QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 55-Cİ DƏRC

 

Qdlyan nisbətən asta templə, inamsız danışmağa başladı:

- Bütün işləri başqaları aparıblar, vilayət prokuroru Buturlin və müavini Qaydanov aparıb, “pambıq işi” onlarlıqdır. O vaxt Qorbaçov qurultayda deyəndə ki, “Qdlyan və İvanovun apardığı pambıq işi”, mən onun sözünü kəsib demişdim ki, Allahdan qorxun, mən pambıq işinə baxmamışam, mən korrupsiya işinə baxmışam.

Yaşlı hakim əsəbini cilovlaya bilmədi:

-O boyda prosesi danmaq necə ola bilər axı? Məndə bir mənbə var, siz pambıq işinə aidiyyatınızı danmaq istəyəndə “Azadlıq” radiosu sizə belə bir sual verir: ”Özbək mətbuatı günü bu gün də yazır ki, məhz Qdlyan özbək insanlarının taleyi ilə oynayıb”. Sizin cavabınız isə belədir: ”Bizim qrup cəmi 62 adamı həbs edib. Digər minlərlə həbs olunanın bizə dəxli yoxdur. Biz hətta görəndə ki, Özbəkistan DİN minlərlə insanı pambıq pripiskası adı altında həbs edir, Moskvaya İvanovla birgə şikayət də yazmışıq. Yazmışıq ki, Özbəkistanda terrora son qoyulsun! Biz başçıları tuturduq, xırda adamları isə biz tutmurduq”. Bu müsahibədə nə qədər səmimi olmusunuz?

Qdlyan “Tam səmimi” söylədi.

Belədə Baş Hakim başını bulayıb ekspertlərə üz tutdu, dedi ki, proses boyu əksər izləyicidə “Bəs niyə Özbəkistan” sualı doğur, Kreml rəhbərliyinin Özbəkistanda bir erməni müstəntiqin əli ilə həyata keçirdiyi bu misilsiz cəza üsülunun haradan qaynaqlandığını bilmək istəyirlər, belə bir açıqlama verə bilərsinizmi?

Baş ekspert ekspertlərlə məsləhətləşməyə başladı, fürsətdən istifadə edib Baş Hakim qəhvə gətizdirib içdi, yaşlı hakim su işəcəyini bildirdi, gənc hakim isə prosesin gedişinı necə valeh olmuşdusa hətta boğazından su belə keçirmək istəmirdi.

Nəhayət, arayış hazır oldu və səsləndirildi:

-20-ci əsrin ortalarında Özbəkistan SSRİ-nin pambıq plasdarmasına çevrilmişdi. Ölkənin bütün münbit torpaqları pambıq sahələri edirdilər. SSRİ Dövlət Plan idarəsi beşillikdən beşilliyə Özbəkistanın pambıq planını artırırdı, özü də reallığı nəzərə almadan, zorən, acımasız şəkildə. Hətta gübrələrin, pestisitlərin, toksiki maddələrin normadan artıq istifadəsi, məktəblilərin və tələbələrin zorən pambıq tarlalarına işləməyə qovulması belə kömək etmirdi. Yeri gəlmişkən, bu zorakılıq nəticəsində təhsil müəssisələrinin iflic olması ilə yanaşı ekologiyaya da ciddi zərər vurulurdu. Aral dənizinin suyu qurumuş, bura kimyəvi maddələr poliqonuna çevrilmişdi. Pambıq planı özbək xalqına əsl düşmənçilik edir, onu get-gedə fəlakət girdabına sürüyürdü. Belədə Moskvanın plan tələbini ödəmək üçün yerli pambıq təsərrüfatı həqiqətən pripiska etməyə məcbur olur, ikili mühasibatdan istifadə edirdi. Saxtakarlıq piramidası həqiqətən var idi, respublikaya rəhbərlik edən Raşidov saxta rəqəmlərlə Kreml qarşısında hər halda duruş gətirə bilirdi. Özbəkistanın yüksək rəhbər eşalonunda korrupsiya hallarına yol açılmışdı, bu barədə Moskvaya müntəzəm məlumatlar gəlirdi. Amma günahı öz ağlasığmaz planlarında görmək əvəzinə Kreml günahı özbək cinayətkarlığında və korrupsiyasında görmək yolu seçmışdı.

