QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

38-Cİ DƏRC

 

-“Bu cinayəti həyata keçirmək məqsədi ilə tarixdə "Evelina münaqişəsi” adını almış münaqişə törədildi. Azərbaycanın neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev təsadüfən öz əlindəki silahdan açılan atəş nəticəsində həlak olmuş, “vəhşi diviziya” adlanan müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün Lənkərandan Bakıya gəlmişdilər. Dəfn mərasimindən sonra zabitlər "Evelina" gəmisi ilə Lənkərana qayıtmalı idilər. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik partiyaları arasında belə bir şayiə yaydılar ki, guya "Evelina" ilə gedən zabitlər Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etmək tapşırığı almışlar. Bu təxribat xarakterli şayiə öz nəticəsini verdi, Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr "Evelina" gəmisinin tərk-silah edilməsinə tərəfdar oldu. Təcili şəkildə, martın 30-da Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradıldı. Həmin Komitənin təşəbbüsü ilə "Evelina"nın Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərksilah edildi. Amma bu, müsəlman əhalisi üçün əsl qüruratoxunma aktı idi, onlar məscidlərə toplanaraq silahların qaytarılmasını tələb etdi. Vəziyyətin ciddi xarakter aldığını görən Azərbaycanın milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gəlib alınmış silahları "Hümmət" müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərdilər. Martın 30-da Nəriman Nərimanovun evində S.Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə, silahların qaytarılmasına vəd verilməsinə baxmayaraq, bolşevik-daşnak koalisiyası sözünə əməl etmədi”.

Prosesin bu yerində Baş Hakim xahiş etdi ki, hadisələrin şahidi olan ingilis  tarixçisinin xatirələrini oxumaq yerinə düşərdi, mümkünsə oxusunlar.

Baş Hakim “ingilis tarixçisi” deyərkən Britaniya tədqiqatçı Piter Xopkirki nəzərdə tuturdu.

Ekspertlərin həmin xatirələri tapıb oxumaları an çəkdi:

-Hadisələrin canlı şahidi olan Britaniya tədqiqatçı Piter Xopkirk yazırdı: “Martın 30-da Bakı limanına müsəlman Vəhşi diviziyasının hərbçiləri gəldilər, onlar bolşeviklər tərəfindən tərksilah edildilər. Bu, müsəlman əhali arasında kəskin narazılıq yaratdı, silahlı müsəlmanlar məsələyə qarışdılar, onlar bolşeviklərin  “silahı təhvil vermək” barədə  ultimatumuna rədd cavabı verdilər, martın 30-da Bakı limanında toqquşma başladı.

Həmin gün bolşevik Nərimanovun mənzilində Bakı Sovetinin sədri, erməni Şaumyanla Azərbaycanın Müsavat partiyasının lideri Rəsulzadə arasında danışıqlar oldu, danışıqlar nəticəsində tərksilah edilən müsəlman dənizçilərinin silahlarının qaytarılması razılığı əldə olundu, amma bu arada Qızıl Ordunun süvari dəstəsinin Şamaxı küçəsində təxribat nəticəsində gülləbaran edilməsi barədə xəbər gəldi. Bolşeviklərin lideri  dərhal insidentə görə azərbaycanlıları günahlandırdı, halbuki insidentin səbəbkarları əsla müəyyənləşdirilməmişdi, beləcə danışıqlar kəsildi, hərbi əməliyyat başladı. Sonradan Şaumyan etiraf edəcəkdi ki, “Bu göydəndüşmə insident xəbəri Müsavat  başda olmaqla müxalifəti məhv etməyə əsl bəhanə oldu. Bütün cəbhə boyu hücuma keçdik. Tiflisdən – Sarıqamışdan  “Qafqaz Ordusu” hərbi-inqilabi komitə köməyimizə yetdi, silahlılarımızın sayı 6 min nəfərə çatdı.  Daşnaksütunda da bizim tərəfimizdə olan 3-4 min milli silahlı var idi.  Düzdür, ikincilərin müdaxiləsi konfliktə vətəndaş müharibəsi  xarakteri gətirdi, milli zəmində qətliama səbəb oldu, amma bunsuz keçinmək mümkün deyildi. Kasıb müsəlmanlar çox ciddi zərbə aldılar, amma indi artıq onlar bolşeviklərin ətrafında birləşməyə başlayıblar.”

