Brilyant Atəşin ay işığı Featured

Rate this item
(0 votes)

Güllü Eldar Tomarlı, “Ədəbiyyat və incəsənət” üçün

 

Brilyant Atəşi çoxdan tanıyıram. Bizi söz və mənəvi dəyərlər birləşdirib. Azərbaycan  qadıınının xanım-xatınlıq, abır-həya siması bilirəm onu. Həmişə Aşıq Pəri, Mirvarid Dilbazi sevgisiylə məni özünə doğmalaşdırıb. Mirvarid Dilbazi poeziya bulağından su içdiyini dilə gətirir. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyini yaradanda mənə uğur diləyənlərdən biri də Brilyant xanımdır. Bizim dostluğumuzun bağları günü-gündən möhkəmlənir.

Brilyant xanımda örnək götürüləsi o qədər mənəvi dəyərlər var ki, onları həvəslə ətrafına ötürür. Bu, onun qəlbinin genişliyindən, xeyirxahlığından, diqqətindən xəbər verir. Şeirləri də özü kimidir – səmimi, duyğusal və işıqlı.

İnsan dünyaya gələn, gözünü açan kimi işıq axtarır, ilk gördüyü işıq olur. İnsan işıq təşnəsidi. İşıq taleyinə yazılanları yerinə yetirmək üçün Tanrının insana bəxşişidir, xeyirxah əməllərə münbit şərait yaradır. 

Brilyant Atəş bir ilahi yol seçib - işığa doğru yol. İşığa bələnmiş düşüncələrini “Bir işığın arxasınca...” kitabına toplayıb sözsevərlərə təqdim edib. Bu ağ rəngə bürünmüş şeirlər toplusu onun ömrünün və sözünün Ağ yoludur. Bu yolun hər addımı insan ovqatına köklənmiş söz havalarıdır. Bu havalarda sevinc də var, kədər də, sevgi də var, nifrət də, görüş də var, həsrət də. Əsas məsələ odur ki, bu əhval-ruhiyyələrdə işıq həmişə duyğularla yanaşı durur.

Şair xanımın sözünün işığnın arxasınca getməyi qərara aldım, anladıqlarımı, duyduqlarımı qələmə almağa çalışdım. Onun yaradıcılığının ana xətti Vətənə, ana torpağa, yurda, insana, mənəvi dəyərlərimizə sevgidir. Bu sevgi onu hələ orta məktəbdə oxuyarkən ovsunlayıb, bu gün də ağ işığını əsirgəmir.

“Yağıların gözünə ox kimi batan, kökünün üstündə məğrur duran” Vətən qəhrəmanlarının ikinci Vətən Müharibəsində - 44 günlük savaşdakı tarixi zəfərini mənalı ömrünü yeni nəsil vətəndaş yetişdirməyə sərf edən müəllim-şair ürəyi, təbi, qələmi ilə alqışlayır, əsgər balalara “həmişəlik dərdi qovaq, düşmənin birdəfəlik gözün ovaq” tapşırığı verir. Şam kimi yana-yana Vətən balalarının zəkasına nur paylayan Brilyant xanımın tapşırığını Vətənin əsgər balaları qanı, canı bahasına yerinə yetirdi, Vətən torpaqları yağı tapdağından azad oldu:

 

 Uğrunda oğullar canından keçdi,

 Qalxanda düşməni zəmitək biçdi,

 Neçə yol qələbə şərbəti içdi,

 Sabahı işıqlı görən Vətənim.

 

Söz adamını əbədiyaşar edən yazdıqlarıdır. Şair xanımın yazdıqlarından Vətən çörəyinin ətri gəlir, torpağının nəfəsi, çəmənlərinin güllü-çiçəkli əlvanlığı, dağlarının məğrurluğu, çöllərinin genişliyi, bulaqlarının saflığı, çaylarının kükrəyişi var. Onun şeirlərində ana Vətən  laylasını eşidirik, ana torpağın isti qucağında rahatlıq tapırıq. Onun, kövrək sevgi dolu ürəyi Vətənimizə göz dikən xain, bədxah, nankor düşmənə rast gələndə tamamilə dəyişir, düşmənə nifrət püskürür, o, “torpağa daş, Vətənə qul, anasına baş tacı olan bir şəhidin əvəzinə yüz yağını didməyə hazırdı”. 

Bu zaman onun qisasının qarşısını kəsəcək heç bir qüvvə  tapılmaz:

 

Mən Atəşəm, bütün şəhid oğlanlara bacıyam,

Vətənimə göz dikənin al qanının acıyam.

