QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

Rate this item
(0 votes)

 “Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

54-CÜ DƏRC

 

Ermənilər əyləşən sıradan vəkil söz alıb söylədi:

-Bu şəxslər uydurma şəxslər də ola bilər. Mən vəsadət qaldırıram ki, bu şəxslərin həqiqətən mövcud olduqlarını və qeyd edilən vəzifələri daşıdıqlarını Divan sübut etsin.

Dərhal ekspertlər masasında qarışqa işgüzarlığı ilə kağız-kuğazı qurdalayıb monitora deyilən şəxslərin fotolarını, sənədlərinin kopyalarını, iş və yaşayış yerlərindən arayışları çıxartdılar. Paralel olaraq da alman ekspert çıxışını davam etdirdi:

-“Həmin bu şəxslər Qdlyanı özbək xalqına qarşı törədilən misilsiz cinayətlərdə ittiham edirdilər. Belə ki, müraciətçilərin fikrincə, Qdlyanın başçılıq etdiyi istintaq qrupu 1983-1989-cu illərdə özbək xalqına qarşı saxta ittihamlarla əsl terror həyata keçirmişdi. Tarixdə “Pambıq işi” kimi qalan bu prosesdə hətta qanunsuz həbs etdikləri məmurların, əməkçilərin sonradan həyat yoldaşlarını və uşaqlarını belə həbsxanaya salmışlar. Qdlyan və onun komandası neçə-neçə insanı özlərini öldürməyə məcbur etmişdir. Bu insan istintaqın özünəməxsus yeni formasını kəşf edərək bütün istintaqlarda hədə-qorxu, şantaj və təhqiretmələr tətbiq etdirmişdir.”

Bu yerdə Baş Hakim üzünü erməni sırasına tutub elan etdi ki, adıçəkilən şəxslərdən biri - tarixşi-publisist Şuhrat Salamov Divanın Telman Qdlyana yönəli prosesində əsas şahid və ittihamçı qismində iştirak edir. Söz ona verilir.

Xoş simalı özbək Şuhrat Salamov kürsüyə çıxdı, özbək mehribançılığı və səmimiyyətiylə dolu yüngül təzimlə hamını salamlayıb səsini arıtlayaraq nitqinə başladı:

-Hörmətli Divan heyəti, hörmətli tamaşaçılar. Mən Özbəkistanın kifayət qədər  tanınmış tarixçisi, publisisti və ictimai xadimiyəm, Şuhrat Barlas təxəllüsü ilə kitablarım çıxır. Lap bu yaxınlarda  “Daşnaklar Fərqanədən Qarabağa qədər” adlı kitabımın həm Özbəkistanda, həm də bir neçə qardaş ölkədə təqdimat mərasimi keçirilib, kitabım universitetlərə paylanıb. Həmin kitabın mövzusu əsasında eyniadlı sənədli film də çəkilərək tamaşaçıların ixtiyarına verilib. Mən kitabda 300-ə yaxın mənbədən istifadə etmişəm. Düşünürəm ki, bu kitabı tirajlayıb, bütün universitetlərə verməliyik. Ermənilərin türklərə qarşı törətdikləri ağlasığmaz hadisələri, faciələri yetişən gənclik öyrənməlidir. Bu faciələr təkrarlanmasın deyə bu tarixi dərindən öyrənməliyik. Fərqanədə başlayaraq Özbəkistanın müxtəlif yerlərində ermənilərin törətdiyi faciələr hamısı bizim faciədir.

Natiq azacıq pauzadan sonra nitqinə davam etdi:

-Kitabımda Özbəkistanın tanınmış tarixçilərinin Türküstan hadisələri ilə bağlı çıxışları yer alıb. Filmdə Türküstanda ermənilərin özbək xalqına qarşı törədilən soyqırımı ilə yanaşı, 1918-ci ilin mart ayında Bakıda, Qubada və Azərbaycanın digər regionlarında daşnakların törətdiyi qətliamlar, talanlar, habelə ötən əsrin sonlarında azərbaycanlıların Ermənistandan deportasiyası, Qarabağda başlanan işğalçılıq və etnik təmizləmə siyasətindən də ətraflı bəhs edilib. Ümumilikdə, rəsmi məlumatlara görə ermənilər təkcə 1918-ci ildə Fərqanə vadisində 35 min özbəyi qətlə yetirib. Bu, mənim xalqımın tarixinin ən qara səhifəsidir. Ötən əsrin 80-ci illərində erməni müstəntiq Telman Qdlyanın mənim vətənimdə törətdikləri isə bu soyqırımının məntiqi davamıdır.

