POETİK QİRAƏTdə Əşrəf Veysəllinin “Orda bir kənd var idi” şeiri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının maraqla izlənilən Poetik qiraət rubrikasında növbə Sumqayıtda yaşayıb yaradan ustad şair Əşrəf Veysəlliyə çatdı. İlk olaraq “Orda bir kənd var idi” şeiri təqdim edilir.

 

 

 

ORDA BİR KƏND VAR İDİ...

Orda bir kənd vari di,-hər tərəfi gül- çiçək,

Yalların yamacında, dağlar dibində bir kənd.

Orda bir kənd var idi, -uca boy, enlikürək,

Papağını yan qoyan, əli cibində bir kənd.

 

Yol qırağında bir ev nur içində üzərdi,

Qoynunda bir cilvəlihamıya naz satardı.

Ayağına dəyən daş ürəyimi əzərdi,

Yoluna çıxan tikan gözlərimə batardı.

 

Hər dərdin öz loğmanı, hər dərdin öz dərmanı,

Hər ağrının- acının özəl çarəsi vardı.

Toylarının Əbdülü, Cəmili və İmranı,

Qəmbəri və Məliyi, Aslanı, MirAslanı

Vaylarının yasini- Molla Qarası vardı.

 

Ona gəc baxanın da xoş baxardı üzünə,

Toylar barışdırardı sevgililər küsəndə.

Yüz yaşlı qocanın da nur gələrdi gözünə

Bacıxanımla Pərzad qol qaldırıb süzəndə.

 

Orda bir kənd var idi, -xoşbəxtdi övladları,

Şöhrəti dolaşardı şəhərləri, kəndləri.

Hanı əmim Şəfinin zərif zarafatları,

Hanı Balaş dayının məzəli söhbətləri?..

 

Analar qurdürəkli Yavərlərindən deyər,

Gözəllərin gözündə dan yeri sökülərdi.

"Şuşanın dağları"nı oxusaydı Qulubəy

Şuşanın dağlarından dumanlar çəkilərdi.

 

Neçə mərmini yeyib, neçə qurşunu udub,

Ağız açıb, birkəsdən köməklik istəməzdi.

Yaralıçağında da üz- gözünü turşudub,

Doğma balasına da "ağrıyıram" deməzdi.

 

Orda bir kənd vari di,..

bəs o kənd hanı indi?-

Daşını da daşnaqlar daşıyıb aparıblar.

O goreşən vəhşilər mənim sevdiyim kəndi

Qarabağdan hayana qaşıyıb aparıblar?!

 

Orda bir kənd var idi… şükür!- yenə olacaq,

Onun ümid gülləri bir daha solmayacaq.

Qoynunda yaraşıqlı evlər ucaldılacaq,

Ancaq mənim sevdiyim o kənddən olmayacaq!..

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2023)