 

“Ağ işığın arxasınca” bir ömür yol gedən Brilyant Atəş sönməz atəşə dönüb Odlar Yurdunun hər qarışını qoruyanda həmişə “yol bələdçisi həqq”ə söykənib. Onun istər müəllimlik yolu, istərsə də söz yolu məhz buna görə işıqlı olub. Bu işıq məktəblilərə və sözsevərlərə mənəvi qida verib. Bu mənəvi nemətdən doymayanların,  brilyant kimi xas, atəş kimi ölməz insanların Vətəni uzun müddət vəhşi və quduz düşmən pəncəsində qala bilməzdi. Necə ki, artıq düşməndən tam azaddır. Qarabağin və ətrafının hər qarışı artıq Azərbaycandır, üçrəngli bayrağımızın məğrur dalğalandığı Oğuz – Türk yurdudur. Yurdu göz bəbəyi kimi qoruyan oğullar düşmən qarşısında alınmaz qalaya dönəndə nəinki analar, bacılar, heç Xarıbülbüllər də həsrət yükü çəkməyəcək, “qəm daşı”nı birdəfəlik atacaqlar.

 

 Cıdır düzü, boş saraylar,

 Gəzib Vaqifi haraylar,

 Heç çəkmədi illər, aylar,

 Atdıq “daşı”, Xarıbülbül.

 

Hər bir söz adamı doğulub boya-başa çatdığı, yaşadığı, çörəyini yeyib suyunu içdiyi, havasını udduğu Vətən torpağının bir guşəsinin söz portretidir – o yerin təbiətinin, insanının hər emosional anını özündə yaşadan canlı portreti. Brilyant xanımın söz bulağının hər damcısında doğma el-obanın söz mühitinin ətrini duyuruq. Onun qoşmalarını, gəraylılarını oxuduqca bir ilahi dünyaya – həqiqi sözün sehrinə düşürük. O sehir sözlə birləşib oxucunu özünə çəkir, sazla sözün qovuşuğunda ilham qanadlı quşa dönüb könüllərə xoş müjdələr gətirir, yaşam stimulu verir:

 

 Tez-tez başımı qatan,

 Dərdi belimdən atan,

 Baxışıyla dan sökən,

 Məni nuruna bükən

 Yaxın, doğma, əzizim,

 Göyərən, bitən sözüm,

 Atəşəm, sönməz közüm.

 Arxamda qalan izim –

 Mənim yazılarımdır.

 

 “Əvvəl adını axtaran, sonra “bacı”, “xala”, “nənə” yolu keçən, ömrünün müdrik ağbirçək çağına çatan, ancaq qəlbinin atəşi gündən-günə alovunu artıran, Prometey kimi o müqəddəs odu qoruyan Brilyant Atəş həmişə axtarışdadır – “dağda, düzdə, ormanda, gecə-gündüz hər yanda, insanların gözündə, sözündə yaxşını axtarır”.

 

 Yaxşını axtarıram,

 Bütün dünya içində.

 Göz yumub bu dünyadan

 Köçənlərin içində.

 

Şeirin bir çox janrlarında qələmini sınayır Brilyant xanım. Təcnisləri, qoşmaları klassik aşıq ədəbiyyatının nümunələri kimi könüloxşayandır. Müxəmməsləri isə (15-16 hecalı beşlik) klassik poeziya örnəklərinə bənzəyir. Belə çətin şeir janrına indi müraciət edənlər azalsa da, şair xanımın bu cəsarətinə səbəb klassik ədəbiyyatı dərindən bilməsidir. Onun müxəmməslərində zamanın nəbzi vurur, ictimai, siyasi, sosial və psixoloji  motivlər əsas yer tutur. Mənəvi aləmin saflığına çağırış klassikliklə yeniliyin vəhdətində çözülür:

 

Ölümü qəbul edərəm, nakişiyə enmərəm,

Özgə yuvasın dağıdıb, öz evimdə gülmərəm, 

Yaxşı yadı unudaraq, pis qohumla ölmərəm,

Hər atlaza yapışıb da, ondan libas biçmərəm,

Haqq yoluyla düz gedərəm, əyri yolu seçmərəm.

 

Gecə-gündüz zəhmət çəkə, halal çörək qazana,

Düz əl, ayaq, ruzi üçün dua edə yazana,

Düz davrana, düz danışa, haram girməz qazana,

El içində süfrə sala, ola kor gözə didə,

Kasıb-kusuba əl tuta, nə gərək Həccə gedə?

 

Çağdaş ədəbi mühitdə uşaq şeiri yazanların kasadlığı açıq-aşkar hiss olunur. Niyə bu janra biganəlik var? Mənim düşüncəmə görə, uşaq şeiri yazmağın asan olmadığını anlayanlar bu çətinlikdən qorxurlar. Uşaqları aldatmaq, zəif, mənasız, uzun sicilləmə şeirlərlə onların başını qatmaq bu gün mümkün deyil. Uşaqlar daha tələbkar oxuculardır, hər cızma-qaranı böyüklər kimi bəh-bəhlə alqışlamırlar. Brilyant xanım təcrübəli pedaqoqdur, uşaq psixologiyasını əla bilir. Uşaq şeiri yazmaq üçün iti müşahidə qabiliyyətinin olmasını anlayır. Onun “Dedim” uşaq şeiri yığcamdı - cəmi iki bənd, həm də sadə dildə yazılıb. Hər ikisi vacib şərtdir. Atası qızına “qucaq-qucaq oyuncaq alır”, biri də kukladı. Kuklanı alıb ki, onunla birgə tez yuxuya gesin. Ancaq balaca qızcığaz belə fikirləşmir:

 

 Oyuncaqları alıb,

 Kuklanı ona verdim.

