QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

44-CÜ DƏRC

 

 

10-CU PROSES.

QAREGİN NJDE

 

 

İnsan həyatı necə müxtəlifdir. Əksəriyyət xoş işlərlə, qurub-yaratmaqla tarixdə qalır. Amma bəziləri də cinayətlə, baş kəsməklə, qan tökməklə adlarını tarixə yazdırırlar. Cəlladların, killerlərin, diktatorların, manyak qatillərin adlarını tarixin qatlarına qara hərflərlə yazdırması, hər dəfə o qatlar açıldıqca lənətlənmələrini zəruri edir, bu təbiidir. Amma nə yazıq ki, bəzən belələri bir xalqın qəhrəmanına çevrilir, onlara abidələr qoyulur, adlarına küçə-prospekt salınır. Canini qəhrəman edən xalq, əslində, özü də bir cinayət edir, zamanla belə cinayətlər mütləq öz qiymətlərini alırlar. 

Bu səhər şərtləşiblərmiş kimi hakimlərin üçü də Divana vaxtından tez gəlmişdi, fransız kruassanı ilə kofe işərək söhbətləşdilər, dərdləşdilər, prosesi təhlil etdilər. Hazırda prosesin kulminasiyası idi. 17 cinayətkarın ən qatılarının mühakiməsi dalbadal məhz prosesin ortasına düşürdü: Andronik, Hamazasp və Njde. İkisinin prosesi artıq bitmişdi, Böyük Divan onlara layiqli cəzalarını vermişdi. Bu günsə Njdeyə Divan qurulurdu. Ermənilərin əslində ən çox anılan, ən çox sevilən, ən böyük milli qəhrəmanları da məhz bu şəxs idi. Hətta proses öncəsi Böyük Divanın xahişi ilə Əsas dünyada ermənilər arasında “Ən sevimli milli qəhrəmanınız kimdir” mövzulu sorğu keçirilmiş, nəticə Njde üçün feyerik qələbəni şərtləndirmişdir. Respondentlərin 78 faizi məhz bu idollaşdırılmaqda olan qəhrəmanın adını çəkmişdir.

Hakimlər prosesqabağı ümidli olduqlarını söylədilər ki, bu prosesi də yüksək səviyyədə, insidentsiz keçirə biləcək, bitəndən sonra da dərindən nəfəs almağı Yaradan onlara çox görməyəcək.

-Qalxın, Divan gəlir!

Kulisdən gələn səsin növbəti elanla davamı eşidilincə (“Bu gün Divanı qurulacaq şəxs erməni nasist ideologiyasının banisi, faşist Almaniyasına xidmət göstərmiş Qaregin Njde kimi tanınan Qaregin Yeqişeviç Ter-Arutyunyandır”) səhnədəki növbəti portretin örpəyi açıldı, iri tüklü papaqlı, qara şəvə bığlı, iri gözləri bərəlmiş, əli silahlı, yaxası patrondaşlı bir şəxs durdu  hamının gözü qabağında, amma mühafizəçilər onun özünü zala gətirəndə onu əvvəldən tanımayanlar dərhal anladılar ki, bu şəkil təqsirləndirilənin gənclik çağının şəkliymiş, indisə onun saçları çallaşmışdı. Zil qara kostyumdaydı, altından boğazlı cemper geyinmişdi. Və onu tanımayanlar onu da anladılar ki, hardasa 50-60 yaş verə biləcəkləri bu şəxs Axirət dünyasının sakini olmalıydı, çünki sağ qalsaydı 80 il əvvəl façistlərə xidmət etmişdisə, demək, ən azı yüz-filan yaşı olmalıydı.

Yaşlı Hakim Njdeni çox əsəbi qarşıladı, amma Baş Hakim xeyli təmkinli görünürdü.

-Hə, Qaregin Njde, axır ki, sənin də zamanın yetişdi!

Bu sözlər isə Baş ekspertdən gəldi. O, dərhal da bu müdaxiləsinin səbəblərini izah elədi:

-1943-cü ildə mənim babam, nənəm, atam, iki əmim və bir bibimi Pozdnan şəhərindən esesçilər düz Osventsimə - ölüm düşərgəsinə apardılar. Orada onların hamısı krimatoriyada yandırıldı. Onların tək bir günahı var idi, onlar yəhudi idilər. Yalnız təsadüf nəticəsində atam ordan sağ çıxdı, mən dünyaya gələndən atamın dilindən bax bu Qaregin Njdenin, Dronun, erməni polisaylarının lənətlənməsini eşitmişəm. Bunlar Polşadakı yəhudilərin siyahısını tutub bir-bir hamısını façıstlərin əllərinə verirdilər. 2-ci dünya müharibəsində milyonlarla insanın məhv olmasının baiskarı kimi bu iki cəlladın adı əbədi tarixə düşübdür.