Ekspert davam etdi:

-Hadisələrin canlı şahidi olan Britaniya tədqiqatçı Piter Xopkirk daha sonra yazırdı: “Bakı Soveti ilə daşnak silahlıları birgə müsəlman məhəllələrinə hücuma keçdilər. Bu məhəllələrin bombalanması üçün aeroplanlardan istifadə olunurdu, Xəzər donanmasının iki gəmisi isə sahildən bu məhəllələri atəşə tuturdu. Ələ keçirilən müsəlman məhəllələrində talan və zorakılıq baş alıb gedirdi, dinc müsəlman sakinlər, o cümlədən qadınlar və uşaqlar öldürülürdü. Bu işləri ermənilər edirdi. Zəif silahlanmış müsəlman dəstələri onlara heç bir müqavimət göstərə bilmirdi, barışıq xahiş edirdi. Hadisələrlə bağlı sonradan İranın poçt markası çıxmışdı, orada Bakıdakı İran konsulunun gəlib  öldürülmüş müsəlmanların cəsədinə necə baxması təsvir olunmuşdu.

Bakı Sovetinin yaratdığı İnqilabi Müdafiə Komitəsi Müsavata ultimatim yolladı, ultimatum bu bəndlərdən ibarət idi:

1.Bakı Sovetinin  hakimiyyətini qeydsiz-şərtsiz qəbul etmək, onun bütün əmrlərini icra etmək;

2.Bakı ərazisindən azərbaycanlıların “vəhşi diviziyası”nın dərhal çıxarılması.

3. Bakı-Tiflis, Bakı-Petrovsk dəmir yolunun açılması.

Martın 31-də Müsavat rəhbərliyi bütün şərtlərlə razılaşdığını bildirdi, ertəsi gün, aprelin 1-də bütün müsəlman evlərindən ağ bayraqlar asıldı.

Amma buna baxmayaraq, daşnaklar talan və qətliamı davam etdirdilər.”

Vaçyants yerindən dilləndi:”Mən öz ermənilərimizə yalvarırdım ki, müsəlman qardaşlarımızı öldürməyin. Qarşılarında diz çökürdüm. Amma onlar mənə məhəl qoymurdular.”

Hamazasp onu qanlı-qanlı süzdü.

Ekspert mətnin davamını gətirdi:

-Piter Xopkir daha sonra  yazırdı: “Ermənilər, görəndə ki, qədimi düşmənləri qaçırlar, qisas eşqi ilə onları təqib edirdilər. Bu, bütün müsəlman əhalinin qırılması, qalanların da şəhərdən qaçmasına kimi davam etdi. Şəhər od içində idi, küçələr müsəlman yaralıları və cəsədləri ilə dolmuşdu.”

 Rəsmi mənbələrə görə azərbaycanlıların qətliamı  5 aprelə, köhnə təqvimlə 24 marta kimi davam etmişdir. Bakıdakı Britaniya vitse-konsulu mayor Makdonnelin yazdığına görə “şəhərdə  dilənçi və səfilləri çıxmaq şərti ilə bircə normal müsəlman qalmamışdı”.

Bu yerdə hadisələrin xronologi ardıcıllıqla davamı oxunmalıydı, amma Vaçyants yenə müdaxilə etdi, özünün suçsuz olmasını sübut etməyə çalışdı, elə öz yanında oturan həmyerlisi Hamazasp tərəfindən də yerində oturduldu. Hamazasp onu qorxaqlıqda və satqınlıqda ittiham etdi, o da sözlərinin davamını gətirməyib bir müddətlik susdu. Amma az sonra çox asta səslə Hamazaspa iradını bildirdi, bu iradı yalnız lap yaxında oturanlar eşidə bilərdilər:

-Siz bütün erməni intelligensiyasını, burjuaziyasını ölümlə təhdid edirdiniz ki, partiyanıza pul köçürək, sizə silah alaq.

