QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

51-Cİ DƏRC

 

Sonra Baş Hakim dedi, gəlin internet axtarış resurslarında eksperiment üçün bir “Sumqayıt” sözü yazaq, görək nə çıxır. Qarşısındakı kompüterin göstəricilərini texniklər monitora yönləndirdilər. O, “Sumqayıt” yazdı, çıxan mətn avtomatik ermənicədən Axirət dilinə tərcümə edildi və hamı onu oxumağa başladı:

“1988-ci ildə baş vermiş Sumqayıt hadisələri 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş soyqırımın sanki davamıdır. Azərbaycanlılar ermənilərə qarşı olan qəddarlığı və nifrətinə görə türklərdən heç nə ilə fərqlənmirlər, əslində heç bir fərq ola da bilməz, çünki azərbaycanlılar türkdürlər. Sumqayıt - ermənilərin Azərbaycandan təhdid və terror yolu ilə birdəfəlik köçürülməsi planıdır.

Ermənilərin siyahılarının tutulması, müəssisələrdə soyuq silah (söhbət ilk növbədə, armatur çubuqlardan gedir) hazırlanması, talan günlərində şəhər rabitə qovşağı işçiləri tərəfindən telefonların kəsilməsi, bütövlükdə bir sıra məhəllə və mikrorayonlara elektrik enerjisinin verilməməsi, "istintaqa mane olmaqda davam edən uydurmalar" deyil, hadisələrdə üzdə olan faktlardır və onların nəzərə alınmaması istintaqı hakimiyyət tərəfindən nəzərdə tutulmuş dalana aparır.

Bunların izahını tarixdə, bəzi ideoloji və psixoloji həqiqətlərdə axtarmaq lazımdır. 1918-ci ildə Bakı şəhərində və 1920-ci ildə Şuşada törədilmiş erməni qırğını, yerli erməni əhalisinin Naxçıvan MSSR-dən müntəzəm surətdə sıxışdırılıb çıxarılması, milli zəmində tez-tez baş verən cinayətlər, bütün Azərbaycan Respublikası üzrə erməni əhalisinə qarşı daim və açıq-aşkar ayrı-seçkiliyin salınması, ermənilərin tarixi və memarlıq abidələrinin təhqir edilməsi, uşaqlıqdan ermənilərlə düşmənçiliyin təlqin edilməsi.”

Baş Hakim ikrahla söylədi:

-Ardını oxumayaq. Bir məsəl var, “Adımı sənə qoyum, səni də yana-yana qoyum”, bunlarınkı lap bu məsəldəkindəndir.

Sonra sözü ekspertlərə verdi. Ekspertlər Sumqayıt hadisələri barədə hazırladıqları arayışları təqdim etdilər:

“Arayış. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Azərbaycan SSR-in Sumqayıt şəhərində baş vermiş, nəticəsində 26-sı erməni, 6-sı isə azərbaycanlı olmaqla 32 nəfər həyatını itirmiş Sumqayıt hadisələrində 400-dən çox insan xəsarət alıb, 200-dən artıq mənzil talan edilib, 50-dən çox mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yandırılıb, şəhərə 7 milyon rubl və ya 10 milyon dollar məbləğində ziyan vurulub..

SSRİ Baş Prokurorluğu həmin cinayəti araşdırarkən 444 nəfər məhkəmə qarşısında cavab verməli olmuş, 400 nəfər isə 10-15 sutka təcridxanada saxlanılmışdı. Bir nəfər – Əhməd Əhmədov ölüm cəzasına məhkum olunmuşdu.

Həmin hadisələrin bəzi əsas məqamlarını xatırladaq. İğtişaşlardan bir neçə gün əvvəl 100-dən çox qara erməni ekstremisti Sumqayıta göndərilib. Onlar şəhərin “Dalğa” və “Sumqayıt” mehmanxanalarında gecələyiblər.

