GÜNDƏM ŞEİRLƏRİndə “Yandırıb”

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının bugünkü Gündəm şeiri Yusif Nəğməkardan gəlir. O, şeiri yazma səbəbini özü izah edir. 

 

İstedadlı şairə xanım Adilə Nəzər öz Facebook səhifəsində riyakar dünyanın QARABAĞ məsələsində yenidən ciddi haqsızlığa... yol verəcəyi təqdirdə özünü yandıracağını yazdı...

 

Özünü yandırma, Adilə Nəzər,

Sənin yandıranın HAQDAN yandırıb.

Qədimdir etdiyin fəryad, dad-həzər;

Qəlbini söz eşqi çoxdan yandırıb!..

 

Canda qalaqlanıb fikrin külləri,

Duyğunun, ilhamın alov dilləri...

Yağı-düşmənlərin xain əlləri

Yurduna tuşlanan oxdan yandırıb...

 

Haçan ocaq çatdın misralarında,

Alov çiçəkləndi əsrarlarında...

Səni od mizrabın könül tarında

O gündən, o an, o vaxtdan yandırıb...

 

Var ikən ATƏŞGAH- yanar çağımız,

Özünü yandırma, ruhusağımız.

Bəs edər od saçan YANARDAĞIMIZ;

TANRI ULUMUZU dağdan yandırıb!..

 

Yanmaq-- fədakarlıq andırmağındır,

Anmaq-- sınmaz sanı sındırmağındır...

Hər şeir-- özünü yandırmağındır --

Qədərdən, taledən, baxtdan yandırıb!..

 

Donan heyrətindir yanan qeyrətin,

Onsuz, od püskürür qalib MİLLƏTİN;

Çıxıb axırına zülmün, zillətin,

İşğal divanını taxtdan yandırıb!..

 

Neyləyək, namərddir həyatda çoxluq?!.

Arayıb-axtarma, yox gözütoxluq...

Dünyada ədalət deyilən yoxluq

Sənin varlığını yoxdan yandırıb...

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2023)