Dərhal ürəyi sözlə dolu olan yaşlı hakim də dilləndi:

-Njdenin cinayətləri tək bir hadisə ilə sərhədlənmir. Bir baxın, bu insan – hərçənd ona insan deməyə mənim dilim də gəlmir, əsrlər boyu nə qədər tarixi dönəmlərin, sistemlərin, hadisələrin cəllad qismində iştirakçısı olub. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəlləri Osmanlı inperiyasına qarşı erməni qiyamları, sonra 20-ci əsrin əvvəllərində Bolqarıstan ordusunun tərkibində türklərlə müharibə, sonra 1-ci dünya müharibəsində çar ordusunun tərkibində türklərlə müharibə, dinc türk əhalisinin qətliamı, sonra erməni ordusunun komandanı qismində rus bolşeviklərlə müharibə, erməni kommunistlərinin məhvi, ardınca dinc azərbaycanlı əhalinin qətliamı, sonra Bolqarıstanda, ardınca Amerikada nasist təşkilat yaradaraq erməni gənclərini millətçiliklə zəhərləməsi, sonra 2-ci dünya müharibəsində faşizmə xidmət, müttəfiqlərin ordusuna yetirdiyi ziyanlar, yəhudi soyqırımına verdiyi töhfələr... Məncə, tarixdə belə bir qanlı karyera qurmuş ikinci şəxs olmayıb.

Baş Hakim bütün bu çıxışları dinlədikdən sonra öz tanıtım nitqini saxlamalı oldu, amma hər halda Njdeyə belə bir sual verdi:

-Qaregin Njde, siz özünüzü kim sayırsınız?

Njde dərhal cavab verdi, dedi, mənim özümü kim saymağımdan asılı olmayaraq erməni xalqı məni özünün peyğəmbəri sayır.

Tamaşaçıların etiraz səsləri ərşə qalxdı, Baş Hakim təəccüblə yanında əyləşmiş yaşlı hakimə baxdı, sanki “bu nə çərənləyir” demək istəyirdi, amma yaşlı hakim pıçıldadı ki, həqiqətən millətçilərin əlində oyuncaq olmuş zavallı erməni xalqı bu şəxsi peyğəmbər sayır, ona mavzoley ucaldıb ziyarətinə gedir.

Söz diktor mətninə verildi, müttəhim auditoriyaya təqdim olunmalıydı, bu yerdə gənc hakim də debatlara qoşuldu, söz alıb Ermənistanda hazırkı durumda Njde nasizminin çiçəklənməsinə toxundu.

-Möhtərəm Divan əhli, məhtərəm tamaşaçılar. Ermənistanın bundan öncəki rəhbəri Serj Sarkisyan Almaniyaya – baş nazir xanım Markellə görüşə yollananda faşizmə xidmət etmiş ermənilər barədə, Vermaxtın erməni legionu və onun liderləri barədə ağızdolusu danışıb onlara rəğbət bildirməsi ilə dünyanın tərəqqipərvər əhalisində qəzəb oyatmişdi, xüsusən faşizmdən ən çox əziyyət çəkən yəhudi və rus xalqı bu addımı pisləmişdi. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan isə bu yaxınlarda babasının faşistlərə xidmət etməsi ilə qürur duyduğunu bildirdi. O, Qaregin Njde, general Dro kimi milliyyətcə erməni olan faşistlərə və onların əlaltılarına aşkar rəğbət bəsləməsi ilə tanınmaqdadır. İstisna etmək olmaz ki, Paşinyanın ailəsində, eləcə də digər erməni ailələrində nasizm ideyaları hələ də təbliğ olunur. Faktlar onu göstərir ki, Vermaxtın erməni legionunun fəaliyyətinə Ermənistanın əvvəlki və indiki hakimiyyətləri tərəfindən bəraət qazandırılır. Paşinyan özü Qaregin Njdenin Ermənistanın baş qəhrəmanı olduğunu bəyan edib. Xatırlatmaq lazımdır ki, erməni legionu Vermaxtın tərkibində erməni xalqının nümayəndələrindən ibarət işğalçı dəstə idi. Qondarma “Böyük Ermənistan” xülyaları burada da öz işini  görmüşdü, belə ki, bu dəstənin hərbi məqsədi qondarma “Böyük Ermənistan”ın yaradılması idi. Sovet dövründə erməni legionunun tarixi - erməni xalqının rüsvayçılıq tarixi idi, kitablar, digər mənbələr ustalıqla bu tarixi geniş ictimaiyyətdən gizlətməyə çalışırdı. Amma müstəqillik dönəmində ermənilər bu tarixi öz şərəf tarixlərinə çevirdilər, milyonlarla insanın qətlinə fərman vermiş Hitler faşizminə xidmət göstərməklərini qəhrəmanlıq hesab etdilər. Hətta Sarksyan rejimi Yerevanın paytaxtında Qaregin Njdeyə abidə də ucaltdı. Erməni ictimaiyyəti hazırda ad günündə bu faşist cəlladının abidəsini ziyarət edib, ona təzim edərək önünə tər çiçəklər qoymaqla 2-ci dünya müharibəsində həlak olan on milyonlarla insanın ruhunu təhqir edirlər. Ən dəhşətlisi isə Njdeyə mavzoley tikilməsi, mavzoleyin ziyarət yerinə çevrilməsidir.