Şərti olaraq “Nalyotçik” adlandırılan qrupun üzvləri fevralın 27-də küçələrə çıxaraq əhali arasında ekstremist əhval-ruhiyyəli iş aparmağa başlayıblar. Sumqayıtın mərkəzi meydanında, bazar və univermaq ətrafında camaatı başına toplayan, əsasən qara meşin və dəri gödəkçələr geyinmiş bu naməlum şəxslər özlərini Ermənistandan qaçmış azərbaycanlılar kimi qələmə verir, ermənilərin onlara necə divan tutduqlarından dəhşətli faktlar danışırdılar.

Təhrikçilər insanları cürbəcür şüarlarla meydana topladılar. Mitinqlər başlandı və Sumqayıtda yaşayan ermənilərə divan tutmaq çağırışları eşidildi. Şəhər rəhbərliyi, ziyalılar əhalini şayiələrə uymamağa, təmkinli olmağa çağırsa da, artıq gec idi, ox yaydan çıxmışdı. Elə həmin andan qanunazidd hərəkətlər baş alıb getdi. Fevralın 27-29-da şəhərdə hadisələr idarəolunmaz şəkil aldı, yuxarıda qeyd etdiyimiz dağıdıcı nəticələrə gətirib çıxardı..

Ölüm hökmü almış azərbaycanlı Əhməd Əhmədovun hökmü ermənilərin təkidi ilə  tez-tələsik Moskvada yerinə yetirildi. Ziyalı ailədən olan azərbaycanlı Taleh Ismayılova da əsas təşkilatçı damğası vurularaq 15 il iş kəsildi. O, cəzasını “siyasi məhbus” kimi çəkmək üçün Tbilisiyə göndərildı, bir il sonra orada vəfat etdi”.

Birinci arayışdan sonra Qriqoryan danışmaq istədiyini bildirdi, amma nə düçündüsə, sonradan danışmadı, dedi, danışmaq hüququmu sonraya saxlayıram. Ardınca ikinci arayış səsləndi:

“Sumqayıt qırğınlarının fəal təşkilatçılarından olan bir neçə erməninin adı uzun müddət mətbuatdan, ictimaiyyətdən gizli saxlanıldı. Hüquq-mühafizə orqanlarının arxiv materiallarına istinad edərək onlardan bir neçəsinin adını nəzərinizə çatdırmaq istəyirik:

1. Levon Saturyan, Dağlıq Qarabağ Muxtar Vilayətinin Təklükəsizlik Komitəsinin əməkdaşı. Milli zəmində ¬anti-azərbaycan təbliğatı ilə məşğul olur, millətçi qüvvələri lazım olan informasiyalarla təmin edirdi.

2. Eduard Mosesov, Yerevanda nəşr olunan “Kommunist” qəzetinin müxbiri. Sumqayıtda video və foto çəkilişləri ilə məşğul olurdu.

3. Q.Ağacanyan, Yerevanda nəşr olunan “Kommunist” qəzetinin müxbiri, Sumqayıtda video və foto çəkilişləri ilə məşğul olurdu.

4. Albert Qriqoryan, Divanın müttəhimi Eduard Qriqoryanın qardaşı, iğtişaşda iştirak edən gənclərə narkotik paylayırdı.

 O ki qaldı əsas təşkilatçıya, məhz azərbaycanlılar hadisələrin təşkilatçısı kimi ağır cəzalar alsalar belə, təkzibedilməz faktlar və şahid ifadələri əsas təşkilatçının əvvəllər dəfələrlə məhkum olunmuş erməni Eduard Qriqoryan olduğunu göstərir.

Planlı təxribatın icraçısı olan Qriqoryan “Paşa” ləqəbi ilə tanınırdı. “Krunk” cəmiyyətinin fəal üzvlərindən idi. Gözünü qan örtmüş ədabaz gizlində özünü millətinin qəhrəmanı sayırdı. Hadisələrdən öncə təlimat almaq üçün dəfələrlə Xankəndinə gedib-gəlibmiş. Beli bağlı olduğuna görə heç nədən çəkinmirdi. Qanlı aksiyalarda Qriqoryan şəxsi “nümunə” göstərərək bir neçə ermənini öldürdü, bir neçə erməni qızını zorladı. Cinayətkar qruplar onun dirijorluğu ilə hərəkət edirdi. Paşanın cəza qruplarını talan və qətllər üçün yönəltdiyi ünvanlar isə “Krunk”a üzvlük haqqı ödəməyən ermənilərin mənzilləri idi.

