Cəmi iki müsabiqə və iki qalibiyyət - Seymur Orucla müsahibə Featured

Rate this item
(5 votes)

 

 Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

"Bir zamanlar "Renesans" adlı yazarlar klubu var idi. Həvəskar yazarlardan ibarət gənclər hər həftə sonu kitab kafelərinin birində toplaşaraq çay içir, öz yazdıqlarını bir-birləri üçün oxuyub müzakirə edirdilər." - sizə danışdığım bu hadisə 2014-cü illərə təsadüf edir. Hansı ki, mənim yazarlığa başladığım eyni tarixdir. Həmin dövrlərdə yazarlar klubu axtararkən qarşıma "Renesans" adlı yazarlar klubu çıxmışdı. Klubun üzvlərinin sayının çox olmasına baxmayaraq onların arasından sadəcə ikisi yazıçı oldu və hələ də bu uğurda irəliləməkdədir. Bu iki yazardan biri mən, digəri Seymur Oruc idi. Onun bugünkü mükafatlarına nəzər yetirəndə qürurlanmamaq əldə deyil. Mən o qrupun ən gənc üzvü, Seymur isə ən istedadlı və iddialı yazarlarından biri idi.

Və nəzərinizə çatdırmaq istərdim ki, 29 oktyabr saat 14:00-da Elmlər Akademiyasında yerləşən Libraf (Park Akademiyada) onun "NİKOLYA BONENİ şərqə aparan hekayə" kitabının təqdimatı keçiriləcək. 

 

 

Əgər müsahibim sizin üçün maraqlı olsa, kitabını almağa tələsin.

Beləliklə, bu gün sizlərlə birlikdə Seymur Orucu daha yaxından tanımağa çalışacağıq.

 

-Xoş gördük, Seymur Oruc. Səninlə tanışlığımız və dostluğumuz Renesans yazarlar klubundan yaranıb. Necə hesab edirsən, gənc yazarların uğur əldə etməsi və yazılarını təkminləşdirməsi üçün hansısa qrupa qoşulmaqlarının və birlikdə hərəkət etmələrinin nə kimi faydaları var?

 

- Salamlar, xoş gördüm və çox şablon kimi səslənsə də, təşəkkür edirəm ki, belə bir təşəbbüs oldu.

Hə, Renesans yazarlar klubu. Yalnız xoş xatirələrim oldu bu komandada olarkən. Məncə, labüddür, əgər inkişaf etmək istəyirsənsə... Hər şeydən əvvəl belə hər hansı bir xırda cəmiyyətdə olarkən təşviq olunursan, daha çox yazmağa və daha yaxşı yazmağa. Amma, əlbəttə ki, olunan tənqidlərə də açıq olmalısan, üstəlik, sadəcə açıq olmaq da kifayət deyil, həm də onlardan nəsə bir nəticə çıxartmalısan.

 

-Nəticə çıxartmaq və inkişaf prosesini çox gözəl vurğuladın. Bəs yaradıcılığının sonrakı illərindən bu yana neçə müsabiqəyə qatılmısan və onlardan neçəsinin qalibi olmusan?

 

- Cəmi iki müsabiqə və iki qalibiyyət... Riyazi dillə desəm, 2'də 2. Son bir ildə... Ondan əvvəl müsabiqələrə qoşulmurdum, açığı çox müsabiqə də olmurdu. Teas Press nəşriyyat evi tərəfindən yaşı 35'ə qədər olan 108 roman müəllifi arasında keçirilmiş "Gənclərin roman müsabiqəsi"ndə ikinci yer və Ədibin Evi Ədəbiyyata Yatırım Fondu tərəfindən Mir Cəlal Paşayevə həsr edilmiş III hekayə müsabiqəsində 192 müəllif arasında birinci yer. Maraqlısı orasıdır ki, sonuncudan əvvəl iki dəfə keçirilmiş həmin bu müsabiqədə birinci yerə heç kimi layiq görməyiblər. Yəni hələki 3 dəfə keçirilmiş bu müsabiqədə ilk və tək birinci yerəm. Açığı Elçin Əfəndiyevin başçılıq etdiyi on nəfər peşəkar yazıçı və akademikin iştirak etdiyi münsiflər heyətindən bu qədər böyük bir dəyər görmək inanılmaz hissdir və mənimçün şəxsən gözlənilməz idi.

