Zamanda səyahət edən məktub olsaydım… - ESSE Featured

Rate this item
(1 Vote)

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Zaman gözlə görülməyən, əllə tutulmayan ən dəyərli və ən zülmkar anlayışdır. İnsan keçmiş, gələcək və bu gün arasında səyahət edən bir məktuba bənzəyir. Hər kəsin özünə verdiyi ütopik suallar olur bəzən. Bunlardan biri də, mən zamanda səyahət edən bir məktub olsam nə edərdim? 

 

Hara gedib nələri görmək istərdim? Çox insan keçmişə qayıdıb səhvlərini düzəltmək, sevdiklərini görmək, darıxdığı günlərə, uşaqlığına, gəncliyinə qayıtmaq istəyər. Bəziləri isə bunun mənasız olduğunu, yaşananlar yaşandı və bitdi düşüncəsini qəbul edər, dünənin izlərini unudub gələcəyi düşünər. Məsələn, onlar insanın üstün zəkalı robotlar yaratdığı, hava maşınlarının geniş yayıldığı, transformers filmlərinin gerçək olduğunu düşünərək gələcəyə doğru yola çıxmaq istəyər.

Bəs mən? Mən nə etmək istərdim? Keçmiş,  ya gələcək? Ya da elə bu gün.

Dünən tarixdir, sabah naməlum. Bu gün isə bizə bəxş olunan möcüzədir. Elə isə nə keçmişə, nə də gələcəyə uçan bir məktub olmağa nə ehtiyac var?

Bəli, mən nə keçmişin, nə də gələcəyin məktubu olmaq istəməzdim. Mən geriyə dönüb xətalarımı düzəltmək, öz keçmişimlə söhbət etmək istəməzdim. Mən sabaha da, 20-30 il sonraya da getmək istəməzdim. Mən tarixin tozlu, gələcəyin naməlum bir parça məktubu olmaq istəməzdim. Bu günün məktubu olardım mən.

Susan vicdanların məktubu.

Ağlayan gözlərin, yaralı ürəklərin, donuq təbəssümlərin məktubu olmaq istərdim. Həyatı axarında yaşayıb nə keçmiş üçün əzab çəkməyi, nə də gələcək üçün xəyal qurmağı istərdim açığı. Əvvələ qayıdıb xoşbəxt olduğum anları görüb bu günə qayıtsam, keçmişin məni daha çox incidəcəyinə əminəm. Həmçinin, gələcəyə gedib daha düzgün əqidəli, şəxsiyyətinin altını mərhəmət və sevgi ilə dolduran insanlarla dolu, inkişafın zirvəsində mənəviyyatlı bir cəmiyyət əvəzinə, hələ də şiddətə, soyqırım və müharibələrə göz yuman, haqsızlığı göz ardına vuran cəmiyyəti görüb özümü nə qədər pis hiss edəcəyimi də bildiyimdən, mən bu günün məktubu olardım.

Mən düşüncələrdən qəlbi sıxışmayan, gözünə yuxu getməyən birinin məktubu əvəzinə gözləri ilə təbəssüm edən, mərhəməti ilə işıq saçan və hər bu günün sonunda vicdanı ilə utanmadan üzləşən bir gəncin məktubu olardım.

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2023)