“Qar Mələyi” - Signor Bayramlı Məhəmmədin hekayəsi Featured

Rate this item
(3 votes)

Bu gün Sabunçu Gənclər Evində fəaliyyət göstərən “Azərbaycan oxucuları” Kitab Klubunun daha bir yaradıcı üzvünü təqdim edirəm: Signor Bayramlı Məhəmməd.

O, 24.03.2000-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. “Bakirə”, “Samuray” romanlarının və “Xəyalların kölgəsində” adlı hekayə məcmuəsinin müəllifidir. Tərcüməçidir. Mustafa Lütfi Əl-Mənfəlutinin “Sabah”, Mustafa Mahmudun “Subay həyatı” hekayələrini dilimizə tərcümə etmişdir.

 

Aytən Hüseynli, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Qar Mələyi

Signor Bayramlı Məhəmməd

“ALFA” Komandası

 

Bakı qara həsrət qalmadan əvvəlki günlərin biri idi. Buluddan qopan qar dənəcikləri nazlı gəlin kimi astaca enib, Bakının hündür binalarını, neft qoxan Xəzərin mavi, dalğalı sularını, kələ-kötür yolları öpərək soyuq nəfəsini şəhərə hədiyyə edir və özündən geriyə sadəcə xatirələr qoyub, qeyb olurdu. Hərdən ağacların budaqlarında qar topası qalırdı. Uşaqlar əllərini tərlədən qalın əlcəyi geyinib, həvəslə həyətə qaçır, amma qar görməyib məyus olurdular. Gözlərini süzüb evə qayıtmaq istərkən isə Tanrının hədiyyəsinə – bəyaz qarın çiyinlərinə qonmasına şahid olurdular. Qarın yağmasına sevinəndən çox, kədərlənənlər  vardı. Soyuq qar boruları dondurduğu üçün qışa lənət oxuyaraq su axtarmağa gedən atalar, altı deşilmiş çəkmələri su keçirən uşaqlar və bu mənzərəyə daxil ola biləcək digərləri. Amma hər şeyə rəğmən qış şəhərə toxunurdu. Kiminə görə bu ehtiraslı öpüş, kiminə görə isə sərt bir şillə idi...

Şəmsiyyə qara uzun saçını sol çiynindən aşağı sallayıb, kresloda oturmuşdu. Pəncərəyə baxan qəhvəyi gözlərindən düşüncəli olduğu hiss olunurdu. Barmaqları dizinin üstündəki skripkaya toxunduqda, ahəngli musiqi yerinə nizamsız cingiltilər səslənirdi boş evdə. Qarşısındakı kiçik qara masanın üzərində içində iki solğun lalə olan güldan, yeni doğulan körpənin qəlbi qədər təmiz bir not dəftəri və işlənmədiyi üçün az qala mürəkkəbi quruyacaq bir qələm vardı. Çoxdandır heç nə bəstələyə bilmirdi Şəmsiyyə. Bütün ömrü musiqinin qucağında keçən, suyun şırıltısından tutmuş, küçədə bir itin hürməsinə kimi hər səsdən bir şahəsər ortaya çıxaran Şəmsiyyə artıq yaradıcılıq böhranı yaşayırdı. Ən sevdiyi fəsildən belə həzz ala bilməyəcək hala gəlmişdi. “Musiqi bizi hər an izləyir. Sadəcə biz onun varlığını hiss etmək üçün hərdən susmalıyıq” deyən Şəmsiyyə, ruhunu saran musiqinin səsini eşitmirdi. Bəlkə də o da Bethoven kimi kar olmuşdu. Bəs o da kar ola- ola şahəsər yarada bilərdimi? Çətin ki, bunu bacarardı. Tarix ikinci Bethoveni daşıyacaq qədər güclü deyil çünki. Nə qədər musiqini eşitməsə də, onun var olduğuna əmin idi. Bəlkə də toza dönüb, kitab rəfinə qonmuşdu musiqi. Hansısa kitabı vərəqləyəndə, arasından notlar töküləcəkdi bəlkə də. Ya da ki, skripkanın simlərində gizlənmişdi. Onun ən sadiq dostu olan skripka, dar günlər üçün bir-iki not saxlamışdı yəqin ki. Bəlkə də, sadəcə özünü aldadırdı. Şəmsiyyə ehtimallar dənizində lövbərsiz gəmi kimi üzürdü. Hansısa ehtimal sahilinə yan almaq istəsə də, onu orada saxlayacaq bir lövbəri yox idi.

O, düşüncələrinin dərinliyinə o qədər dalmışdı ki, qapının zəngini eşitmirdi. Şəmsiyyəni düşüncələrindən çiyninə toxunan zərif əl ayırdı. Başını qaldıranda ona dikilmiş mavi gözləri gördükdə, özünə gəldi. Üzünə yalançı bir təbəssüm ilişdirib, dedi:

- Gəldiyini hiss eləmədim.

- Sənin verdiyin açarla açası oldum qapını. Demişdin axı hərdən yaradıcılığını yarımçıq qoyub, qapını açmağa gələ bilmirsən- deyib, skripkanı Şəmsiyyənin dizindən götürdü.

