Taleh əminin bir şeiri - XATİRƏ

Rate this item
(0 votes)

Şəlalə Hüseynova

 

“Ədəbiyyat və incəsənət” portalı Xatirə rubrikasında Şəlalə Hüseynovanın mərhum şair Taleh Həmid barədə xatirəsini təqdim edir. 

 

Beşinci, ya altıncı sinifdə oxuyardım. Taleh əminin bu şeirini əzbərləyib güzgü qarşısında pafosla danışanda atam eşitmişdi. Taleh əmi bizə gələndə çağırdı, dedi əminin həminki şeirini oxu. Oxudum, kövrəldi. Məni bağrına basdı. 

Atamın qəbri üstündə bənövşə bitməsə də, hər ziyarətdə bu şeiri və Taleh əmini xatırlayıram.  

 

BƏNÖVŞƏ

 

Atamın qəbri yanında bənövşə bitmişdi. 

 

Sən bu dərdi çəkəmməzsən,

Burdan uzaq qaç, bənövşə.

Dünya dolu çöl-çəməndi

Get birində aç, bənövşə.

 

Gəl sındır bu inadını

Dadma həsrətin dadını.

İpək kimi qanadını

Yaralayar daş, bənövşə.

 

Bilmə mənim çəkdiyimi

Ağrı görmə ağrım kimi

Əllərimlə əkdiyimi 

Qurudubdu yaş, bənövşə.

 

Sən ömrünün bu yaz çağı

Eşidəsən niyə ağı?!

Görürsənmi bax, o dağı?

Get, o dağda bit, bənövşə. 

 

Ürəyim dolub, gəlmişəm,

Yaman çağlamağım gəlir.

Yazın bu xoş vədəsində

Bir az ağlamağım gəlir

Qulağını tut, bənövşə....

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)