Çəkil gözlərimdən, kədər

Rate this item
(0 votes)

Mina Rəşid, “Ədəbiyyat və incəsənət”

 

 

Tahirə Ağamirzə qızı (Ağamirzəyeva) Kədərli 1965-ci il oktyabrın 10-da Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. 1973-cü ildə Dəmirçilər kənd 8 illik məktəbinin 1-ci sinfinə gedib, 1983-cü ildə Dondarlı kənd orta məktəbini əla qiymətlərlə başa vurub.

1984-1987-ci illərdə “Avanqard” (İndiki “Bəgüşad”) Qubadlı rayon qəzetində ədəbi işçi, müxbir vəzifələrində çalışıb.

Tahirə Kədərli ədəbi yaradıcılığa məktəb illərindən başlayıb. Yazıları ilə diqqəti cəlb edən gənc şair redaksiya tərəfindən mükafatlandırılıb.

1988-ci ildən başlayaraq “Yeddi gün”, “Ana Vətən”, “Vətən səsi” və “168 saat” qəzetlərində çalışıb.

Yazıları, mənsur şeirləri “Ədalət”, “Şəhriyar”, “Təzadlar”, “Dünyaya pəncərə” və “Bütöv Azərbaycan” qəzetlərində çap olunub.

“Dərdin qucağında böyümüşəm” (“Təhsil” nəşriyyatı), “Günahımı gözlərimə bağışla”(“Adiloğlu” nəşriyyatı), “İlahi Nura doğru” və “Sevgi yolları” adlı kitabların müəllifidir. Onun Türkiyə tükcəsində yazdığı iki kitabı Türkiyədə çap olunub.

T.Kədərli müxtəlif mövzularda yazdığı məqalələrinə görə,  AKİVHİ tərəfindən “Xan qızı Natəvan” diplomu, “Qafqaz” Media İctimai Birliyi tərəfindən “Vicdanlı qələm” mükafatı, ədəbi yaradıcılığının 25 illiyi münasibətilə “Peşəkar jurnalist” adına layiq görülüb. 2011-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən keçirilən yazı müsabiqəsində uğur qazanaraq Türkiyə səfirliyi  tərəfindən diplomla təltif edilib.

Şeirləri Türkiyə mətbuatında dərc edilir və “İstanbul Şiir Fırtınası” radiosunda səsləndirilir.

“Məhsəti” Şairlər Məclisinin üzvü Tahirə xanım hazırda 4 kitab üzərində işləyir. Mətbuatda 40 ildən,“Vətən səsi” qəzetində 20 ildən çox çalışan həmkarımızı 2 gün öncə qeyd etdiyi doğum günü münasibəti ilə təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.

Və portalın oxucularına onun şeirlərini təqdim edirik.

 

 

QUBADLI HƏSRƏTİ

 

Köçkün ruhum od-közünə bələnib,

Həsrətindən ahım göyə dirənib,

Sənsiz ürəyimə leysan ələnib,

Canım Dəmirçilər, bağışla məni!

 

Pəncərən döyülmür, qapın bağlıdır,

Dərdin dözülməzdir, sinən dağlıdır,

Sənə gələn yolum hələ bağlıdır,

Canım Dəmirçilər, bağışla məni!

 

Yanıb külə dönüb bağın-bağatın,

Sinəmdə kök salıb ağrın-bayatın,

Elə təlx olubdu taxtın, ovqatın,

Canım Dəmirçilər, bağışla məni!

 

Közünü qoymuşam közümün üstə,

Gözlərim yoldadı, qulağım xəstə,

Sənə qovuşacam axır nəfəsdə,

Canım Dəmirçilər, bağışla məni!

 

Görürəm hər gecə yuxuda səni.

Ağladır bu ətir, bu həsrət məni,

Öldürməz düşmənin min oxu məni,

Canım Dəmirçilər, bağışla məni!

(17 mart 2009-cu il)

 

 

VƏTƏN

 

Şimşək olub çaxam sənə,

Bir çay olub axam sənə,

Tutasan qollarımdan

Gecə-gündüz baxam sənə

Vətən!

 

Bir cığır ola düşəm izinə,

Gəlib yatam dizinə,

Üzümü söykəyib üzünə,

Öləm qollarında

Vətən!

 

Yanan ocağında qovrulam,

Axar suyunda durulam,

Səndə yenidən doğulam,

Böyüdəsən məni

Vətən!        

 

 

       ŞƏHİD BALAM

 

Sənin ölən vaxtın deyil,

Körpə balam, quzum mənim.

Gözlərimdə nur, işığım,

Qəlbimdəki arzum mənim!

 

Nə gördün ki, bu dünyada,

Gül ətrindən doyammadım.

Dünya susub bu fəryada

Köksünə baş qoyammadım.

 

Əlim boşdu, gözlərim yaş,

Bu dünyanın ürəyi daş,

Körpə balam yaralıdı,

Verin mənə yavaş, yavaş.

 

Əl vurmayın, yarasına

Bulud da göydə qan ağlar.

Mələklər cənnət bağında

Balamın telin sığallar.

 

Sənin ölən vaxtın deyil,

Körpə balam, quzum mənim.

Gözlərimdə nur, işığım,

Qəlbimdəki arzum mənim!

 

ÇƏKİL GÖZLƏRİMDƏN, KƏDƏR!

 

Çəkil gözlərimdən kədər, qüssə, qəm,

Burax bir az sevinim, bir az şənlənim.

Payızın şərbətin çəkim başıma,

Bu ocaq başında bir az isinim...

 

Gözümün kökündə niyə bitmisən?

Kirpiyim əlindən çəkilib dara.

Çəkil, gözlərimdən uzaq dur bir az,

Onsuz da həsrətəm doğma yurduma.

 

Orda mürgüləyən xəyallarımın,

Nazını çəkirəm, umudlanıram.

Orda göy üzünün, aydın səmanın,

Şirin röyasında pərvazlanıram.

 

Burda payızların şehi də olmur,

Burda çiçəkləmir arzu-diləklər.

Burda gecələrin mehi də olmur,

Yuxuya həsrətdi köçkün ürəklər...

 

“Ədəbiyyat və incəsənət”

(12.10.2023)