Şuhrat Salamovun çıxışından sonra Baş Hakimin xahişi ilə Özbəkistan–Ermənistan münasibətlərinin hazırkı durumu barədə vəd edilən arayış səsləndirildi. Ekspert arayışı şərhlər verə-verə təqdim etdi:

- “Özbəkistan və Ermənistan arasındakı mövcud ikitərəfli münasibətlər barədə onu deyə bilərik ki, münasibətlər əsla dost münasibətləri kateqoriyasına aid edilə bilməz. Düzdür, hər iki ölkə bir-birini müstəqil dövlətlər və dünya birliyinin tamhüquqlu üzvləri kimi tanıyırlar. Ölkələr arasında diplomatik münasibətlər 27 oktyabr 1995-ci ildə qurulmuşdur, Moskvanın təklifi və vasitəçiliyi ilə ortaq protokol Moskvada imzalanmışdır. Hər iki dövlət 1991-ci ilin ikinci yarısında de-fakto və ya rəsmi müstəqillik əldə etdikləri SSRİ tərkibindəki keçmiş ittifaq respublikalarındandır deyə, yalnız rəsmi Moskvanın təsir rıçaqları nəticəsində diplomatik münasibətlər kağız üzərində olsa belə, hər halda vardır. Amma ermənilərin özbək xalqının başına açdığı oyunlar müstəqil Özbəkistanda örnək sayıldığından, tərəflərin bir-birinin ərazilərində birbaşa səfirlikləri və ya digər nümayəndəlikləri yoxdur. Ermənistan Özbəkistan Respublikasının Rusiya paytaxtı Moskvadakı səfirliyinin konsulluq bölgəsinə daxil edilmişdir.

SSRİ dağılandan bəri iki dövlət arasında vizasız rejim mövcuddur. Özbəkistan vətəndaşları Ermənistanda vizasız 180 gün, Ermənistan vətəndaşları isə Özbəkistanda 90 gün qalmaq hüququna malikdirlər. 2018-ci ilin nəticələrinə görə cəmi 1529 nəfər Ermənistan vətəndaşı Özbəkistana səfər etmişdir. Bu, Ermənistan vətəndaşlarının Azərbaycan istisna olunmaqla postsovet məkanında ən az səfəretmə göstəricisidir.”

Baş Hakimin “Bəs Özbəkistanda nə qədər erməni və müvafiq olaraq da, Ermənistanda nə qədər özbək yaşayır” sualını ekspert  dərhal cavablandırdı:

-Təbii ki, Ermənistan əsasən monoetnik dövlətdir, bu səbəbdən özbək diasporu bu ölkədə praktik olaraq yoxdur, Ermənistanda hazırda bir nəfər olsun belə özbək yaşamır. Sovet dövründə on minlərlə etnik erməni əsasən Ermənistan SSR-dən respublikanın iqtisadiyyatının müxtəlif sahələrində işləmək üçün Özbəkistan SSR-ə köçmüş və ya göndərilmişdir. 2009-cu il statistikasına görə Özbəkistanda təxminən 70 min etnik erməni yaşayır. Beləliklə Özbəkistanda kifayət qədər böyük erməni diasporu mövcuddur. Özbək erməniləri əsasən Özbəkistanın Daşkənd, Səmərqənd və Buxara kimi şəhərlərində yaşayırlar. Daşkənddə Müqəddəs Filip Kilsəsi, Səmərqənddə isə Müqəddəs Məryəm Erməni Kilsəsi fəaliyyət göstərir.

Baş Hakim iqtisadi əlaqələr barədə də bilgi verilməsini xahiş edəndə bu bilgilər səsləndirildi:

-2014-cü ilin sonunda Özbəkistan və Ermənistan arasında ticarət dövriyyəsi cəmi 3,6 milyon dollar təşkil etmişdir. 2016-cı ilin sonunda ölkələr arasında ticarət 3,1 milyon dollar olmuşdur. Ermənistan ticarət dövriyyəsi baxımından Özbəkistan üçün Zaqafqaziyanın axırda gedən ölkəsidir. Ermənistandan Özbəkistana daha çox siqaret və konyak – zərərli maddələr ixrac olunması da bəlkə talenin ironiyasıdır.

Və ən nəhayət, bu informasiya səsləndirildi:

-İki ölkənin prezidentlərinin və ya baş nazirlərinin bir-birlərinə dövlət və ya rəsmi səfərləri heç baş verməmişdir. 2015-ci ilin fevral ayına olan məlumata görə Özbəkistan və Ermənistan arasında bu illər ərzində cəmi beş müqavilə və iki protokol imzalanmışdır.

Baş Hakim Qdlyana ünvanladığı sualını düz üç dəfə təkrarlamalı oldu. Qdlyan özünü eşitməzliyyə vurub cavabdan yayınmaq istəyirdi sanki.

-Cənab Qdlyan, siz 1918-ci ildə Fərqanə vadisində erməni daşnakları tərəfindən özbəklərin qətliamı barədə xəbərdarsınız?

Üçüncü dəfəsində Qdlyan “xeyir” cavabını verdi.

-Sizin türk xalqlarına aid olan özbəklərə əvvəlcədən patoloji nifrətiniz olub, yoxsa bu nifrət proses zamanı formalaşıb?

