Arzulayın!!!- ESSE Featured

Eminquey Akif yazır

 

 

İkimərtəbəli, mansartı olan xudmani, sarı rəngli bir evim olacaq. Evimin dörd bir yanı həyət. Həyətdə sarmaşıqların, çiçəklərin ağuşuna aldığı, dostlarımla, sevdiklərimlə oturmağa bir yer. Qışda həyətdə manqal qalayıb şabalıd qovuracam. Samovar qalayacam. Sevdiklərimlə gözəl vaxt keçirəcəm. 

 

Həyətdə ağaclar olacaq, yaşıllıq olacaq. Yayda anam, həyat yoldaşım otluğun üstündə, ağacın dibində yerdən süfrə hazırlayacaq. Qonaq dəvət edəcəyik. Qızım Günəş dostlarımın övladları ilə həyətdə oynayıb, deyib-güləcək. "Ata" deyib üstümə cumacaq, qucaqlayacaq məni. 

 

Eyvanımız olacaq, bir də Gün işığının səhər yuxudan oyatdığı pəncərələr. Hər səhər o eyvana çıxıb, pəncərəni açıb bir siqaret yandırıb kofemi içə-içə Günəşin istisini, sarmaşıqların, çiçəklərin qoxusunu udacam. 

 

Anam üçün bir mətbəx düzəltdirəcəm ki, 30 ilə yaxın darısqallıqdan çəkdiyi əziyyəti unuda bilsin. Hərənin öz çarpayısı olacaq, hərənin öz otağı olacaq. Hərənin öz çarpayısı olanda o bu dünyadan gedəndən sonra bir çarpayılıq xatirəsi qalır, yeri görünür. Mən hələ də yaşadığım evdə atamın yatdığı yeri tapa bilmirəm. 

 

Bütün çərçivəsiz xoş anlarımızın çərçivəli fotoları qonaq otağının divarlarını bəzəyəcək. Və atam... o isə həmişəki kimi anamın çarpayısının baş ucunda - divardan asılıb ömür gün yoldaşını izləyəcək. Anam yenə də gecə yerinə uzananda atama "gecən xeyirə" deyəcək, səhər yuxudan oyananda "sabahın xeyir". Amma bu dəfə təkcə şəklinə baxıb deməyəcək bu sözləri, həm də yanındakı boş yerlə "kaş yanımda olaydın" deyib söhbətləşəcək gecələr. Qızım Günəşə babasından danışacaq. Babası bizi görüb xoşbəxt olacaq, şad olacaq.

 

Gələcəkdə doğulacaq qızım, Günəş! Sən doğ(ul)masan qaranlıq olacaq hər yer. Bilmirəm, sən doğulacaqsan, ya yox, amma doğulsan, bir gün böyüyəcəksən və bu məktubu oxuyacaqsan. Mən Azərbaycan kişisiyəm. Mentallıqdan çıxmaq mənim üçün çətindir. İstəyirəm ki, sən sevgini mənim qorxumu gözünə almadan yaşaya biləsən. Amma biləsən ki, həmişə arxandayam, tək deyilsən. Sənə bu vaxta kimi heç bir dini təbliğ etməmişəm, seçimində azadsan. Amma bil ki, Allah var və mənə sənin kimi bir övlad qismət edib. 

 

Səni məcbur etməyəcəm təhsilində. Əsas odur ki, biləsən, sən gələcəyin qadınısan və ayaqların üstündə durmağı bacarmalısan. Bunun üçün seçim sənindir. Amma mütləq savadlan. Gələcəyin üçün, övladların üçün, özün üçün. Bil ki, sənin həyatdakı yeganə məqsədin ailə qurmaq deyil. Və həyat ailəsiz də davam edə bilir. İşdir, birdən seçimində yanılsan, qorxma. Daima arxandayam. Amma öz ayaqların üstündə dayanmağı bacar ki, heç nədən çəkinməyəsən.

 

Unutma ki, sən böyük bir nəslin Günəşisən. Sən doğmasan, qaranlıq olacaq hər yer. Sən elə bir övlad yetişdirməlisən ki, cəsarətilə ağlını birgə işlədə bilsin. Amma qurbanın olum, övladına yaltaqlığı, susmağı öyrətmə. Övladına çörək qazansın deyə təhsil vermə. Övladını hamı üçün faydalı olsun deyə tərbiyələndir. Övladına qorxmamağı öyrət.

 

Mənimlə birgə film izlədiyin, musiqi dinlədiyin, teatra getdiyin, şeir, roman oxuduğun günləri xatırla. Və sən də övladlarınla birgə bunları et. Onlara nəyisə diqtə etmə, sadəcə, yönləndir. 

 

Taleyin işini bilmək olmur. Birdən məni tez itirərsən, ona görə də mənə arxalandığın qədər özünə də arxalan. Məni unut, adımı unut və atdığın bütün addımları öz adına say. Yaxşısını da, pisini də. Sən nə mənə, nə də anana oxşamağa məcbur deyilsən. Amma bizə baxıb özün ola bilərsən, özünü tapa bilərsən. 

 

Səndən bircə istəyim var, bircə. Özünü kiçik görmə. İnsan bəşər üçün doğulur, təkcə mətbəx üçün, ailə üçün, vətən üçün yox. O bəşərin içində bütün bunlar cəm olub. 

 

Hə, bir də, ananın yanında məni qucaqlama, qucaqladınsa da ikimizi birdən qucaqla. Qısqanclıq bəşər-zad tanımır.

Arzulayın! Arzularınızı qeyd edin, bölüşün və daima var imiş kimi, gerçəkmiş kimi düşünün. Mütləq ki bir gün gerçəkləşəcək

 

P. S Ananı tapdıq, qızım!

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.