BİRİ İKİSİNDƏ - Furqan Sadıqın şeirləri Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə -  Furqan Sadıqındır.

 

 

***

 

müharibə bitəndə

dostunun qanı tökülmüş

torpağı

evə aparan

qazi,

heyif ki,

onu çərçivələyib

evin divarından

asa bilməz

şəkil əvəzi...

 

 

***

 

ölməsəm,

yoxa çıxsam da olar bir gün,

məsələn, itkin düşsəm,

heç vaxt tapılmayıb unudulsam!

oğurlasa məni

orqan mafiyası –

orqanlarımı

vecinə almasa,

ölkənin daxili orqanları...

...ölməsəm,

yoxa çıxsam da olar bir gün...

 

 

***

 

ağac deyil

bu bina,

meyvə deyil

balkondakı o adam,

yarpaq deyil

ipdən asılan paltar,

külək deyil

o adamı titrədən...

 

 

***

 

qazarkən

tərimin axdığı

səngərdə

qanı axan şəhidlə

qan qardaşı

sayılırammı mən?!

 

 

***

 

oğlunun ölümündən

daha çox

bilirsinizmi

nə yandırır onu?!

bilsəydi ki

son dəfə danışır,

heç söndürərdimi

telefonu?!

 

 

***

 

1.

 

yolun qırağında ağac var,

əynimə geyinmişəm, yaraşıb.

kölgəsində oturub

gövdəsinə söykənmişəm,

qarışqalar bədənimə daraşıb.

heç hara tələsmirəm,

heç kim məni gözləmir.

hava həlim, ilıqdı,

yolun qırağında ağac var,

kim əkibsə, sağ olsun,

yol isə ayrılıqdı,

kim çəkibsə, sağ olsun.

bir maşın keçir yanımdan sürətlə,

toz olur!

 

2.

 

ağlımda heç nə yoxdu,

bir-iki qafiyə var,

şeir quraşdırıram.

yox, yox, ağlımda kimsə var,

ya da qarışdırıram.

ağac da gülür buna, yellənir,

yol gülmür, uzağa yollanır.

qəfil bir hadisə baş verir,

təəccüblənirəm –

bir maşın keçir şeirin içindən,

söz olur!

 

3.

 

bir rəssam lazımdı,

fırçayla, boyayla

bu rəsmi çəksin,

bilirəm,

bir maşın keçəcək rəsmin içindən,

ağac maşına oturub gedəcək,

qalacam tək!

dizimə döyüb deyəcəm:

mənə nə olursa,

az olur!

 

 

***

 

cənablar!

nə olar,

VƏTƏN sözünü

bu qədər

israf etməyin!

axı mən

V hərflərindən

quşatan düzəltmək istəyirəm...

 

 

***

 

üzündən oxunan həyatın

içində yazılan nədi ki?

qış ömrü yaşayan şairin

şeirində yaz olan nədi ki?

 

kim oldu yuxumu dağıdan?

qaralır gözümün ağı da...

yatmadan gördüyüm yuxuda

tərsinə yozulan nədi ki?

 

qulağımda susan səslərdən

mən, bir musiqi bəstələ!

deyəsən, segahdı bu yetim...

...və ona züy tutur həsrətim!

bilmirəm nə qədər gözlədim...

soruşma gözləmək nədi ki?

heç nədi...

mənimçün heç nədi...

 

üzündən oxunan həyatın

içində yazılan nədi ki?

çölümdə səssizlik, sükunət...

içimdə əzilən nədi ki?!

 

 

 “Ədəbiyyat və incəsənət”

(04.11.2023)