1979-cu ildə Buxara vilayəti OBXSS-inin rəisi Muzaffarova qarşı iqtisadi cinayətkarlıq maddəsi ilə cinayət işi açılmışdı, 1982-ci ildə bu iş Qdlyana verildi. Və bununla da özbək xalqının zülm və iztirablarından keçən məşəqqətli bir dövrə start verildi.

Həmin dövrdə Özbəkistanda bu irimiqyaslı istintaq prosesinə start verilməsi iki səbəbdən idi, Rusiya mənbələrinə görə, bunun birinci səbəbi hakimiyyətə yenicə gəlmiş Andropovun keçmiş KQB rəhbəri olması idi, Andropov Özbəkistandakı korrupsiya halları barədə kifayət qədər məlumatlı idi. İkincisi isə, Andropovun ovaxtkı Özbəkistan rəhbəri Raşidovla yaxşı münasibətlərinin olmaması idi.

Şahid ifadələrinə görə, Andropov zəng edib Raşidova deyirmiş: -Şaraf, 3 milyon ton pambıq olacaq? Bax a, başınla cavabdehsən.

Raşidov da cəmi 500 min pambıq tədarükü gücünə malik bir respublikada bu 3 milyonu yaratmaq üçün müxtəlif təşəbbüslərə əl atmalı olurdu.

1983-cü ilin yanvarında Andropov Raşidova şifahi töhmət verib istefa ərizəsi yazmasını tələb etdi, lakin Rəşidov ərizə yazmadı. Fevralda Andropov Rəşidova qarşı açıq hücuma keçdi, Kommunist Partiyası Siyası Bürosunun Özbəkistanda pambıq işi ilə bağlı istintaq işinə başlaması barədə qərarını imzalatdı, SSRİ Prokurorluğuna təcili komissiya yaradıb əməli işə keçmək tapşırıldı. SSRİ Prokurorluğunda bu sahəyə Prokurorluğun istintaq bölməsinin rəisi Q. Qaragözöv kuratorluq edirdi, milliyyətcə erməni olan bu şəxsin məhz erməni Qdlyanı istintaqın başına qoyması buradan qaynaqlanırdı.

1983-cü ilin 31 oktyabrında Özbəkistanın rəhbəri Şaraf Raşidov evinə gedib özünü güllələdi.

Şərəf Rəşidovun ölümündən sonra pambıq işi daha geniş vüsət aldı, öz əlaqələri ilə birtəhər Kremlin müstəntiqlərinə sinə gərən Rəşidovdan sonra özbək xalqı hardasa arxasız və yiyəsiz kimi göründü, Kremlin yeni təyin etdiyi rəhbər – Usmanxodjaev təbii ki, Rəşidov kimi qarşıdurmaya gedə bilməzdi. Həmin dönəmdə Qdlyan da istintaqda hakimi-mütləq ampluasını qazana bildi.

Növbəti arayışı – sonrakı dövr barədə məlumatları digər ekspert oxudu:

-Özbək işi 1989-cu ilə qədər davam etdi. Özbəkistanın pambıqtəmizləmə sənayesi naziri B. Usmanov, Buxara vilayəti OBXSS-inin rəisi Muzaffarov ölüm cəzasına məhkum olundular, birinci katib Usmanxojayev, öncəki ölkə rəhbəri Brejnevin kürəkəni – ölkə hüquq-mühafizə sistemində Özbəkistan üzrə kuratorluq edən general-polkovnik Çurbanov, MK katibləri Salimov, Abdullayev, Daşkənd, Fərqanə, Namanqan, Qaraqalpaq və Surxandarya vilayət partiya komitələri katibləri Musaxanov, Umarov, Radjabov, Kamalov və Karimov, Özbəkistan Nazirlər Sovetinin sədri Xudayberdıyev, respublika DİN generalları Yaxyayev, Norov, Norbutaev, Djamalov, Satarov və Sabirov həbs edildilər. İstintaq vaxtı yüksək post tutanlardan Erqaşev, Davıdov və Qaipov intihar etdilər.