Qdlyan “Mən bu təxribatçı suala cavab vermək istəmirəm” söyləyərək prosesdən şikayət edəcəyini bildirdi. Hətta gözlərindən hiyləgərlik  sezilə-sezilə “Özbək hara, türk hara? Bunların hansı yaxınlığı ola bilər axı? Özbəyə yaxın qazax ola bilər, türkmən ola bilər. Ancaq türk isə ola bilməz. Yalançı bir türkçülük ideologiyası yaradırlar” deyərək suları bulandırmağa çalışdı.

Belədə Baş Hakim ona belə bir sual ünvanladı:

-Özbək işində hansı meyarlara əsaslanırdınız?

Telman Qdlyan sualın cavabında yenə də konkretlikdən vaz keçdi:

-Demək, biz Özbəkistanda bütün müştərilərimizi həbs etdikdən sonra, ən sonuncu olaraq respublikanın 1-ci katibi idi onun işini bitirdik, özbəklərlə qurtarıb keçdik Moskva rüşvətxorlarının həbsinə, o şəxslərə ki, özbəklərin korrupsiya əməllərinin bir ucu gəlib onlara çatırdı. Həmin məqamda da Mərkəzi Komitə narahat olub bizim istintaq qrupunun ləğvini istədi. O vaxt KQB bizim danışıqları dinləyirdi, onlar tam məlumatlı idilər ki, biz Mərkəzi Komitədə kimlərin üstünə gedəcəyik, əlbəttə ki, buna yol verə bilməzdilər. Beləcə, imkan vermədilər ki, Özbəkistanda qopardığımız rüzgarı Moskvada da qoparaq.

Növbəti sual yaşlı hakimdən gəldi:

-Cənab Qdlyan, siz Özbəkistanda istintaq altında olan insanlardan külli miqdarda pul tələb edirdiniz, yüzlərlə şahid ifadəsi ver.

Qdlyan dik atıldı:

-Şər-böhtandır. Əlimdən yanıqlı olan kəslər sadəcə məni şərləyiblər. Mənim şərəfli müstəntiq adım var.

-Bəs onda siz niyə istintaq altında olan şəxsləri müştəri adlandırırsınız?

-Mən? Haçan, harda? Əsla belə şey olmayıb.

-Necə olmayıb? İndicə siz bu prosesdə “biz Özbəkistanda bütün müştərilərimizi həbs etdikdən sonra” ifadəsini işlətdiniz.

-Mən? İşlətməmişəm. Burdan bura mənə şər atırsınız.

Monitorda az öncə Qdlyanın ifadə verməsi anı göstərildi. O, özünü “müştəri” sözünü işlətdiyi anda elə təəccüblə süzdü ki, sanki özü deyildi, bir başqasıydı kadrdakı.

-Montajdır, - deyə yerindən səsləndi, auditoriyaya gülüş qondu.

Qdlyan məşhur rus məsələni çəkdi :”Yerində tutulmadın, demək oğru deyilsən”.

Bu vaxt yaşlı hakim Qdlyana “Çox məkrlisiniz. Mən indi təsəvvür etdim, sizin istintaq altında olan insanlara necə qan uddurulurmuş” deyə irad bildirib 2017-ci ildə Qdlyanın Azadlıq radiostansiyasına verdiyi müsahibənin sayt stenoqramını göstərdi, Qdlyan eynən indiki kimi istintaq altında olanlara “müştəri” deyərək müraciət edirdi.

Bu məqamda Qdlyan baxışlarını hamıdan yayındırdı, yaşlı hakim isə hücum taktikasını davam etdirdi:

-Bəli, biçarə özbəklər sizinçün müştəri idilər, kimin pulu var idisə zor gücünə, şantajla adına cinayətkar adı yapışdırıb təhdid edir, pul tələb eləyirdiniz. Bir sual verim. Niyə o vaxt Əndicandan olan Usmanov dərhal güllələndi, amma daha böyük cinayətdə əli olan Adılova heç məhkəmə belə qurulmadı?

Qdlyan azacıq düşünüb suala belə bir cavab verdi:

-Çünki Adılov birinci katib Rəşidovun dostu idi, Rəşidov onu müdafiə edirdi.

Yaşlı hakim prosesə ciddi hazırlaşdığını dərhal büruzə verdi:

-Yalan danışırsınız, cənab Qdlyan. Rəşidovun istintaqa təsir imkanı sıfıra bərabər idi, hətta onun özünü intihara məcbur etdiniz. Siz özbək xlqından milyonlar yığdınız, o bir hissəsini Moskva televiziyasına nümayiş etdirdiyiniz qızıl təpəciyi var idi, həmin süjeti az öncə tamaşaçılarımıza da göstərdik, bax o təpəciyin üç o boydasını özünüzə götürmüşdünüz. Sonrakı biznes fəliyyətiniz, şirkətlər, daşınan və daşınmaz əmlaklar, övladlarınızın xarici universitetlərdə təhsili, yüksək mənsəb yiyələri olmaları... Bütün bu imtiyazları qanını sorduğunuz özbəklərin hesabına əldə etmisiniz. Ona görə özbək xalqı hələ də sizi bağışlaya bilmir, ona görə də yenidən sizin cəzalandırılmağınızı gündəmə çıxarıblar.

Qdlyan nisbətən asta templə...

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)