POETİK QİRAƏTdə Əşrəf Veysəllinin “Üz-üzə gəlmişik” şeiri Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında növbə Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəlliyə çatdı. Bu gün “Üz-üzə gəlmişik” şeiri təqdim edilir.

 

 

ÜZ- ÜZƏ GƏLMİŞİK...

 

Ay sözügerçəyim, məni bağışla,-

O gün bu dünyanın yalan günüydü.

Bütün çiçəklərin, bütün güllərin,

Bütün çəmənlərin solan günüydü.

 

Yağırdı sinəmə qəm löyün-löyün,

Bağrımın başında dərd düyün-düyün...

Əgər inanmırsan, günü də deyim,

Deyim filan ayın filan günüydü.

 

Gözüm çox yamanı, yaxşını görüb,

Ömrün payızını, qışını görüb...

O gün-əzrayılın işini görüb,

Üzümə qımışıb, gülən günüydü.

 

Külli kainatın dağılan, uçan,

Ürəyi min yerdən sızlayan, sancan,

Düzlərin ayağım altından qaçan,

Dağların üstümə gələn günüydü.

 

Onsuz bircə gün də gün görməmişəm,

Dolub gözlərimə çən, -görməmişəm.

Üz-üzə gəlmişik...

mən görməmişəm,

Bağışla,-

anamın

ölən

günüydü.

 

 “Ədəbiyyat və incəsənət”

(12.10.2023)