Sabah Xalq şairi Məmməd Arazın yubileyidir - GƏNCLƏR KİTABXANASINDAN YUBİLEY TÖHFƏSİ

Rate this item
(0 votes)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Sabah - oktyabrın 14-də Azərbaycanın Xalq şairi, tərcüməçi, publisist, “İstiqlal” ordenli Məmməd Arazın anadan olmasının 90 illiyi tamam olur. Bu münasibətlə ölkəmizdə müəyyən tədbirlər olacaq, böyük şair yad ediləcək. 

 

Ölkə ədəbiyyatının daim nəbzini tutan Cəfər Cabbarı adına Respublika Gənclər Kitabxanası da bu yubileyə əliboş gəlməyib,  “Ədəbiyyatımızın, dilimizin Məmməd Araz dühası” adlı elektron məlumat bazası hazırlanıb.

Biz Məmməd Araz poeziyası deyəndə onun əzəmətini əks etdirmək üçün bircə şeiri nümunə gətirsək kifayət edər: Şairin 1970-ci ildə yazdığı bax bu şeiri:

 

VƏTƏN  MƏNƏ  OĞUL  DESƏ...

 

Buyruqlara sığışmayan inaddım,

Çox qanadlar yorub salan qanaddım.

Ulduzlara barmaq silkib, daş atdım;

Nizamlara baş əyməzdi nizamım.

 

Qayaları haçalardı qüdrətim,

Buludları parçalardı qüdrətim

Şimşəkləri qıçalardı qüdrətim,

Yorulanda nur mizrablı ozanım.

 

O selablar seləliyim yalanmış,

Ötən günlər çalağanmış, çalanmış.

Bircə kövrək xatirələr qalanmış,

Onu da ki, ha çevirim, ha sanım...

 

Vətən mənə oğul desə nə dərdim,

Mamır olub qayasında bitərdim.

Bu torpaqsız harda, nə vaxt, nə dərdim --

Xəzanımdır, xəzanımdır, xəzanım.

 

Dünənimi döşdən asan deyiləm,

Dünənimə qəbir qazan deyiləm.

Ürəyimsiz kəlmə yazan deyiləm,

Nə qədər ki, öz əlimdi yazanım...

 

Kitabxanadan aldığımız məlumata görə, elektron məlumat bazasında görkəmli şairin Vətənə, xalqa sevgi, azadlıq, mübarizə motivlərinə köklənən zəngin yaradıcılıq yolu haqqında məlumat verilir. 

Elektron məlumat bazasında milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq adını ədəbiyyat tariximizə yazan Məmməd Araz haqqında görkəmli şəxslərin söylədikləri dəyərli fikirlər, müəllifi olduğu kitablar, xarici dillərdə çap edilən əsərləri, məqalələri, onun haqqında qələmə alınan dissertasiyalar və avtoreferatlar təqdim edilir. “Ədəbiyyatımızın, dilimizin Məmməd Araz dühası” adlı elektron məlumat bazasında görkəmli Xalq şairinə həsr edilmiş “Milli oyanışın və istiqlalın poetik manifesti” məqaləsinin tam mətni, “Rəsmi sənədlər”, “İzomateriallar”, “Vəsiyyət”, “Xatirəsinin əbədiləşməsi” kimi bölmələr yer alır. Məlumat bazasında müəllifin filmoqrafiyası, video və foto qalereyası da təqdim edilir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli şairin 90 illik yubileyi münasibətilə “Ədəbiyyatımızın, dilimizin Məmməd Araz dühası” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/ yerləşdirilib.

Təbii ki, kitabxananın gördüyü iş böyük şairin adına layiqdir.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)