıb.
Doğrudan da, az qalmışdı.
Sonra atam gözlərini bir anda birdəfəlik yumdu.
Gülsə yavaş-yavaş qurudu...
Yox, suyunu tökdük, torpağını yumşaltdıq,
Gedib-gəlib əzizlədik,
Olmadı...
Atam öldü,
Gül də öldü...
O gülün gücündən istəyirəm hərdən,
"Olmaq, ya da olmamaq: budur bütün məsələ".

O gülün qolları yox idi ki,
Tutub yaşama həbs etsinlər,
Qanadı içində, sözü içində,
Sevgisi içində, közü içində.
Dünya həm də o gülündü,
İtin, pişiyin, çiçəyin, böcəyin...
Amma elə bil Tanrı
Olmaq və olmamaq arasındakı
O böyük boşluğu, sadəcə, insan üçün yaradıb.
Bu dünyada insana özəl bircə yer var:
Olmaq və olmamaq arasındakı o boşluq –
Hamının kəşf etdiyi,
Heç kimin adını qoymadığı...

 

***

 

“Evim” dediyim adam çölə atdı məni,

Bir quru canımı götürüb çıxdım,

Nəyim varsa, orada da qaldı.

 

Eşqi ürəyimə əsa etmişəm,

Ona görə ölmədim, yaşayıram.

Ey çarmıx adam,

Mən niyə səni özümə İsa etmişəm?!

Qaldırmışam əllərimi,

Nə zaman istəsən, gəl!

İsa da olsan, çarmıx da olsan, gəl.

 

Onu da bil ki,

Daha sənin bağçanda açan deyiləm.

Yox, yox, o adam deyiləm.

Özüm çöl olandan sonra

Daha “Evim” demərəm sənə.

 

Evlər uçur.

Evlər uçur...

Evlər uçur!

Ağaclar yaşayır, nəfəs olur,

Quruyur, kötük olur,

Ölür, soba olur.

 

Nə böyük günah imiş

Eşqi evə qapamaq.

Eşqin məkanı çöllərdir.

Eşqin dostu ağaclardır, adamlar yox.

 

 

***

 

O ki sənin alnından yox,
Gözlərinin kənarından salardı yollarını.
Sevməzdi paralel xətlər qalağını,
Onunku yarım ulduzlar idi.

O nə istədi səndən?
Nə vüsal, nə xoşbəxtlik...
Heç nə!
Dünyanın bütün tamahlarından,
Arzularından arınmışdı sevgisi.

O bilirdi, o, alına yazılmamışdı,
O, tale deyildi.
Tanrıdan necə gəlmişdisə, elə idi,
Çoxalmamışdı, azalmamışdı.

İndi isə günün günorta çağında
Dayanıb pəncərə qırağında
Aya baxır.
Gülümsəyir və baxır.
O ayın altında xoşbəxt,
Sağ-salamat sən varsan,
Yanında da...
Yanında...
Yanındakı önəmli deyil.

Gözlərini açsa, ay gedəcək,
Günəş gülümsədərmi onu?
Ehhh...
Onsuz da kimsənin yolu keçməyəcək
Yarım ulduzlardan.
Heç olmasa alnını qoru.

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)