 

-İlk kitabın olan "Qızıl çağ" ilə bağlı düşüncələrin nələrdir? İndiki sən olsaydı o kitabı tamam fərqli yazardın, yoxsa ümumiyyətlə o mövzuya toxunmazdın?

 

- Mövzuya, sözsüz ki, toxunardım, amma indiki düşüncəm olsa idi o mövzuya indi yox, bəlkə də, bundan iyirmi il sonra toxunmaq haqqında düşünərdim. Ki, nə vaxtsa, "Qızıl Çağ"a təkrar geri dönmək fikrim var. Onu yenidən işləyib çap etdirmək... - dediyim kimi, yaxın illərdə yox.

Amma o mənim ilk kitabım idi, nə qədər nəticələri gözlədiyim kimi olmasa da, - ki, illər sonra indi mənə aydın olur niyə və nələrin zəif olduğu, - yenə də bu reallıq dəyişmir. Bəlkə də, vaxtı ilə onu yazmasam və belə bir təcrübəyə sahib olmasam, indi ailəli və başı işlərinə qarışmış olan mən yenə də bunların dalınca düşməz, bəlkə də, soyuyub uzaqlaşardım... Hər şey olduğu kimi yaxşıdır, deyiblər.

 

-Sənə görə, ədəbiyyatda ən önəmli şey nədir?

 

- İdeologiya, müəllifin bu kitabı yazmağına səbəb olan motiv, ötürdüyü mesaj və bu kitabdan sonra cəmiyyəti necə görmək istədiyi. Təəssüflər olsun ki, çox az sayda oxucu belə şeylərə fikir verir və dolayısı ilə çox az sayda bu əsaslı kitablar ortaya çıxır. İnsanlar daha çox hekayəyə fikir verirlər.

 

-Ən çox bəyəndiyin janr hansıdır və kimlərin kitablarını oxumaqdan zövq alırsan?

 

- Niyəsə özümü distopik kitablara yaxın hiss edirəm. Amma yaxşı yazılmış kitab olsa istənilən janr olar. Təkcə detektiv və motivasiya tipli kitablar mənə görə deyil. Konkret adlar çəkməyə gələndə, çox istərdim ki, bunlar içərisində yerli müəlliflər çox olsun, amma, təəssüf ki, o qədər yoxdur. Qurban Səidin "Əli və Nino" əsərini böyük zövq alaraq oxumuşdum. Müasirlərdən adı çox bilinməsə də, Akşin Xəyal - "Mənim erməni oğlum", Seymur Baycan - "Quqark" kitablarının adlarını çəkə bilərəm. Ən sevdiyim yazıçı Corc Oruelldir, bütün kitablarını oxumuşam. Cek London, Xalid Hüseyni, Mark Levi də sevdiyim və əksər kitablarını oxuduğum müəlliflərdəndirlər. Əlbəttə ki, Dostoyevski, Anton Çexov, Tolstoy kimi rus müəlliflərə də çox müraciət etmişəm. Tək-tək bəzi kitablar da olub ki, digər müəlliflərə aid, sevərək oxumuşam. Məsələn, Pərinuş Sənii - "Mənim payım", Oldos Haksli - "Cəsur Yeni Dünya", Amin Malouf - "Səmərqənd" və s. Yəni, zənnimcə, adını çəkdiyim kitabları və müəllifləri görərək zövqümün tam olaraq hansı tərəfə olduğunu  anlamaq olar.

 

-Əlil, əngəlli, yoxsa fiziki məhdudiyyətli insan? Səncə, dilimizdə mənaların bu qədər sürətlə ad dəyişdirməsi normaldırmı?

