POETİK QİRAƏTdə Əşrəf Veysəllinin “Gözümlə çəkdiyim şeirlər” şeiri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında növbə Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəlliyə çatdı. Bu gün “Gözümə çəkdiyim şeirlər” şeiri təqdim edilir.

 

 

GÖZÜMLƏ ÇƏKDİYİM ŞƏKİLLƏR

Sınaq məktəbiydi xeyirdə, şərdə,

İnsanlar mehriban yaşayardılar.

Uzaqdan baxanda ermənilər də

Adam balasına oxşayardılar.

 

Sevgiylə döyünər ürəklərimiz,

Ömrün ən mübarək çağıydı orda

Gah" Qaya Bulaq"dı görüş yerimiz,

Gah da ki "Dodanın bağı"ydı orda.

 

Gəlişin əridər həsrət buzunu,

Alışıb yanardım bulaq başında.

Qınayan olmasa ömrüm uzunu

Heykələ dönərdim bulaq başında...

 

İllər uçub getdi..,

illər qanadlı,

Dözülməz olubdur dözümlü dünyam.

Bir az Şahnisəli, bir az Cavadlı,

Bir az da Əzizli, Kazımlı dünyam...

 

Ömrümüz bir köhnə nağıla döndü,

Bir zaman necədə təzə- təridi.

Hər ötən ilimiz bir kino lenti,

Günlərimiz rəngli şəkillər idi.

 

Əriyib dibinə çökən gözlərim

Fikrimi dumanlı dağlara çəkir.

O rəngli şəkillər çəkən gözlərim

İndi gördüyünü ağ- qara çəkir...

 

Şam kimi əridi ömrün illəri...,

Şirin xəyallardan qopa bilmirəm.

Gözlərim çəkdiyi o şəkilləri

Hara qoymuşamsa tapa bilmirəm.

 

 “Ədəbiyyat və incəsənət”

(13.10.2023)