Dünyanı bildiyi üçün dünyaya qarışmayan adam - Xan Rəsuloğlu Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı AYB-nin Sumqayıt bölməsinə rəhbərlik edən Gülnarə Cəmaləddinin bu yazısı ilə ötən gün doğum gününü qeyd edən Xan Rəsuloğluya öz təbriklərini ünvanlayır. Ölkədə kitabın ən böyük dostlarından olan Xan Rəsuloğlu kitab satışı, bukinist, oxu zalı funksiyalarını özündə cəmləyir. Üstəlik o, həm də ölkədə ən çox kitab oxumuş beş şəxsdən biridir. Yüz yaşasın! 

Bu da Gülnarə xanımın yazısı. 

 

Kitabdan söz düşərkən, ağıla ilk gələn adamdı bu adam. Fərqli düşüncə, fərqli ağıl sahibidi. Adı da fərqlidi. Xarakterində də, duruşunda da adından nəsə var. Hansı kitabdan, hansı müəllifdən desən xəbəri var. O qədər maraqlı adamdı ki, onunla hər dəfə qarşılaşıb, söhbətləşəndə istər-istəməz dönüb arxaya baxırsan. Nəsə yarımçıq qaldı,- deyə. 

Ədəbiyyata, şeirə, kitaba sevgisinin həddi- hüdudu yoxdur. Zəngin mütaliəsi, oxu zövqü onunla söhbət edən hər kəsin diqqətini çəkir. Fərqli şeirlər yazır... Dünyanı bildiyi üçün dünyaya qarışmır. Öz yolu, öz cığırı var... Kimsənin tapdaladığı yolla getməyi sevmir. Onun fikrincə, bu dünyada hər kəsin öz yolu, öz amalı olmalıdır. Ötən gün onun faniyə aldandığı gün idi... Ötən gün həm də faninin bizə bu gözəl insanı bəxş etdiyi gün idi. Günün mübarək, Xan...

Təxəllüsünü hər kəs bilir. Niyə içimdən sadəcə sənə elə Xan deyə müraciət etmək keçdi? Niyə bu şəklini seçdim? Amma niyəsini özüm də bilmirəm. Bircə onu bilirəm;

sən elə adına layiq ömür sürürsən, şeirlər yazırsan və dostlarına münasibətində də bir ağayanalıq var. Xoş gəldin, Xan!

 

“Ədəbiyyat və incəsənət”

(12.10.2023)