Özbəkistan xalqına əsl divan tutulurdu, həbs edilənlərin qohum-əqrabaları, ailə üzvləri təzyiqə məruz qalırdı, istintaq altında olanlara qarşı şantaj, zor tətbiqi kimi iyrənc üsullara əl atılırdı, bütün xalq təhqir olunurdu. Qdlyan külli miqdarda rüşvət alır, istintaq altına saldığı hər kəsdən ev-eşiyini satıb ona milyonlar ödəməsini tələb edirdi, bu barədə artıq Moskvaya da siqnallar çatırdı. Təsadüfi deyil ki, Kremlin hesab soracağını bilən erməni müstəntiq oradakı yüksək rütbəliləri də dolaşdırmaq, ən azı adlarına qara yaxmaq istəyirdi ki, ona ittiham səsləndirənlər, məsələn Liqaçovun dili gödək olsun. O, Qorbaçova yazdığı raportunda Liqaçovun, Qrişinin, Romanovun və digər Mərkəzi Komitə rütbəlilərinin özbəklərdən rüşvət alıb onların korrupsiya əməllərinə göz yumduqlarını iddia edirdi.

1991-ci ilin 25 dekabrında müstəqil Özbəkistanın rəhbəri İslam Karimov “Pambıq işi” ilə bağlı bütün həbsdə olanların azad edilməsi barədə qərar verdi. Müstəqil Özbəkistanın rəsmi dairələri 80-ci illərdə respublikada baş verənləri Kremlin “korrupsiya ilə mübarizə” adı altında özbək xalqına qarşı yönəlmiş bir aksiyası elan etdi.

Baş Hakim ekspertə minnətdarlıq bildirib zəruri bir əlavə etdi:

-Biz dəyərli ekspertlərimizdən “Niyə bəs Özbəkistan” sualına cavab aldıq. Amma həmin suala başqa bir cavabı isə yazıçı-tarixçi Fyodr Razakovun “Politbüroda korrupsiya. Qırmızı özbəyin işi” adlı əsəri verir. Buyurub diktorlar oxusunlar.

Xanım diktorlardan biri səhnəyə çıxıb kitabdan bir parçanı oxumağa başladı:

-“1982-ci ildə SSRİ rəhbəri Leonid Brejnev çox qoca və xəstə idi. Noyabr ayında Mərkəzi Komitə Plenumu çox vacib kadr dəyişikliklərinə rəvac verməyi planlaşdırırdı. Bunlardan biri – Politbüroya müsəlman liderin irəli çəkilməsi idi. Hətta Brejnev özünü yalnız partiya lideri kimi saxlayıb ölkə idarəçiliyini yeni liderə ötürmək istəyirdi, bu liderin də Şaraf Raşidov olacağı ehtimalı var idi. Brejnevin son səfərlərini müsəlman Bakısından sonra müsəlman Daşkəndinə eləməsi məhz bu səbəbdən idi. Gözlənilmədən məhz plenum ərəfəsində Brejnev vəfat etdi. Şaraf Raşidov Orta Asiyanın müsəlman liderləri arasında ən nüfuzlusu idi, 22 il idi ki yüksək postda əyləşmişdi, öz şansını gözləyirdi. Onun Hindistan, Pakistan, İran və İrak rəhbərləri ilə, bütün müsəlman dünyası rəhbərləri ilə gözəl münasibətləri var idi. Raşidovun Kremlə yolunu kəsmək lazım idi, Kremldəki qərbə yönümlü kadrlar bu avtoritar müsəlman kommunistinin qələmini qırmaq barədə düşünürdülər. Qərbyönümlülərin ideoloqu isə Andrey Yakovlev idi, bu şəxsi Amerika kəşfiyyatı satın almışdı, bu faktdır. Yakovlev 1959-cu ildə ABŞ-ın Kolumbiya Universitetində stajirovka aparanda xüsusi xidmət onu “verbovka” etmişdi. Sonradan Qorbaçovun hakimiyyətə gətirilməsi, SSRİ-nin dağıdılması da məhz bu ideoloqun dəst-xətti ilə həyata keçirildi. Beləliklə, Raşidova görə Özbəkistan qorxunc bir plana qurban getdi. SSRİ-nin pambıq səltənətini yoxlamaq, orda korrupsiya faktları tapmaq və Raşidovu həbs eləmək  - “pambıq işi”nin kökündə məhz bu dururdu. Telman Qdlyanın – milliyyətcə erməninin istintaqın başına gətirilməsi isə çox yəqin ki, erməni-türk düşmənçiliyinin effekt verəcəyini, Qdlyanın daha sərt və daha qaniçən obrazda özbəklərə divan tutacağına hesablanmışdı.

