GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Arğın Paşadan “İnqilab qoxusu” şeiri Featured

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Arğın Paşanın şeirlərini təqdim etməkdədir. 

 

Arğın Paşa təxəllüsü ilə tanınan Məhəmməd Paşapur, 1989-cu il, muğanda doğulub böyüdü. Bilim yurdunda bitki uzmanlığı bitirdi. Gənc çağından ana dilində şeir yazmağa maraqlandı. Az sonra şeirləri qəzetələrdə göründü.

2013-cü il, Azərbaycan folkloru əsasında uşaqlar üçün, "Cırtdan", 2016-cı il "Axmaq tülkü", 2017-ci il Azərbaycan folkloru əsasında bir daha uşaqlar üçün, "Duzlu çəpiş" və 2019-cu il "Cırtdan" kitabı ikinci dönə çapdan çıxdı. Neçə başqa şeir kitabı çapa hazırlanır. Bu çağ, muğanın ustad şəhriyar dərnəyi ilə füzuli məclisinin ictimaiyyətlə ələqələr müdiridir.

 

 

İNQİLAB QOXUSU

 

İnqilab qoxusu gəlir;

İntihar edir dodaqlarım

Yaxınlaş mənə.

 

Eheeeey gözləri poeziya xiyabanı,

Muğanda qora pişirən ay;

Təbrizdə titrəyən ərk

Şuşada həsrət...

Gözlərin ıslaq son baharın öpülməmiş dodağı;

Gözlərin alça bağı.

 

Gözlərin bir qızıl almanı ikiyə bölmüş araz,

Yaxınlaş mənə biraz.

Gözlərin yazarlar birliyinin sədri.

Kamaləddin kamyunun "qürbət" şeiri

Şuta Yataşuylinin "daranmış saçları"

Nəzar Qəbbaninin "yüz sevgi məktubu"-dur gözlərin.

Mayakovskinin "şalvarlı bulud"-u,

Gözlərin Nəsimi,

Nazim Hikmətin asılma xəbəri;

Nüsrət Kəsəmənlinin şah əsəri:

"Məndən əsirgəmə o gözlərini..."

Gözlərin Müşfiqin tutqun tarıdır,

Arzularıdır Əhməd Cavadın.

Sökük Oxtaydır,

Oxa tay;

Toxtayıram tikiləndə dənizinə...

Gözlərin sürgün Sahirin azadlıq şeiri,

İlahiləşən Nadir

Qarşında çalınan darıxma sazlar

Qəzəllərə sığmayan darıxmalar...

Nisgilli bayatılar...

Qoşmalar...

Sərbəst çiçək toplusu.

Gözlərin uduzma qorxusu!

 

Baxırsan;

Dili tutulur gözlərimin,

Ağzı bağlanır dilimin!

Düşünmür düşüncəm

Helen Kelerlənirəm...

 

Gözlərin şeir ocağıdır;

Yandırırsan,

Yaxırsan,

Baxırsan, şair oluram.

 

Gözlərin, dilimdə yazılan bütün divanlar.

Gözlərində ədəbi yatıram, ədəbiyyat öyrənirəm

Baxışın kölgəsində.

 

Dağıdırsan qalibləri

Sərhədlər itir

İt olur Hitler

Səddam itilir

Gözlərin Əbdülmalikin pakistan torpağında

Qurşun çağıdır;

Sükut çəkir içimə!..

 

Bas gözlərinin bağrına məni

Gözlərin candır

Güneydə susuz urmu gölündən küsən durnalar...

Quzeydə sürgün düşən torpaqlar;

Gözlərin ölkəmdəki dağlar.

Gəl!

Gəlişini düşünürəm;

Sinəm su səpir baxışlarına bağlanan  küçələrə.

 

Baxırsan;

72 hava gəlir başıma

"Ayaq cəlili" gəlirsən açıq kökdə;

Baş kökdə "baş müxəmməs"

"Paşa köçür" gözlərində...

Gözlərində bitir yaşam

Yaşam gözlərində

Buraxma məni.

 

Gözəllərini qısqanıram

Eheeeeey... Qız, qan!

Qısqanıram şeirimdə gözlərini.

 

Gözlərinlə şirindir yaşam

Şirinəm;

Bahar baxışlım,

Fəsillərə son qoymuş yaz;

Yaxınlat

Yaxınlat dodaqlarıma gözlərini biraz...

 

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2023)