POETİK QİRAƏTdə Barat Vüsalın “Sümüyümdən iliyiməcən” şeiri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” pprtalının POETİK QİRAƏT rubrikasında bu gün tanınmış şair, Azərbaycan Yazıçılar Birliyi Qazax şöbəsinin sədri Barat Vüsalın “Sümüyümdən iliyiməcən” şeiri təqdim edilir. 

 

Əyri olmamışam, olammaram da,

Düzəm, sümüyümdən iliyiməcən!

Tez-tez güzgülənən, nurlanan, aydın

Üzəm, sümüyümdən iliyəməcən!

 

Ünvanım özümdə, xanəm özümdə,

Dünyam-varlığımda, mənam-sözümdə.

Məni yazda doğub anam, özüm də

Yazam, sümüyümdən iliyiməcən!

 

Qanım qaynasa da, düz oğlu düzə,

İstilik versəm də, ocağa, közə,

Adama yovuşmaz buz oğlu buza,

Buzam, sümüyümdən iliyiməcən!

 

Canım para-para, yara-yaradır,

Bəzən heç bilmirəm hara haradır?

Yarpaqları deyil, məni saraldır,

Xəzan... Sümüyümdən iliyiməcən! 

 

Dostam məni məndən ala bilənə,

Könlümə limhalim dola bilənə,

Basıb öz bağrına çala bilənə

Sazam, sümüyümdən iliyiməcən!

 

Ay Barat, ruhumun gül nəfəsiyəm,

Mən niyə bu qədər ləl xəznəsiyəm?!

Mən başdan ayağa "Ol" kəlməsiyəm,

Sözəm, sümüyümdən iliyiməcən!

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)