“Günəş qadın” - Təranə Dəmirin hekayəsi Featured

Rate this item
(4 votes)

Payız olsa da dənizkənarı parkda bir xeyli adam vardı. Əli uşaqlı analar, qocalar, yaşlılar, qadınlar, gənclər dəstə-dəstə qızın yanından keçirdilər. Biri də o olan tərəfə baxmırdılar. Sanki heç kim görmürdü bu qızı və ya əksinə, görməzdən gəlirdilər. 

Arada əlini açıb nəsə desə də onu heç kim eşitmirdi. Kirli ləçəyinin altından qara, qıvrım saçları küskün-küskün çiyninə dağılmışdı. Uzun, köhnə ətəkləri yer süpürürdü. Rəngi  bozarmış yay ayaqqabılarından göyərmiş  barmaqları görünürdü. Corabsız idi. Çiyninə atdığı şala möhkəm möhkəm bürünmüşdü. Görünür, çoxdandı burdaydı. Üşüyürdü. Payız girəndən onsuz da havalar əməllicə soyumuşdu. Üstəlik də dənizdən əsən külək havanı bir az da sərinləşdirmişdi. 

Bir qədər aralıda, skamyaların birində oturan orta yaşlı qadın bayaqdan bu qıza baxırdı. 

“Bu qız ya dilənçi deyil, ya da onu məcbur edirlər dilənçiliyə. Yoxsa çoxdan hamının əlinə, ayağına düşüb pul yığardı... Əcəb də qəşəng qızdı. Köhnə paltarların içində itib batıb bu gözəllik". 

İstədi qızı yanına çağırıb sual-cavab etsin. Nədənsə vaz keçdi.

“Eh, bəlkə özünü elə aparır. Bu da təzə dilənmək metodudu bəlkə. Ya da çoxbilmişdi. Bu yolla diqqəti özünə cəlb etmək istəyir". 

Qız  bir az fəallaşmışdı  deyəsən. Könülsüz-könülsüz gəlib gedənin qarşısına keçir, öyrəndiyi dualardan təkrarlaya-təkrarlaya  əllərini irəli uzadırdı. Bəziləri söyüb keçir, bəziləri gülə-gülə uzaqlaşır, bəziləri də ciblərində olan qəpikdən, quruşdan qızın ovcuna tullayırdılar.

Qız ovcuna yığdığı pulları tələsik parça heybəsinin(Görünür onu da kimsə vermişdi. Əldə tikilənə oxşayırdı) içinə yığırdı. Sonra təzədən əllərini gəlib gedənə sarı uzadırdı. Utanırdı deyəsən. Heç kimin gözünün içinə baxmırdı. 

Bayaqdan onu izləyən qadını bir az da maraq götürdü.

“Yox e, gedib yaxınlaşacam. Bu qız hər gün rastıma çıxan sırtıq dilənçi qızlara heç bənzəmir. Bu qədər maskalanmaq olmaz. Burda nəsə bir ayrı şey var". 

Qızı yanına çağırdı. Qız tərəddüd edə-edə qadına yaxınlaşdı:

-Salam.Mənimləsiz?

-Salam. Bəli. Bayaqdan səni izləyirəm. Fikirləşirəm ki, belə dilənmək olmaz. Sakit dayanıb baxmaqla heç kim sənə pul verməz. Bizim millət öyrəşməyib sakit dilənçiliyə. İstəyirsənsə sənə pul versinlər, fəal ol. Sənin kimisin birinci dəfədi görürəm.

-Mən dilənçi deyiləm. Anam xəstədi. Ona görə məcbur olmuşam.

Qadının ürəyi ağrıdı. Dediklərinə peşman oldu. Fikirləşdi ki, tanımaz, bilməz gərək bu sözləri deməzdi qıza. Amma yenə maraq güc gəldi:

-Anan nə xəstəsidi? Sizə baxacaq, yardım edəcək heç kiminiz yoxdu? Təhsilin də yoxdu yəqin.

-Anam iflicdi. Yataq xəstəsidi iki ildi. Atam biz balaca olanda dünyasını dəyişib. Qohumlar da özlərini zorla dolandırır. Hara gedirəm iş vermirlər. Hər yerdə adam, tanışlıq lazım olur. Küçə süpürgəçiliyi üçün də gərək kiminsə tapşırığı ola.

Qadın qıza elə diqqətlə qulaq asırdı ki, ətrafda baş verənlər, uşaqların səsi, küyü, gənclərin şaqqanaq çəkib gülməsi, qocaların çəliklərinin taqqıltısı - heç nə onu maraqlandırmırdı. Həm də qızın zahiri gözəlliyi də onu heyran etmişdi. Fikirləşirdi ki, heyf bu cür qızdan, bu zəriflikdən.

-Neçə yaşın var?

-20 olacaq fevralın 18 də.