 -Kuklanı bacıma ver,

 Qoy o tez yatsın, - dedim.

    

“Bir işığın arxasınca” boylanda sonda bir kövrək bayatı gördüm. İncə mətləbləri bizə ötürən kitabın sonundakı tənha bayatı əzəmətli fikir zirvəsidir:

 

 Ağacda yarpaq ağlar,

 Ağlar, könlümü dağlar.

 Dağlarda insaf olsa, 

 Yaramı buzla bağlar.

 

“Dağlar” sözünü sinə dağı kimi anladım, bu subyektiv fikrimdir. Bəs siz?

Brilyant Atəş milli dəyərlərimizə bağlı, onların keşiyində sayıq dayanan söz adamı olmaqla bərabər milli ruhlu Azərbaycan xanımıdır. Şeirlərində mənəvi-əxlaqi dəyərlər - abır, həya, ismət, namus, nənələrdən miras qalan digər insanlıq keyfiyyətləri önə çəkilir. Nənələrimizin üz aydınlığı, babalarımızın nənələrimizə ərmağan etdiyi sülh, barış rəmzi milli baş örtüyümüz  kəlağayı haqqında şeilərində şair xanım o, zərif ipəyin gözəlliyini poetik sözlərlə təqdim edir. Onun şeirləri millətin mənəvi ruhunun daşıyıcısı kəlağayını təkcə baş örtüyü kimi təbliğ etmir, onu həm də sənət əsəri, xalqımızı xaricdə tanıdan milli düşüncə hesab edir.

Rəhbəri olduğum  Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təqdim etdiyi Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-ci il kiçik qrant müsabiqəsində Elm, Təhsil, Mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri üzrə “Kəlağayı əlvan, qıyğacı” layihəmiz qalib elan olundu. Bu yaxınlarda Qazax şəhərində “Kəlağayı əlvan, qıyğacı” layihəsi çərçivəsində görüş və “Kəlağayı əlvan, qıyğacı” kitabının təqdimatı keçirildi. Görüşdə Brilyant xanım da iştiarak etdi, özünün “Kəlağayı” şeirini söylədi. AYB-nin Qazax şöbəsinin sədri, Əməkdar İncəsənət Xadimi şair Barat Vüsal Brilyant xanımın şeirini alqışladı, belə ədəbi nümunələrin xalqımızın milli ruhunu yaşatmasında əhəmiyyətini xüsusi qeyd etdi.

Brilyant Atəş üçün kəlağayı “həm o taya, həm bu taya bir sovqatdır, xoş ovqatdır, başda tacdır, nənələrin izidir, həm də:

 

 Aşiq butasından şərbət içibdi, 

 Üzüyün gözündən sərbəst keçibdi,

 Kini, ədavəti kökdən biçibdi,

 Nənəmin namusu tül kəlağayı.  

 

Şair xanım bizi özümüzə qaytaran, bizi özümüzə və yadlara tanıdan, nənələrimizin rənginə, naxışına görə xeyir-şərə uyğun başına örtdüyü “butası məhəbbət” noxudu, soğanı, heratı kəlağayıların yaşatdığı milli ruhu çox incəliklə şeirə çevirir. Bunun üçün kəlağayının bizə ötürdüyü mənəvi ismarışı bilmək lazımdır. Bunu anladır bizə Brilyant xanım:

 

 Çəməndə çiçəkdən naxış götürmüş,

 Evlərə toy-büsat sevinc gətirmiş,

 Davanı, dalaşı, qanı yatırmış,

 Adı ağızlara bal kəlağay.

 

 Toyda nəmər olub, müjdə alıbdı,

 Xalqın sərvətindən töhfə qalıbdı,

 İllərin qoynundan çıxıb salıbdı –

 Keçmişdən sabaha yol kəlağayı.

 

Daim milli-mənəvi dəyərlərin keşiyində dayanan milli ruhlu, düşüncəli Azərbaycan qızı, anası, nənəsi Brilyant Atəşə arzularımı “Bir işığın arxasınca...” kitabına ön söz yazan Tahirə xanım Tapdığın üç cümləsi ilə çatdırmaq istəyirəm:

“Yaşayın, Brilyant xanım, yaşayın ki, ürəyinizdən ağ vərəqlərə zərtək incilər hopsun, qələminiz qoy iti olsun! Yazın, yaradın. Yaşayın ki xalqım, Vətənim üçün söz dəryasından düymə-düymə, zərif-zərif söz incilərini mirvarilərtək ipə-sapa düzüb əsrarəngiz sənət əsərləri yaradasınız.”

 

 “Ədəbiyyat və incəsənət”

(27.10.2023)