BİRİ İKİSİNDƏ – Fərid Hüseynin şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Fərid Hüseynindir.

 

 

 

 

Fərid HÜSEYN

 

 

DAŞ QAZAN

 

Yanmış kibrit çöplərinə baxıram:

başından kül olmağın kədəri bürüyür könlümü...

Həyat sonda ayaqlarımızın dibinə gömür işığımızı –

eynən kibrit çöpləri kimi...

 

Sevdiyim şeirləri qalın kitablara sürgün eləyiblər,

Bir də onları axtarıb tapmağa vaxt nə gəzir?

Oğlumun gözlərindən başqa

surətim hər yerdə kiçilir.

 

Ölüm ayağındaymışam kimi

itirib bütün mənasını sirlərim.

Qəlbimin daşlığında boğuldu

tumar çəkməyə həsrət əllərim.

 

Könlümdə qiyama qalxıblar

dilimdəki qullar...

Sizə ölüm yoxdur, ey unutmadıqlarım...

Daş qazandır yaddaşım – gec qızar, gec soyuyar.

 

 

TALE YORĞUNU

 

Çoxumuz yorulduq taleyimizdən,

çünki gec gələn sevincə yer saxlamamışdı təəssüf.

Bir-birini yaxşı tanımaqdan xəstə düşmüş

insanlara necə kömək əli uzadasan?

Qaralmış üzlərə baxmaqdan

qançır olmuş bəbəklərin əllərindən

matəm yaylıqlarını hansı haqla alasan?

 

Axar sular surətlərimizi

korların qabağına tökdü,

heç kəs tanımadı bizi, dünya!

Özünü də itirdin, bizi də...

 

Gecəni gözləməkdən qaranlığa qarışdıq, dünya.

Qiyamət gününə qurulmuş saatlar yatdı.

Cavabsız suallarda sözləri kim düzdü bir-birinin yanına?

Qəbirlərin arasındakı bir adamlıq cığırları kim saldı?

On bir iqlim qurşağından kim tor atdı nəfəsimizə?

Ananın qocalmasıyla barışmaq üçün

onu nənəmizə bənzətməyi kim öyrətdi bizə?

Yalana şeir donu biçənlərin parçasının pambığı

ölü dillərin kəfəni deyildimi?

Səni tanıyandan sonra

kitabların üz qabağının hasarından

həqiqət çökəkliyinəyıxılmağa alışdıq.

Yarlı-yaralı su içdik, dünya! –

Özünü də öldürdün, bizi də!

 

 

“VƏFA” SÖZÜNÜ İLK DƏFƏ EŞİDƏRKƏN…

 

Eşitdim qovulmusan yer üzündən,

amma çox qala bilməzsən getdiyin yerdə,

qayıdacaqsan qəlbinin ardıyca.

Qayıt, yer tap özünə öz ömründə...

 

Dilindən “Allah” sözü düşməyən bir riyakarı

bir topa pulu sayarkən görmüşdüm.

Əllərinin sürəti ilə

gözlərinin ehtirasının toqquşduğu yerə baxmışdım.

Orda Allahdan əsər-əlamət yox idi.

 

Sən ki “vəfa” sözünü eşidəndə

qulaqlarını tutub qaçan adamsan...

Yerini yaxşı bilirəm.

Pul sayanların əllərinin sürəti ilə

gözlərinin ehtirasının toqquşduğu yerdəsən.

Ən doğma günlərin dərdinə arxa çevirmisən,

yox olmusan,

gücünü arsızlıqdan alan zamana yoluxmusan...

 

 

CƏSARƏT GİLEYİ…

 

Bu dəfə bircə sən yox idin həmişəki görüşdə

və hər şeyin əvvəlki kimi olması

yaman üzdü məni,

sanki qorxaqcasına

səni unutmağımızı bayram edirdi işıqlar,

sənsə zülmətin zəncirləri arasından bizə baxırdın.

 

Kaş bu dəfə məclisdə nəsə çatışmayaydı,

kimsə gəlməyəydi,

birimizin halı pisləşəydi,

amma olmadı.

Dostlar şərab süzdü

və hər şeyin əvvəlki kimi olması

məni yaman üzdü.

 

Sənin baş qəhrəmanı olduğun

lətifəni danışdılar adını çəkmədən,

arsız gülüşlər arasında əridin ağız boşluğumuzda.

Badə səsləri əvvəlki ahəngiylə qarışdı bir-birinə

və mənim bağrımın başı göynədi

hər şey əvvəlkitək davam etdiyinə görə.

 

Sonra sənin yoxluğunla sağollaşmadı heç kəs –

dağılışdıq evə.

Mənsə üzümü qaranlığa tutub pıçıldadım:

xatirələrini halal elə.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)