GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Rəhim Təkindən “Cəhənnəm” şeiri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Rəhim Təkinin  şeirlərini təqdim edir. 

 

Şair, yazar, ingilis dilinin mütərcimi Rəhim Təkin adı ilə tanınan Rəhim Əsgərzadə, 1986-cı ilin may ayının 2-də Marağa  şəhərində anadan olubdur. 12 yaşından ədəbiyyata olduğu marağı üzə çıxıb, ali məktəb təhsili alıb, indi isə sevgi ilə, diqqət ilə içindən coşan duyğuları qələmə alır.

 

 

CƏHƏNNƏM

 

Behişti bilmirəm,

Amma düz deyirmişlər,

Cəhənnəm elə bu dünyadadı,

Mən cəhənnəmin bacasından baxmışam.

 

Bir qış gecəsi idi,

Körpünün altında bir qızcığaz

Yatağı cəhənnəmə açılan qapı.

Bir təlisi üstünə çəkib

Cəhənnəmin qapısını örtdü…

 

Sonra

Bacaqları

Dənizdən qırağa düşən

Bir cüt qızılala,

Səhərə dək baxdım,

Can verə bilmədilər.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)