Onların mübahisəsi kəskinləşəndə Divanın mühafizəsi işə qarışdı.

Təyin olunan fasilədən sonra hadisələrin xronoloji ardıcıllığı geniş təfərrüatda tam oxundu.

-“1918-ci ilin həmin o məşum 30 mart günündə - saat 16.40 radələrində Bakıdakı erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar və soyqırıma başladılar. Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və digər Azərbaycan məhəllələrinə hücum etdilər. S.Şaumyanın xahişi və Leninin xüsusi göstərişi ilə Saritsından göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombalamağa başladılar. Azərbaycan xalqına divan tutmaq üçün əllərinə girəvə düşmüş daşnaklar erməni neft sənayeçilərinin barjlarında qoyulmuş toplardan Abşeronun şimalındakı kəndləri də atəşə tutdular. Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları və silahlanmış erməni ziyalıları İnqilabi Müdafiə Komitəsinin qərargahına gəldilər. Onlar qısa vaxtda təlimatlandırılaraq müsəlman məhəllələrinə göndərildilər. Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin təkcə bir yerində - Çirklidərə deyilən yerdə qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar qoyulmuşdu”.

İzləyicilər dəhçət içində dinləyirdilər söylənilənləri.

-“...Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Bununla bağlı Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılan Fövqəladə Təhqiqat Komissiyası sədrinin Ədliyyə Nazirliyinə təqdim etdiyi məruzədə aşağıdakı faktlar göstərilir: Nikolay küçəsilə hücuma keçmiş erməni əsgərlərinə başlıca olaraq erməni ziyalılarının nümayəndələri, o cümlədən Asvatur Vaşyants rəhbərlik ediblər. Belə dəstələrdən biri evə girib, səkkiz qadın və uşağı güllələmişdir. Başqa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək, doqquz müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında güllələmiş, meyitlərin ikisini "Dağıstan" mehmanxanasının alovu içinə atmışdır...

Dəhşətli soyqırımına məruz qalan azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri soyqırımını aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər”.

Baş Hakim xahiş etdi ki, tarixə “mart qırğını” adı ilə düşmüş qanlı hadisənin yekun nəticələri barədə də məlumat verilsin.

Məlumatı macar ekspert oxudu:

-Rəsmi məlumatlara görə, mart soyqırımı nəticəsində Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Bolşevik daşnak birləşmələri "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" binasını yandırmışdılar, yeri gəlmişkən, hazırda Azərbaycanın Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi həmin bina əsl memarlıq şedevri sayılır, onu yandıqmağa necə qıymaq olardı, mən anlaya bilmirəm. Ermənilər "Təzəpir" məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. Daşnak-bolşevik hərbi birləşmələri Bakıdan sonra Qarabağın bölgələrində, həmçinin Şərqi Anadoluda, Cənubi Azərbaycanda da Azərbaycan xalqına qarşı soyqırımları həyata keçirmişdilər.

Stepan Şaumyan mart hadisələrini Zaqafqaziyadakı sovet hakimiyyətinin triumfu hesab etmişdi:“Döyüş nəticələri bizimçün möhtəşəm oldu. Düşmən tam məhv edildi. Müsəlman millətçi partiyalarına görə Bakıda sovet hakimiyyəti həmişə havadan asılı qalmışdı. Bu bəy-xan partiyaları  və ziyalılar qorxaq menşeviklərin sayəsində Yelizavetpolda və Tiflisdə möhkəmləndikləri halda Bakıda da aqressivləşmişdilər, bizim üzərimizə də hücuma keçirdilər. Zaqafqaziyanın taleyi həll olunurdu. Onlar Bakını da tutub Azərbaycanın paytaxtı elan etmək istəyirdilər. Məqsədləri bütün qeyri-müsəlmanları məhv etmək idi.”

Şaumyanın nitqini oxuduqdan sonra prosesdə ekspertliyə 6 ay idi ki, hazırlaşan, yüzlərlə mənbə oxuyan macar ekspert mövzu ilə bağlı öz fikrini də bildirdi:

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)