"Doğulduğu günü görəsən nə vaxtsa qeyd ediblər? Görəsən  bu qızın bir xoş günü olub? Gözlərindəki mənaya bax hələ. Abırlı, həyalıdı həm də"

Qadını elə maraq bürümüşdü ki, bu qızın bütün tərcümeyi halını öyrənmək istəyirdi. Dənizkənarı parkı da, gəlib gedən insanları da, dənizi də unutmuşdu.

Adətən küçədə, ictimai yerlərdə həyasızca  gəlib-gedənin qabağına yüyürən, hər vasitə ilə adamlardan pul qoparmağa çalışan qadınlardan xoşu gəlməzdi.

Fikirləşirdi ki, əcəb peşə tapıblar özlərinə. Asanlıqla pul qazanmağın yolu. Əslində mənliklərini, şərəfini itirdiklərindən xəbərləri yoxdu. Allah sizə əl-ayaq verib. Yanağınızdan qan damır. Sapsağlam insanların dilənib pul yığması nə qədər düzgündü?

"Amma bu qız tamam fərqlidi. Üzündən, gözündən həya tökülür. Bu qızı məcbur ediblər bu həyata."

Özündən asılı olmayaraq bu qızı dərindən öyrənmək, tanımaq keçdi ürəyindən.

Qız ondan uzaqlaşmaq istəyəndə isə tez çantasını açıb pulqabısından  bir iyirmilik çıxardı və ürəklə qıza uzatdı.

-Al, qızım. Amma sən mənə ünvanınızı da de. Nəsə maraqlı qıza bənzəyirsən. Bəlkə sizə köməkliyim də dəyər.

Qız utana-utana pulu götürdü və bildiyi, öyrəndiyi dualardan edə-edə uzaqlaşmaq istədi. 

Qadın dediyi sözləri bir də təkrarladı.

-Ünvanını de, qızım. Ya da düş qabağıma, mənimlə gedək sizə.

-Çox sağ olun. Amma mən sizə ünvan verə bilmərəm.

Qadın daha israr etmədi. 

Onu da bildi ki, bu qız onun yaddaşında hələ uzun müddət qalacaq.

....Sərgidə bir xeyli adam vardı. Rəfiqəsi Nazlı Zeynəbi  da dartıb gətirmişdi bura. Həm səhhətinə görə (qızıl yel onu çox incidirdi), həm də havaya görə evdən çölə çıxmaq isəmirdi. Amma rəfiqəsinin uzun israrından sonra axır ki, ona qoşulub sərgiyə gəlmişdi - gənc rəssamların yay festivalıydı. Bir-birindən gözəl rəsm əsərlərini gördükcə heyranlığını gizlədə bilmirdi. Hələ bura gəlmək istəmədiyi üçün özünü danlayırdı da.

“Baxdıqca adamın ürəyi açılır. Gör ölkədə nə qədər istedadlı gənclər var. Fəxr olunası haldı. Yaxşı ki, Nazlı məni sürüyüb gətirdi bura. Yoxsa işdən evə, evdən işə nə qədər olar axı? Belə yerlərə də gəlmək lazımdı arada".

Hər rəsm əsəri bir möcüzəydi. Sanki rənglər adamla danışıb söhbət edirdi. Rəsmlər adamın üzünə gülürdü. Bu rəsmlərdən pul  verib alanlar da olurdu. Birdən bir neçə insanın bir rəsmin başı üzərində dayanıb heyrətlə baxdıqlarını gördü. Maraqlandı. Rəsmə yaxınlaşdı. “Günəş qadın". Əsər belə adlanırdı. Heyrətindən gözləri böyüdü. Dənizkənarı park, insanlar, skamyada oturan bir qadın və onun başı üstə dayanmış dilənçi qız. İlahi, hər şey  elə gözəl təsvir olunmuşdu ki, Zeynəb bir müddət yerində donub qaldı. O payız günü, yerə səpələnən xəzəllər, dənizlə danışan adamlar, payız günəşi, dilənçi qızın üzündəki məsumluq, qadının gözlərindəki şəfqət, heyranlıq və mərhəmət hissi elə ustalıqla təsvir edilmişdi ki, özünü bir anlıq orda hiss etdi. Skamyanın sağ tərəfində yuxuya getmiş pişik də diqqətdən yayınmamışdı. Hələ günəş şüalarının qadının üzündəki əks-sədası bir ayrı gözəllik qatmışdı əsərə.

"Axı o gün mənim qızla dialoqumu kimsə görməmişdi. Bəlkə kimsə uzaqdan izləyirmiş, xəbərim olmayıb"

Birdən ağlına gələn fikirdən diksindi. “Yoxsaa..."

Dönüb ətrafa baxdı. Tanıdığı kimsə yox idi. Nazlı onu axtarırdı.

-Hardasan, ay qız. Səni güclə gətirdim bura. Heç gəlmək istəmirdin. İndi də çıxara bilmirəm.

Heç nə demədi. Üzü gülürdü. Elə ürəyi də. Sərgidən çıxanda gün günortadan keçmişdi. Günəş elə gözəl parıldayırdı ki. 

İlk dəfəydi Zeynəb günəşi bu qədər çox sevdiyini anlayırdı...

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2023)