Məlum olub ki, Yerevandan gələn emissarlar da Sumqayıtda Paşanı təlimatlandırıb, ona pul və narkotik veriblər. Ertəsi gün isə Qriqoryan tapşırıq üzrə fəaliyyətə başlayaraq ətrafına xeyli səbatsız gənci toplayıb və bəzi əməliyyatlarda iştirak etsələr, onlara çoxlu pul verəcəyini bildirməklə talanlara, qətllərə təhrik edib.

SSRİ DTK-sının himayə etdiyi qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. 26 erməninin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən ordu hissələri isə bunları kənardan izlədikdən sonra fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı PDM-lərin altında qalaraq şəhid olub.

Martın 1-də - iş işdən keçəndən sonra Sumqayıtda komendant saatı tətbiq olunub”.

Ekspertlərin arayışları səslənəndən sonra Baş Hakimdən icazə alaraq yaşlı hakim söz aldı:

-Möhtərəm Divan üzvləri, möhtərəm proses izləyiciləri. Sual edə bilərsiniz, niyə məhz Sumqayıt hadisələrində baş rol üçün Qriqoryan seçilib? Cavab çox bəsitdir: Bu şəxs sumqayıtlı idi, zahirən qətiyyən erməni görkəminə malik birisi deyildi. Onu daha çox rusa, ləzgiyə oxşatmaq olardı. Buna görə də yaxın ətrafında olan qısa dairədən başqa hamı onu ləzgi kimi tanıyırdı. Məhz bu səbəbdən, həm də Azərbaycan dilində təmiz danışdığından, onun baş verən cinayətlərdəki aktivliyi heç kimdə şübhə doğurmayacaqdı. Üstəlik, əvvəllər dəfələrlə məhkum olunması onun uf da demədən cinayət törədə biləcəyini təmin edirdi.

Yaşlı hakim nəfəsini dərib davam etdi:

-Başqa bir sualınız isə Qriqoryanın Sumqayıt hadisələrini törədən dəstəyə rəhbərlik etməsi faktının necə üzə çıxması ola bilər. İstintaq prosesi zamanı onun dəstə üzvləri arasında xüsusi nüfuza malik olması müşahidə edildi. Bu nüfuz qorxu səviyyəsinə gəlib çıxmışdı. Belə ki, məhkəmə iclaslarında bəzən təqsirləndirilən şəxslər çarpaz suallara cavab verilərkən, həqiqəti söyləyəndə, Qriqoryan bir baxışı ilə onları dərhal susdurur və dediklərindən imtina etməyə məcbur edirdi. Ümumiyyətlə, təqsirləndirilən şəxslər ifadə verərkən, bir gözləri daim Qriqoryanda olur, mimikasını izləyirdilər və onun mimikasındakı, hərəkətlərindəki hər hansı dəyişiklik onların ifadələrini dəyişməsinə kifayət edirdi. Qriqoryanın özünə arxayınlığı o qədər artmışdı ki, təqsirləndirilən şəxsləri təkcə təklikdə, üzləşmələrdə deyil, məhkəmə prosesində də açıq-aşkar təhdid edirdi. Qalib Məmmədov ifadə verərkən Qriqoryan bir neçə dəfə heç kimdən çəkinmədən ona “Sən prosesdən sonra baş verəcəkləri düşünmürsən?” – deyərək, hədə-qorxu da gəlmişdi. Bu cür hədə-qorxular tez-tez bütün təqsirləndirilən şəxslərə qarşı olurdu.

Yaşlı hakimə minnətdarlıq bildirdikdən sonra “İndi isə 1989-cu ildəki hadisəylə və məhkəmə prosesi ilə bağlı şahid və iştirakçı ifadələri səsləndirilsin” deyə Baş Hakim prosesin növbəti mərhələsinə keçid etdi.

