Eldar Əhədovdan “Xoş söz” Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalının “Yazar soydaşlarımız” layihəsində növbəti görüşdə xoş gördük sozləri. Növbəti ünvan Rusiya, yazar Eldar Əhədov. 

 

Yazarımız 75 nəsr və poeziya kitabının müəllifidir. 

1960-cı ildə Bakıda anadan olub. 1977-ci ildə Bakı şəhəri 82 saylı orta məktəbi bitirərək Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinə daxil olub. 1978-ci ildə Azərbaycanın rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə Eldar da digər azərbaycanlı gənclərlə birlikdə Rusiyaya Leninqrad Dağ-Mədən İnstitutunda təhsil almağa göndərilib. Gənc dağ-mədən mühəndisi Eldar Əhədov institutu bitirdikdən sonra Azərbaycanın Şəmkir, Balakən və Zaqatala rayonlarının dağlarında mis, sink, qalay, qızıl və gümüşün axtarışı və kəşfiyyatı məqsədilə yeraltı işlərdə uğurla çalışıb. 1986-cı ilin payızında Azərbaycan Ali Soveti Rəyasət Heyətinin icazəsi ilə Eldar “Yeniseyzoloto” dövlət istehsalat birliyində işləmək üçün Sibirə köçüb. 

İstehsalatla yanaşı, gənc yazıçının yaradıcılıq fəaliyyəti də uğurla davam edib. 1978-ci ildən Əhədovun şeirləri “Azərbaycan gəncləri”, “Vışka”, “Bakı işçisi”, “Axşam Bakı” respublika qəzetlərində və “Ədəbi Azərbaycan” jurnalında dərc olunub. Süleyman Rüstəm və Vladimir Kafarov gənc şairin yaradıcılığına diqqət çəkiblər. 

Eldar “Qara Yanvar”da Sibirdə olmasına baxmayaraq, sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin nəticələrini öz gözləri ilə görmək üçün fevralın əvvəllərində Vətənə gəlmək fürsəti tapıb. O günlərin təəssüratları Əhədovun “Oğlu”, “Yeddi kapitan”, “Püstə ağacı”, “Bibi”, “Talıb”, “Sevirəm və xatırlayıram”, “Ana dolması” povestlərinin yaranması üçün əsas oldu. 

Eldarın “Sevgimin yurdu” kitabında toplanmış bir çox şeir və hekayələri Vətən mövzusuna həsr olunub. Əhədovun kitabları rus, Azərbaycan, ingilis, ispan, italyan və serb dillərində Rusiyada, Azərbaycanda, ABŞ-da, Meksikada, Hindistanda, Misirdə və Serbiyada nəşr olunub. 2021-ci ildə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib, PEN İnternational-ın üzvü, Avrasiya Xalqları Assambleyası Ədəbi Şurasının həmsədri, Rusiya Yazıçılar Birliyinin və Rusiya Milli Coğrafiya Cəmiyyətinin üzvüdür. 

Nobel Sülh Mükafatı laureatı Bəxtiyar Siracovun və VTB-Azərbaycan Bankının maliyyə yardımı ilə Azərbaycanın "Şərq-Qərb" nəşriyyatında onun Azərbaycan xalqının 1500 illik tarixindən bəhs edən poetik dastanı: "Xarı-bülbül: Azərbaycan dastanı" kitabı çapdan çıxıb.

Onun bir şeirini oxucularımıza təqdim edirik. 

 

 

XOŞ SÖZ

 

Ruscadan Elviz Əliyev tərcümə edib

 

Dünya bir Xoş sözdən almış təməlin,

Təəccüblü nə var? Düşünək gəlin.

Bir xoş sözlə dinək nurlu səhərdə,

Dünəndən inciklik hökm edən yerdə,

İnciyib, küsübsə quda qudayla,

Qardaş dalaşıbsa harayla, hayla...

Bəs belə davranış gələrmi saya,

Əgər əl qaldırsa oğul anaya?!

Dayanın, dayanın!

Dinləyin təzdən.

Bu dünya yaranıb axı xoş sözdən,

Bircə gülər üzdən, bir xoş baxışdan,

Təbii səhərdən, müqəddəs anddan!

Sülh ilə yaşasın dost, qonşu, kim var,

Şahinlər, balıqlar, hətta ayılar,

Sülh olsun meşədə, çəməndə, düzdə,

Sülh olsun yad eldə, sülh olsun bizdə.

Bu gün doğulanlar daim var olsun,

Onlara məhəbbət, tale yar olsun!

Kimlər ki, dünyaya gəlib bir kərə

Xoşbəxtlik dilərəm mən min illərə..

Azdımı? Qəlbimin verilsin təbi

Xoş günləri olsun daim, əbədi!

Xoş sözümüz olsun su, od və hava,

Sülh olsun həmişə, gərəkmi dava?

Hamı sağlam olsun, olsun xoş büsat,

Çünki xoş söz ilə başlayır həyat!

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)