- Malıma bələdəm də. Düzü indi nəsə yaradan halda deyiləm. Bəlkə sən nəsə deyəsən, şairəm.

- Mənim bir hekayəm var, amma sən bəyənərsənmi, bilmirəm – Şəmsiyyənin yanındakı kresloda oturub, dedi.

- Sən de. Onsuz da bekaram. Dinləyərəm.

- Yaxşı. Hekayə “Qar Mələyi” adlanır. Əzrailin dilindən nəql olunur...

 

Hər şey 1950-ci ildə başladı... Qar bütün yarımadaya yayılmışdı. Yerdəki təkər izləri təhlükənin hələ də davam etdiyindən xəbər verirdi. Qanla qarışmış qar ayaq altında qalıb xışıldayırdı. Uzaqdan hələ də silah səsləri eşidilirdi. Qarın varlığının hiss olunmadığı tək yer, alovlar içində yanan balaca ev idi. Əsgərlər evdəki qadını və kişini güllələyib, evə od vurmuşdular. Anasının gizlətdiyi balaca kolun içindən bütün bunları seyr edən balaca qızcığaz isə, səssiz hıçqırıqlarla ağlayır və əsgərlər onu tapmasın deyə buza dönmüş əlləriylə üzünü tuturdu. Elə bilirdi ki, üzünü gizlətsə, heç kim onu tapa bilməz. Əsgərlər getdikdən sonra yanıb, külə dönmüş evlərinə girən qızcığaz ata-anasını tapa bilməyib, sakitcə oradan uzaqlaşdı. Anasının qulağına pıçıldadığı sözlər hələ də yadında idi: “Seonam, qızım. Əsgərlər səni görməsin. Əgər bizi tapmasan, Solnan xalanın yanına qaç. O səni saxlayar.” Seona ayaqyalın soyuq qarın üzərində gəzərkən, Solnan xalasının hansı tərəfdə olduğunu xatırlamağa çalışırdı. Əsgərlərə görünməmək üçün meşəylə getməyə çalışdı. Vaxtilə atasıyla birlikdə gəzdikləri meşədə, indi tək gəzməli idi. Ölümün rəqs etdiyi bu meşədə balaca qızcığaz, yalnız addımlayırdı.

Siyahım uzun idi bu gün. Təki o siyahıda Seona olmayaydı. Seona ağacların arasında asta-asta yeriyərkən, gecənin meşəyə necə çökdüyünü hiss eləmədi. Amma qaralan hava və mədəsindəki boşluq, onun dincəlməyə ehtiyacının olduğundan xəbər verirdi. Seona hündür bir ağacın dibinə çöküb, əllərini ovuşdurmağa başladı. Hava çox soyuq idi. Bədənində qanı donurdu. Amma buna dözməli idi. Səhər açılanda, Seona gözlərini güclə açdı. Gecə yağan qar onun üzərini bir yorğan kimi örtmüşdü. Güclə ayağa qalxıb, yoluna davam elədi.

Mən onun getdiyi kənddən çıxmağa hazırlaşırdım ki, donmuş əlini ilıq nəfəsiylə isitməyə çalışaraq gəldiyini gördüm. O an gözlərini bağlayıb bu faciəni görməməsini istərdim. Di gəl, bacarmırdım. Gözləriylə bu qırğını gördü. Amma yanan evlər onda qorxudan çox sevinc hissi oyatdı. Seona sadəcə donmuş bədənini isidəcək bir soba kimi baxırdı evlərə. Mən onun üzündəki sevinci hələ də xatırlayıram. Bir anlıq bu mənzərəni izləmək istədim. Amma getməliydim.

Düz iki gün sonra onunla görüşdüm. Kəndin ayağındakı dar yolda qar adamıyla oynayırdı. Gedəcək yeri yox idi. Nə də onunla oynayacaq bir dostu. Qardan adamla oynayır, təngənəfəs halda qarın üzərində otururdu.

Həmin gün də belə olmuşdu. Mən onu almağa gələndə, sakitcə qarın üzərində oturmuşdu. Bir müddət sonra yuxuya getdi. Üzündə məsum bir ifadə vardı. Saçına sığal çəkib, qucağıma aldım. Elə yüngül idi ki... Mən ona toxunanda qəribə bir hiss yarandı. Ilk dəfə idi ki, birinin ruhunu alanda belə məyus olurdum. Onu əbədiyyən izləyə bilərdim. Əslində bunun imkansız olduğunu bilirdim. Mən cəhənnəm atəşi qədər isti, o isə ovuc istisində əriyən qar mələyi.

 

Şəmsiyyə hekayə bitdikdən sonra göz yaşına qarışan sevinc dolu baxışlarını qıza yönəldib, ayağa qalxdı. Ona möhkəm sarıldı. Daha sonra çoxdandır əlinə almadığı mürəkkəbi qurumağa başlamış qələmi götürdü və yazmağa başladı. Notlar sətirlərə toxunarkən, yazılan hər səs Şəmsiyyənin qulağında səslənirdi. Qarşıda onu musiqinin qucağında keçəcək bir gecə gözləyirdi. Notların üstündə isə tək bir ad diqqəti özünə cəlb edirdi: Qar Mələyi.

 

“Ədəbiyyat və incəsənət”

(19.10.2023)