 

- Maraqlı və fərqli sualdır. Əsas sual odur ki, bu sözün bu qədər ehtiyatla və fərqli - fərqli deyilməyə çalışılması ortadakı problemi aradan götürə bilirmi? Mən əlil deyirəm. Çünki dövlət səviyyəsində də daha çox bu adlandırmanı eşitmək olur.

 

-Yazarkən özün üçün təyin etdiyin bəlli bir ritualın varmı?

 

- Yoxdur, yəni söhbət ilhamlanmaqdan filan gedirsə... Ya da nəsə dinləyərək, ya da izləyərək yazmaq. Sadəcə istəyirəm yazım və yazıram.

 

-Rəfə qaldırıb qoyduğun və beynində tozlandığını düşündüyün kitab ideyaların varmı?

 

-Hamısını o cür yazmağa çalışıram. Bir tək "Qızıl Çağ" istisna idi, bir nəfəsə yazmışdım. İndi çap olunmaqda olan və müsabiqədə qalib gələn romanım çoxdan həmin rəfdə olan kitab idi və hal-hazırda yazmaqda olduğum kitab da, həmçinin. Bundan əlavə, daha üç ideyası olan kitabım var həmin rəfdə. Məncə, bu daha uğurludur - yəni nəticə mənə bunu deməyə əsas verir. O "rəf"də qalır sanki daha yaxşı bişir, hətta bu mərhələdə bir neçə dəfə yazıram, silirəm, yazıram... Tam əmin olandan sonra ki, hazırdır, ondan sonra mətbəə haqqında düşünürəm.

 

-Bir kitabın, həqiqətən, uğurlu ola bilməsi üçün yetərincə bişməsi, sözsüz ki, daha yaxşıdır. Bəzi kitabları oxuyarkən çiy olduğunu hiss edirsən və çox gözəl olan bir əsərdən zövq ala bilmirsən.

 

- Doğrudur. Müasir dövrdəyik, insanlar üçün bilgi və zaman ən önəmli məfhumlardır. Bilgi verən və çox zaman almayan kitablar və ən əsası oxucunun zaman itkisi saymayacağı kitablar öndə gedir. Nə o dövr deyil, nə də biz görkəmli klassik deyilik ki, insanlar biz müasirlərə bayaq adlarını sadaladığım yazıçılara ayırdığı zamanı ayırsın. Uzaqbaşı bir kitablıq ayırarlar, o da bəlkə. Ona görə də, zənnimcə, lakonik, bişmiş ideyalar daha uğurludur. Xüsusən də yerli müəlliflərə qarşı, - müəyyən səbəblərdən onları çox haqlı saydığım, - ön yarğısı olan Azərbaycan oxucusu qarşısında...

 

-Bütün insanlara çata biləcəyini düşündüyün bir sualın olsaydı, həyatlarını dəyişdirə bilmək üçün onlardan nəyi soruşardın?

 

- "Niyə?" - Bu ən sevdiyim sualdır və bütün situasiyalara gedir. Kimisə öldürən birinə, kiminsə pulunu mənimsəyən birinə, oğurluq edənə, vəzifəsindən sui-istifadə edən məmura, narkomana, övladını döyən, düzgün tərbiyə verə bilməyən valideynə, vətəninə, yaxud valideyninə xain çıxan övlada, çox pul qazanmaq istəyib işçisinin haqqına girən müdirə, biznesmenə, işini düzgün görməyən, vaxt keçirən işçiyə, oxumayan şagirdə, tələbəyə... hamıya yaxşıca bir "niyə" demək istərdim. Qaldı ki, onları dəyişməyə, məncə, illər uzunu qarşısına çıxmış onca yaxşı insanlar onları dəyişdirə bilməyibsə, elə bir sual olmaz ki, onları dəyişsin. Onları ən çoxu bir az silkələmək olar. Başa düşən adam üçün "niyə" kifayət qədər silkələyicidir.

“Ədəbiyyat və incəsənət”

(25.10.2023)