Qriqoryan yerindən qışqırdı ki, “Mən şahid ifadələrinin səsləndirilməsinə etiraz edirəm. Şahidlərin hamısını satın almısınız”.

Erməni vəkil isə vəsadət qaldırdı ki, prosesdə Qriqoryanın həyat yoldaşının ifadəsi dinlənilsin, Qriqoryanın alibi var, hadisə günü o, həyuat yoldaşı ilə bağda olub, iki sutka Sumqayıta getməyiblər, bağda yeyib-içib cavanlıq ediblər.

Təbii ki, Baş Hakim tərəfindən bu vəsadət təmin olunmadı.

Şahidlərdən vaxtın dar olması səbəbindən olduqca qısa danışmaları xahiş edildi:

Sumqayıt hadisələrilə bağlı dövlət ittihamını müdafiə edən ovaxtkı prokuror Aslan İsmayılov ilk olaraq çıxış etdi:

-Qriqoryan haqqında verilən xasiyyətnamədə göstərilir ki, o, 10 yaşından atasız böyüyüb, onun tərbiyəsi ilə anası məşğul olub, orta məktəbdə pis oxuyub. Ancaq bu, heç də onun ağıl göstəricisi ilə bağlı deyildi. Çünki məhkəmə dindirmələri zamanı verdiyim çarpaz suallarda təqsirləndirilən şəxslərin hamısı bəzən həqiqəti söyləyirdilər. Qriqoryanı isə bu cür suallarla dolaşdırmaq mümkün deyildi. Ona sualları verəndə, sanki, əvvəlcədən fikrimi oxuyur, 3-4 sual sonra nə soruşacağımı bilirdi. Və bütün çarpaz suallara əvvəl düşünür, analiz edir, sonra cavab verirdi. Məhkəmə boyunca bir dəfə də olsun onun verilən suala dərhal cavab verməsinin şahidi olmadım. Verilmiş suala cavab tapmadıqda, o ya təhqirə keçir, yaxud da gülə-gülə “Cavab verməmək mənim hüququmdur” - deyirdi. Ola bilsin, o, yüksək savad sahibi deyildi, ancaq onun ağlı o iş üzrə bütün təqsirləndirilən şəxslərin bir yerdə olan ağlından daha üstün idi. Sanki, o, xüsusi hazırlıq keçmişdi.

Ardınca Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsinin ovaxtkı sədri polkovnik Vladimir Lebedev çıxış etdi:

– Sumqayıt hadisələrində Ermənistanın xüsusi xidmət orqanları və daşnak partiyasının millətçi üzvləri məharətlə işlədilər. Mikrorayonda kameralar quraşdırıldı, foto çəkilişlər aparıldı. Sonra sənədli film çəkib dünya ictimaiyyətinə çatdırdılar. Həmin film hadisələrdən sonra Fransada nümayiş etdirildi.

Hadisələrdən əvvəl Sumqayıtın ərzaq mağazalarına cədvələ uyğun olaraq həftədə bir dəfə araq gətirilirdi. Hadisələr ərəfəsində mağazaların birindən ticarət birliyinə zəng vurulmuşdu ki, təcili olaraq araq gətirilsin. Əvvəl buna etiraz etmişdilər. Yenidən israrla spirtli içki tələb olunmuşdu. Guya, mağazada araq qurtarıb. Biz bununla maraqlandıq və məlum oldu ki, zəng vuran da, mağaza müdiri də erməni imişlər. Onlar baza müdirinə külli miqdarda rüşvət verib, istəklərinə nail olmuşdular. Həmin günlər ermənilər Sumqayıtın bütün aptek müdirlərinə hədə-qorxu gələrək demidrol dərmanlarını əldə etmişdilər. Spirtli içki demidrolla birlikdə gənclərə paylanılmışdı. Səhiyyə işçiləri daha dəqiq deyə bilərlər, demidrolu spirtli içki ilə qarışdıranda təsiri adi narkotikdən də güclü olur, kişilərdə cinsi hormonları artırır.

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2023)