BİRİ İKİSİNDƏdə Aysel Fikrətin “Kaktus çiçəyi” Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün Nəsr saatıdır, sizlərə Aysel Fikrətin “Kaktus çiçəyi” hekayəsi təqdim olunacaq.

 

 

 

NƏSR

 

Aysel FİKRƏT

 

 

KAKTUS ÇİÇƏYİ

 

İlk dəfə gəlin getdiyim evin eyvanındakı kaktus çiçəklərindən anladım: gəlin getmək, əslində, çox yad bir duyğuymuş. İnsan da özü öz ayağıyla doğma evindən, sevdiklərindən çıxıb gedərmi? Hara qədər? Qəti bunu qəbul etmədən ilk gündən içimdəki üsyanı qıraqdan izləməyə başladım. Gəlin getməyin ilk dəfə şəxsiyyət ikiləşməyini yaradan psixoloji xəstəlik yaratdığını başa düşdüm.

İlk dəfə üstümə gələn, məni anlamayan, başqa duyğuları daşıyan insanları öyrənməyə başladıqca anladım; əməlli-başlı həyatın dibinə yuvarlanıram, ətrafda bir saman çöpü belə yoxdur. Gəl, – deyə haradasa uzaqdan bir doğma səs mənə kəndir uzatdı. Kəndirə sarılıb yuxarı qalxırdım ki, yuxudan qapı döyülməyinə oyandım. Qapının arxasında bir sürü adam saat səkkizi keçmədən ayağa qalxmalı olduğumu sübut etdilər. Baxışlarıyla qapını göstərib, nəyəsə eyham vurdular. Çox keçmədən əlimdə bir sürü əşya həyətdə donub qalmışdım. Ətrafda bir yığın toyuq-cücə kəsiləcəklərini gözə alıb həyata sığınırdılar. Sonra gözlərimə inanmadım; çox keçmədi, qonşu evlərdən mənim kimi ayaqlarını sürüyə-sürüyə gəlinlər çıxdı. Əyinlərindəki geyimin mənə nəyisə xatırlatdığını yəqin etdim. Sonra bir özümə, bir də onlara baxdım. Eynisi idi. Qapıdan bizi izləyirdilər. Heç kim özünü itirmirdi, hamı bir nəfər kimi xalçaçırpanı xalçaya çırpırdı. Hər çırpanda sanki burada hədər gedən boş günləri kötəkləyirdilər. Anladım ki, gəlinlik hərbi vəzifədir – öz geyimi, öz qanunu olan.

Yaşasın azadlıq! İlk evdən çıxdığım günü heç unutmaram. Günəşli bir gün idi. Adını bilmədiyim xalalar, bibilər... Hamısını bir-bir qucaqlayıb öpmək istəyirdim. Poçt idarəsinə ərimdən gələn məktubu almağa getmişdim. Sən demə, bu məhəllədə bütün qadınlar ərlərini toy səhəri köçəri quş kimi göyə uçurdub yazda yolunu gözləyirlərmiş…

Bu məhəllədə toylar payızda olur. Hər gün səhər o gəlinlərin geyimlərindən tutmuş, göz yaşlarına qədər eyniləşdiyini görüb ağlımın yerindən oynayacağından çox qorxurdum. Onlardan bir damla belə fərqlənmirdim. Nə yaxşı ki, bir kimsə bir kimsənin beyninin içinə girmir. Mənim fərqim içimdə idi. Hər an özümü ayıldırdım – yox, sən eyniləşmə, – deyirdim, nə edirsən-et, bu axına düşüb getmə.
Gözümün önünə məni yola salarkən atamın göz yaşları gəlirdi. Gəlin köçmək bu dünyadan köçməyə bənzəyirdi: sən gedər-gəlməzə gedirsən. Öz evinə dönüş yoxdur. Artıq sənin xəyalınla yaşayırlar. Hamı səni unudur, xatırlamır.

Qız uşağı qurbanlıq kimi bir şeydir. Dönüşü yoxdur. Hərdən o qadınların əri gəlirdi. Məhəllənin səssizliyi pozulurdu; haradasa biri arvadını döyürdü. Mən də xəyalımda o qadını zalım ərinin əlindən alırdım. Onu öldürürdüm. Heç düşünməzdim ki, insanlıqdan uzaq, qəddar, qorxulu hisslərin hamısını burada öyrənəcəyəm.

Mənə sevgi haqqında bir sürü yalan demişdilər. İlk dəfə “sevirəm” sözünü məhkəmə zalında eşitdim. Boşanma kürsüsündə ərimi beşinci dəfə idi görürdüm. Hakim mənə sual verdi:

         – Boşanma səbəbiniz?

Uzun bir danışıqdan sonra: həyatıyla barışan qadınları ordan qurtarın, - dedim. Hamı mənə gülürdü, hakim də:

– Bu nə düşüncədir?

– Xanım, ailə qurmaq sevgidən doğulan və insanlar üçün önəmli olan bir dönəmdir. Siz nə ilə mübarizə aparırsınız?

– Bir kimsə evlənməsinmi? Əgər sizin uğursuz evliliyiniz olubsa, hamı boşansınmı?

Azadlığıma qovuşduğum gün bərk soyuq idi. Hər tərəf ağappaq qar... Evimizə qədər qaçdım. Saatlarca qapımıza baxdım. Sonra yavaşca qapını döydüm. Qapını mənə açan elə özüm idim. Gözlərində sevinci itməmiş halımla gülümsünürdüm. Əllərimi saçlarıma çəkib bağışla, – dedim. Gözləri dolmuşdu, sevinirdi. Üzümü çevirib getdim...

Yol həmişə ümid verir. İnsanın heç bir yerdə yeri olmayanda yol getmək istəyir. Nə qədər yol getdimsə, ardımca əl edən o qadınları unuda bilmədim. Onlar mənim içimdə böyüdülər, oğul-uşaq sahibi oldular, qocaldılar, öldülər. Əsla unudulmadılar. Elə indi də dediyim o məhəllə var. Orada qadınlar payız nübarından dadıb arzularından əl çəkirlər. Onların hamısının pəncərəsində kaktus çiçəyi olur.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2023)