“Nolar, de ki, çox yaxşıdı…” - OXUCULARIN YARADICILIĞI

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalı Oxucuların yaradıcılığı layihəsində bu dəfə Günel İbrahimovanın yaradıcılığını diqqətə çəkir. Günel mərhum atasına həsr etdiyi “Yağışla söhbət” şeirini təqdim edir. 

 

 

Mən şair deyiləm, dəyərli şairlərimiz üzürlü saysınlar

 

Salam, yağış, yenə mənəm, 

Səndən dilək diləyən qız,

Gəldim, səndən xəbər biləm,

Yenəmi qaldım atasız?

 

Gəlmədimi qoxusuna,

Məni həsrətdə qoyanım?

Dedinmi, möhtacam ona,

Bildi, ömrümə qıyanım?

 

Dedinmi ki, kimsəsizəm,

O gedəndən tək qalmışam?!

Çatdırdınmı çarəsizəm,

Həsrətindən saralmışam?! 

 

Susma, danış, söylə bir-bir,

Söylə nələr dediyini.

Dil-dodağım əsir tir-tir,

Gözləməyim gəlməyini?

 

Nə danışdı, nələr dedi,

De, nə vaxta oldu vədi?

İşləyirmi, qolu, əli,

Ayaqlanıb gəzirdimi?

 

Tapmışdımı əzizlərin,

De, anası yanındamı?

Paylaşırmı dərdin, sərin,

Varlığımız yadındamı?

 

Bildimi ki, necə zülmə, 

Qoyub gedib yetimlərin?

Yuxumuza gəlmir niyə,

Günahımız nə bizlərin?

 

Qayıdıbmı bəs yaddaşı,

Xatırlayır indi rahat?

Mələklərdi yol yoldaşı,

Necə gedir orda həyat?

 

Of ay yağış, ehh ay yağış,

Bayaqdandır, hey susursan,

Bəsdir susdun, sən də danış, 

Sakitcə qulaq asırsan...

 

Dillən, sən də danış görüm,

Suallar yorur beynimi.

Yollardan yığılsın gözüm,

Danış, rahatlat qəlbimi..

 

İndi mən susuram, buyur,

Sən başla şirin söhbətə.

Gözümün yaşı quruyur,

Günəş doğdur bu zülmətə.

 

De ki, atan yaxşı idi,

Sizə salam da yolladı.

Məni görüb çox sevindi,

İşləyirdi əl-ayağı.

 

De ki, özü dolaşırdı,

Cənnətin güllü yolların,

De ki, məni xatırladı,

Gətirmişəm salamların.

 

Nolar, de ki, çox yaxşıdı,

Möhtac deyil bir kimsəyə,

De ki, qayıdıb yaddaşı,

Gərək yoxdu dərd çəkməyə.

 

Niyə belə çox susursan,

İstəyirsən, havalanım?

Sakit sellənib yağırsan,

Danış, başına dolanım...

 

Susma, dillən, bir dilə gəl,

Səp suyundan, köz yarama.

Dar günümdə sən uzat əl,

Məlhəm elə söz yarama.

 

Qırma qalan ümidimi,

İnanmışam dostluğuna.

Səndən də üzüm əlimi?

Salma həsrət boşluğuna. 

 

Bəlkə, səni bezdirirəm,

Çox sual, çox qəmim ilə,

Sinəmdə dərd gəzdirirəm, 

Dedim, mənə çarə elə.

 

Yordum, sıxdımsa, bağışla,

Vallah onsuz havalıyam,

Ovunmaram sən yağışla,

Mən atasız yaralıyam.

 

Yaxşı, sən də sus beləcə,

Ovut bircə qoxusuyla,

Ürəyim qanlı gölməçə,

Taqət tapım yuxusuyla.

 

Bildim, acı bir gerçəkdir,

Gedibsə, yoxdur dönüşü.

Bizə bol səbr gərəkdir,

Çatınca o görüş günü.

 

Günel ağlar, sinəsində,

Ata boyda dağı vardır.

Qarı vardır zirvəsində,

Atam yenə xan çinardır.

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2023)