Şaraf Raşidova qarşı kompromat toplamaq çətin idi, Qdlyanın desantı hər cür imtiyaz almaqla Özbəkistanda istədiyini eləsə də Şarifovu konkret ittiham etmək mümkün olmurdu. Qdlyan o dönəmdə Özbəkistanın 1-ci katibindən də səlahiyyətli idi, o Özbəkistanın şahı, Allahı idi. Amma yenə də Raşidovu  aşağılamaq imkanı əldə edə bilmirdi. Mənim arxivimdə bir material var. Bir müstəntiqin xatirələridir. O, Qdlyan qrupunda idi, amma yarım ilə qrupdan qaçmışdı, çünki Özbəkistanda törədilən qanunsuzluqlardan qorxubmuş, yazırmış ki, insanlar məhkəməsiz və istintaqsız həbs olunur.

Bilirsiniz, özbəklərdə belə bir məsəl var, deyirlər zaman çayda ən təmiz suları saxlayır, şirkab axıb gedir. 1992-ci ildə Şaraf Raşidovun cinayətkar damğası üstündən götürüldü, ona Daşkənddə abidə də qoyuldu. Bu, həm də rəmzi idi, korrupsioner Raşidovun bəraəti deyildi, pambıq işi adı altında ləkələnən on minlərlə özbəyin, bütövlükdə isə tolerant, əməksevər, düzgün, sadə özbək xalqının bəraəti idi.”

Nəhayət Baş Hakim saatına baxıb prosesin yekunlaşmalı olduğunu anladı, son olaraq mühakimə olunana bir sual tuşladı. Həqiqətən kəskin və kəsərli sual idi, insanlara sual verib gözlərinə baxaraq cavablarının doğru olub-olmadığını həmişə rahatca müəyyənləşdirən Qdlyan bu dəfə özü aldığı sualdan baxışını gizləməli oldu.

-Cənab Qdlyan, sizin həyat yoldaşınız Susanna Akopovna terapevtdir. Oğlunuz Martin Butırka istintaq idarəsinin rəis müavini, qızınız Anjela da Moskva Baş əmlak idarəsinin hüquq şəbəsinin müdiridir, uşaqlarınızın hər ikisi sizin yolunuzla gedir. İndi sizə bir sual verək. 1989-cu ildə SSRİ Prokurorluğu “pambıq işi”ndəki əməllərinizdə cinayət tərkibi görüb sizə qarşı cinayət işi açmışdı, bax onda həbs edilsəydiniz, yaxud 1991-ci ilin avqustunda dövlət çevrilişi ilə bağlı həbs edildiyiniz məqamda həbsxanadabir gün deyil, daha çox saxlansaydınız necə olardı ki, həyat yoldaşınızı və uşaqlarınızı sizə qarşı ifadə vermək üçün həbsxanaya salaydılar? Bu sizə xoş gələrdimi?

Cavab əlüstü gəldi:

-Bu nə sözdür, əlbəttə ki yox.

-Bəs onda siz özünüz niyə Özbəkistanda onlarca insanı həmin vəziyyətə salmışdınız?    

Qdlyan cavab tapmaq üçün dərin fikrə qərq oldu.

 

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2023)