 Baş Hakim gənc hakimə minnətdarlıq bildirib diktor mətnini gözlədiklərini bildirdi, iki diktor səhnəyə çıxıb növbəli şəkildə mətn oxumağa başladılar.

Birinci diktor:

-Qaregin Yeqişeviç Ter-Arutyunyan bütün mənbələrdə Qaregin Njde kimi tanınır. Erməni milli ideologiyası olan tsexakronizmin banisidir. Erməni millətçiləri onu xalqın qəhrəman övladı, ən görkəmli şəxsiyyəti adlandırırlar, halbuki tərəqqipərvər ermənilər onu faşızmə xidmətinə görə lənətləyirlər. Njde 1886 -cı ildə Çar Rusiyasının İrəvan quberniyasının Naxçıvan uyezdinin Kuznut kəndində, ruhani ailəsində dünyaya gəlib, Naxşıvanın rus məktəbində ilk təhsilini alıb, sonra Tiflis gimnaziyasında təhsilini davam etdirib. 1902-ci ildə Peterburq universitetinin hüquq fakültəsinə daxil olub, amma təhsilini bitirə bilməyib, inqilabçılarla əlaqəsinə görə universitetdən qovulub. Belədə, o gedib Daşnaksütun partiyasına üzv olub.

1906-cı ildə Njde Bolqarıstana gedib, daşnakların Rostom Zoryanın başçılığı altında gizli fəaliyyət göstərən hərbi məktəbində təhsil almağa başlayıb. Burada 400 erməni və bolqar hərbi təlim alıb Türkiyə imperiyası ərazisindəki Şərqi Ermənistan və Makedoniya bölgələrinə qiyam eləməkçün göndərilmişdi.

Mətn ikinci diktora keçdi:

-Njde məktəbi bitirib Qafqaza qayıtdı, Murad Sebastatsinin dəstəsinə qoşuldu, ümumerməni cəbhəsinə üzv oldu. 1909-cu ildə çar hakimiyyəti terror fəaliyyətinə görə 163 daşnakı, o cümlədən də Njdeni  həbs etdi, 1912-ci ilədək o, Culfa, Naxçıvan, Novoçerkassk və Peterburq həbsxanalarında yatdı. Həbsdən azad olunan kimi Bolqarıstana keçdi. Orada o, əlinə tüfəng alıb, belinə patrondaşı bağlayıb, başına iri tüklü papaq qoyub, eşmə bığ saxlayaraq 1-ci Balkan müharibəsində bolqarların tərəfində türklərə qarşı vuruşmağa başladı. Həmin dönəmdə o, Androniklə birgə yüzlərlə könüllü ermənini bolqar ordusuna gətirmişdi.

1912-ci ildə Njde ikinci erməni rotasının komandanı təyin olundu. Belomoryedə Yavər paşanın komandanlıq etdiyi türk ordusu ilə döyüşdə şücaətinə görə ona Bolqarıstanın və Yunanıstanın ordenləri, habelə Balkan xalqlarının qəhrəmanı adı verildi.

1913-cü ildə o, yaralandı. Həmin dönəmdə ruslar Njdeyə diqqət göstərirdilər, hətta sonradan Rusiya tarixində əhəmiyyətli yer tutacaq Lev Trotski müxbir qismində Njdedən “Kiyevskiy mısl” qəzeti üçün müsahibə də almış, onu alqışlamışdı.

Mətn yenidən bir diktordan ikinciyə keçəndə yaranan pauzadan istifadə edərək Baş Hakim üzünü ekspertlərə tutub bir sual ünvanladı:

- Qaregin Yeqişeviç Ter-Arutyunyan – bu bəllidir. Bəs niyə Njde? Bu sözün ermənicədən tərcüməsi nədir?

Baş ekspert sualı dərhal cavablandırdı:

-Njde – erməni dilindən “qəribə adam” kimi tərcümə olunur. Bu şəxsin doğrudan da heç bir hərəkətinə öncədən proqnoz vermək mümkün deyildi. Amma mən, daha çox bunu onun qəribəliyi ilə yox, şizofrenikliyi ilə izah edərdim.

Proses başlayandan Baş eksperti qanlı-qanlı süzən Njde bu dəfə ona söz atmaqdan özünü saxlaya bilmədi:

-Gərək o vaxt sənin atanı da cəhənnəmə vasil edərdilər ki, yerində sənin kimi bir nadan qalmayardı.

Tamaşaçılar onun replikasını etiraz və qəzəb səsləri ilə qarşıladılar, Baş Hakim sakitlik yaradıb diktorlardan mətnin oxunmasını davam etmələrini xahiş etdi.

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2023)