“Dəyərli fincan” - HEKAYƏ Featured

Rate this item
(76 votes)

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Səhnə 1.

Əlindəki fincanı qucaqlayaraq küncə qısılmışdı. Bu dünyada hər kəsin dəyər verdiyi məfhumlar var. Kimisi üçün pul, kimisi üçün sağlamlıq, kimisi üçün eşq, qida və yenə də işləyib pul qazanmaq. Bunların hər biri bitər, gəldi gedərdi. Hətta fincandan içdiyimiz maye də bitər. Amma bir dəqiqə, əgər bu fincandan içdiyimiz su heç zaman bitməzsə və biz daima bu stəkandan yapışıb qalsaq? Amma bu fincanın daha bir sehrli özəlliyi də var, içindəki maye əsl istədiyini verərdi insana.

Elə küncə sıxılıb qalan adam da bu stəkandan yapışıb divara söykənmişdi. Onu dünyada ən dəyərli edən şey heç zaman tükənməz və hər kəsə əsl istədiyini verərdi.

Fincanın içindəki araq bu sərxoşu dəli edəcəkdi. Hər dəfə olduğu kimi öz-özünə söz verirdiki, "bu qədəhi də içib qurtarsın, bir daha ona yaxın getməyəcək". Ancaq olmurki, olmur, stəkanın içindəki maye heç bir zaman bitib tükənmək bilməzdi.

 

Səhnə 2.

Əlində körpə uşağı tutan qadın öz taleyinə lənət oxuyuraq fincanı axtarmağa çalışırdı. Otağa daxil olub küncə qısılmış ərini gördü. "sənə gəldiyim günə lənət!" deyərək ərinə yaxınlaşdı və əlini fincana uzatdı. Taqətsiz kişi nə qədər qışqırıb yalvarmağa çalışdısa da, əlindəki fincanı özündə saxlaya bilmədi. Fincan onun barmaqlarının arasından çıxıb qadının əllərinə gəldi. Uşaq ac olduğu üçün ağlamağa davam edirdi. Qadın fincanın içindəki şampanı gördü. Bəzən bu şampan şəraba çevrilib qadının ağlını başından almağa çalışırdı.

Amma nə üçünsə qadın əlindəki fincanı körpə uşağına uzatdı. Uşaq içində süd ilə dolu stəkanı acgözlüklə içərək qarnını doyuzdurmağa başladı.

 

Səhnə 3.

Gecə olduğu zaman qadın öz yatağına uzanaraq fincandakı şərabı içirdi. Hər içdiyi tükənməz qədəhlə keçmişi yadına salaraq gözlərindən yaşlar axıdırdı. Bu zaman pəncərənin döyüntüsünü eşitdi və özünə arxayın, lakin sakit addımlarla ora doğru yaxınlaşdı. Pəncərəni açaraq bayırdakı oğlanı içəri aldı. Oğlan qadının əlində tutduğu şərabdan içərək onu yatağa doğru sürüklədi.

 

Səhnə 4.

Səhər açıldığı zaman oğlan əlində tutduğu fincanı oğurlayaraq evdən qaçdı. Yorulduğu zaman dayanıb əlindəki fincandan bir qurtum içib təkrar qaçmağa davam edirdi. Sanki bu gənc oğlanın fincanında protein vardı. Ola bilsin bu stəkanın içinə bir az da qadının qəlbi, hissləri və kədəri əlavə olunmuşdu. Amma oğlan buna məhəl qoymadan əlindəki fincandan bir qurtum içərək qaçmağa davam edirdi. Yəqin ki, o oğlan da vaxtı gəldiyi zaman namuslu saydığı bir qızla evlənəcəkdi.

 

Səhnə 5.

Polislər oğlanı tutub bölməyə gətirdi. Oğlan qadının hisslərini oğurlayaraq qaçmışdı. Amma polislər üçün bu önəmli deyildi. Önəmli olan oğurlayıb qaçdığı fincanı idi. Fincanın içinə əllərini uzadaraq oradakı kağız pulları çıxartmağa davam edirdilər. Bu gün polislərin qarnı doyacaq.

 

Səhnə 6

Artıq polislər bu fincandan yetərincə yemişdilər. İnsanların qarnı doyduqdan sonra vəzifə və vicdanları yada düşür. 2 polis məmuru yaxınlaşaraq fincanı küçədəki əyyaşa uzatdı. Əyyaş nə qədər etsə də o fincanın içindən kağız pulları çıxarda bilmirdi. Fincan ağzına qədər qəpiklərlə doluydu. Yəginki o əyyaş bu qəpiklərlə doymalı idi.

 

Səhnə 7.

Evə gəldiyi zaman əlindəki fincanla birlikdə öz küncünə qısıldı və içməyə başladı. Bu dünyada hər kəsin dəyər verdiyi məfhumlar vardı. Kimisi üçün pul, kimisi üçün sağlamlıq, kimisi üçün eşq, qida və yenə də işləyib pul qazanmaq. Bunların hər biri bitər, gəldi gedərdi. Hətta fincandan içdiyimiz maye də bitər. Amma həyatımızdakı bu fincan heç zaman bitməz.

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)