“Ulduz”un Qulu Ağsəs dönəmi

Rate this item
(3 votes)

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Azərbaycanın mətbu orqanları içərisində öz çəkisi, sanbalı və dəyəriylə seçilən (zənnimcə, ən birincilər sırasında duran) "Ulduz" bu günəcən çox uzun, keşməkeşli və dolanbac yollardan keçib. Uşaqlığımızın, gəncliyimizin jurnalı olaraq həmişə diqqət mərkəzində olub və oxucu sevgisini bu günəcən qoruyub saxlayıb. 

 

Sözünü deyən, öz imzası ilə dünəndən bu günə inamla yol gələn yaradıcı insanların  söz yuvası olub həm də "Ulduz". Bu yuvada nə qədər şairlər, yazıçılar yetişib, pərvazlanıblar. Jurnal bütün dönəmlərdə   həmişə ən aktual mövzulara toxunmaqla ölkənin mədəni həyatındakı bütün yenilikləri özündə əks etdirib. Onun  formalaşmasında, ölkənin ədəbi mühitinin işıqlanmasında böyük əməyi olan, öz peşəkarlığı və obyektivliyi ilə seçilən yaradıcı heyətin   əməyi də danılmazdı. 

"Ulduz” ulduz olaraq bütün zamanlarda  mənən saflaşdırıb, öyrədib. Axı mətbuat  zamanın aynasıdı deyirik. Burda hər şeyi  olduğu kimidi. Dünyanın hər üzü.   

Jurnal  1967-ci ildən üzübəri müxtəlif söz adamlarının rəhbərliyi altında fəaliyyət göstərib və həqiqətən, zaman-zaman  həqiqi  ulduza çevrilib. Hansı yandan baxsaq, "Ulduz" ulduzdu.

...Bu günsə mən " Ulduz"a Qulu Ağsəs tərəfdən baxmaq istədim. Mübaliğəsiz. Eynəyinin arxasından ürəyindəkiləri oxuya-oxuya həm də. 

Qulu Ağsəs çalışqandı. Hətta deyərdim ki, bir az da artıq çalışqandı. Bu çalışqanlığın arxasında həm də sələflərinin qoyub getdiyi işə peşəkarlıqla yanaşmaq məsuliyyəti də var. Zarafat deyil, " Ulduz" mətbuat tarixinə öz adını möhürləmiş, dəyərli ustadların əlindən, zamanın ələyindən keçmiş, gözəl ədəbi nümunələri özündə ehtiva edən, müəyyən yaşa çatmış ədəbiyyat jurnalıdı. Bu ağır yükün altına girmək, onu bu gündən sabaha ötürməksə hər yaradıcıya nəsib olmaz. 

Qətiyyətlə deyə bilərəm ki, “Ulduz" bu gün bir Qulu Ağsəs dönəmini  yaşayır. Bir az da   işıqlı, bir az da parlaq. Özünəməxsusluq da var bu dönəmdə. Həm də heç kimə bənzəməmək, özünə can atmaq həvəsi. Jurnalı vərəqlədikcə hiss edirsən ki, Ağsəs üçün forma və məzmun mükəmməlliyi, mətn rəngarəngliyi və dolğunluğu önəmlidi. Bilirsən ki, şair irəliyə can atır, yenilik axtarışındadı. Bunu jurnalın hər  buraxılışında hiss edirsən. 

Şair üçun mətn də adamdı. Canı, ruhu var. Onun fikrincə, mətni incitmək olmaz. Mətnin nazıyla oynamaq lazımdı. Gözümüzün nuruyla, ürəyimizin oduyla yetişdirib ərsəyə gətirdiyimiz yazılar öz yerini tapanda çiynimizdən böyük bir yük götürülür. Baxın, biz təkcə öz yazılarımızın məsuliyyətini  daşımaqda çətinlik  çəkirik. Qulu Ağsəs isə hər buraxılışda bizim kimi neçə müəllifin narahatlığını və məsuliyyətini öz üzərində  hiss edir, hər mətnin üzərində öz balası kimi əsir. Narahat olur, qoruyur. Ta ki, jurnal ərsəyə gələnəcən, yeni "Ulduz" doğulanacan. Bir yandan oxucu zövqü, bir  yandan müəllif hüquqlarının qorunub saxlanılması baxımından hər şeyin dolğun və mükəmməl ərsəyə gəlməsi üçün yorulmadan, gecə -gündüz çalışır. Özü də  yüksək peşəkarlıqla. Həm də sevgiylə. Ümumiyyətlə, Qulu Ağsəs mükəmməlliyə can atan yazardı. Amma bununla belə ən zəif yazıların taleyi də onu narahat edir. Əlbəttə, müəlliflə oxucu arasında narazılıq yaratmadan həm də.  İşinin ustası olmaq hər rəhbərə, hər işçiyə nəsib olmur bəzən. Amma inamla deyə bilərəm ki,  Qulu Ağsəs gözəl şair, gözəl publisist olmaqla yanaşı, gözəl icraçıdı həm də. “Ulduz"-un heç bir  buraxılışı bir-birini təkrarlamır və əvəz etmir.  O,  hər dəfə görüşümüzə fərqli məzmunda, fərqli keyfiyyətdə gəldikcə bir daha əmin oluruq ki, ruhumuzun jurnalı əmin əllərdədi . "Ulduz" üz qabığından tutmuş içindəki  yazılara qədər ulduzdu. Qulu Ağsəs şeirində olduğu kimi işində də son dərəcə tələbkar  və məsuliyyətlidi. Gənc istedadlılara  göstərdiyi qayğı və diqqət isə bir ayrı  söhbətin mövzusudu. Onun həm də vaxta , zamana çatmaq öhdəlikləri də var. Hər şey zamanında və dəqiqliklə həyata keçməlidi. Bəlkə də, qıraqdan bir az sərt görünə bilər. (Eynəkdə). Amma  yalnız  uzaqdan. Şair-rəhbər, rəhbər-şair redaksiyaya təqdim olunan bütün yazıları gözlərinin nurundan  keçirir. Dərc olunan mətnlərin üstündəki   işıq gözünü qamaşdırır və öz-özünə "belə  insanlar varsa, yaşamağa dəyər"-deyirsən. Bu yazdıqlarım Qulu Ağsəs haqda düşündüklərimin yalnız balaca bir hissəsidi. Əminəm ki, Ağsəsin söz və öz dünyasına  işıq tutmaq üçun hələ çox zamanımız olacaq. Hələliksə, ədəbiyyatın keşiyində dördgözlə dayanan şairə sevdiyi işində   dözüm, səbir və mətanət arzulayıram .  Onsuz  da uğur həmişə var.

Görüşənədək, əziz oxucu!

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2023)