QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

35-Cİ DƏRC

 

 

Ekspertlərdən mətnin davamı gəldi:

- Azərbaycan 1920-ci il aprelin 28-də XI Qızıl Ordu tərəfindən işğal edildikdən sonra Sovet hökuməti Sultanov qardaşlarına qarşı qərəzli mövqe tutub, Sultan bəyin qardaşı Xosrov bəy həbs edilib, Sultan bəyin silahlı dəstəsinin ləğv edilməsi üçün qərar çıxarılıb. Bundan istifadə edən ermənilər Zəngəzurda daha da fəallaşıblar. Həmin dönəmdə Sultan bəyin qəti mövqeyi nəticəsində və Azərbaycan İnqilab Komitəsinin Qarabağ və Zəngəzurda fövqəladə komissarı A.Şirvaninin, onun müavini S.Mahmudbəyovun təklifi ilə həmçinin N.Nərimanovun köməyi ilə Xosrov bəy həbsdən azad olunub. Həbsdən azad olunduqdan sonra Xosrov bəy Türkiyəyə mühacirət etsə də, Sultan bəy Laçında qalaraq ermənilərə qarşı mübarizəsini yenidən davam etdirib. 31 may 1920-ci ildə XI Qızıl ordu hissələri Zəngəzura yeni hücuma başlayıb. 23 iyul 1921-ci ildə Sultan bəyin hərbi dəstələri tərksilah edilib, özü isə İrana qaça bilib.

Baş Hakim səbirsizcəsinə “Onda o Sultan bəy olmazdı ki, bolşeviklərlə vuruşmasın” deyə fikir bildirdi, ekspert rəyi də məhz həmin mövzuya adladı:

-25 iyul 1921-ci ildə Sultan bəyin evi həmyerlisi, bolşevik Ə.Qarayev və Şuşa Qəza İcraiyyə Komitəsinin sədri S.Mahmudbəyov tərəfindən müsadirə edilib. Sultan bəy Türkiyəyə mühacirət etməyə məcbur olsa da, Azərbaycanda Sovet hakimiyyətini devirmək və doğma torpaqları azad etmək arzusundan əl çəkməyib. O, Xosrov bəylə İrana qaçmış milli hökumətin, millətçi müsavat partiyasının üzvlərinə maddi yardımlar göstərib. Sovet hökuməti, onun ən yüksək eşalonlarında yer almış erməni nümayəndələri Sultanov qardaşlarının hər addımını izləyib. Sultan bəy dəfələrlə İran sərhəddini keçərək doğma Laçına gəlirmiş, etibarlı dostları ilə görüşürmüş. Azərbaycan Təhlükəsizlik Nazirliyinə daxil olan məlumata görə, Cənubi Azərbaycanın Larıcan kəndində Sultan bəyin 250 nəfərlik silahlı dəstəsi sərhəddi keçməyə hazır imiş. Sovet hökuməti Sultan bəyin həbs olunması və ya İrandan çıxarılması üçün İran hökumətinə nota verib. Sultan bəy ordusu tərksilah edilərək təklənib, sonra İrandan çıxarılıb. O da məcburən Türkiyəyə - qardaşı Xosrov bəyin yanına gedib. Orada isə təkbaşına heç nə edə bilməyəcəyini anlayıb. Mübarizədən əlini üzməli olan Sultan bəy Türkiyədə də vəfat edib.

Hava tam qaralmışdı artıq. Baş Hakim mikrofonunu işə saldı, sözə başladı:

-Əziz Divan üzvləri, əziz tamaşaçılar, bu gün hamılıqda çox böyük bir müddət sərf etdik, çox gərgin işlədik, tarixin çox mürəkkəb bir dönəminə aydınlıq gətirdik. Bəşər tarixində ən böyük cinayətlərə imza atmış bir şəxsi – Andronik Ozanyanı mühakimə etdik. Hakimlər olaraq ona Divanın kəsdiyi cəzanı elan etmək istəyirəm!

Yaşlı hakim yerindən qalxdı:

-Möhtərəm Baş Hakim, sizdən acizanə sürətdə xahiş edirəm, son olaraq bir qaranlıq məqama da aydınlıq gətirək. Baxın, müttəhim bir qulağı sarıqlı gəzir. Axirət dünyasında hamı onu haçan görübsə məhz belə görüb – bir qulağı sarıqlı. Bunun sirri bilirsinizmi nədədir? Biz Divana başlayanda ilk gündə bu kürsüdən səsləndirdik ki, erməniləri ən çox qorxudan və narahat edən 10 məsələ var. Yox, bu məsələ 11-dir. 11-ci məsələ Andronikin tənzif altındakı qulağı barədə həqiqətdir.

Erməni sırası təlatümə gəldi, Andronik özü yerindən dik atıldı. Amma yaşlı hakim nitqini kəsmədi ki, kəsmədi:

-Andronik Ozanyan 1890-ci illərdə Osmanlı imperiyasına xəyanət etdiyi üçün cəza kimi onun bir qulağı dibindən kəsilib. Onun ən məşhur ayaması Tayqulaq Andronik olub.  Onun şəkillərində, abidələrində indiki ermənilər bunu gizləyir, onu ikiqulaqlı göstərirlər, keçmiş videolarda isə kəsilən qulaq görünəndə fokusu itirərək obyekti dumanlandırırlar. Əlbəttə ki, ermənilər üçün onların ən böyük qəhrəmanlarının tayqulaq olması utanc gətirir.

Baş Meydanı uğultu başına götürdü, Baş Hakim böyük çətinliklə tamaşaçıların səssizliyinə nail ola bildi. Sonra yaşlı hakimin söylədiklərinə reaksiya bildirib yekun nitqini qaldığı yerdən davam etdi.

-Niyyətin hara, mənzilin ora. Qara niyyət mütləq insanı sonda qaranlığa qərq edər. Beləliklə, mən Andronik Ozanyan barədə hökmü elan edirəm, təbii ki, cəzanın nə olduğunu heç elan etməsəm belə hamınız gözəl bilirsiniz. Andronik Ozanyan qeybolunma cəzasına məhkum olunur. Belə ki, onun Axirət dünyasında yaşaması belə yolverilməz və təhlükəlidir.

Hamı ayaq üstə duraraq bu qərarı alqışladı. Baş Hakim xeyli gözləyəsi oldu ki, alqış sədaları bitsin və o, məhkuma söz versin.

Məhkum söz aldığını eşitcək ağır-ağır ayağa durdu, səsini çıxaran kimi tamaşaçılar necə uğuldadılarsa onun səsi eşidilməz oldu. Belədə Baş Hakim insanlardan xahiş etdi ki, qaydalara riayət etsinlər, humanizm göstərib ən antihumanist insana son sözünü deməyə izin versinlər.

Bu dəfə səssizlik yarandı. Andronik xırıltıyla söylədi:

-Əsas dünyadan köçərkən mənim 62 yaşım var idi, 1927-ci il avqustun 31-i idi, ABŞ-ın Kaliforniya ştatının  Riçardson-Sprinqz şəhərində indiki kimi tutqun bir gün idi, öləcəyimi bilib general kitelimi geyinmiş, Rusiyanın, Bolqarıstanın və Ermənistanın təltif etdiyi orden və medalları yaxama taxmışdım. Mən onda qısa vaxt surəsində iki kəz son söz deyəsi oldum. Öncə bu sözləri söylədim: “Mən öz şəxsi həyatımda heç vaxt şəxsi rahatçılığımın, xoşbəxtliyimin ardınca qaçmamıçam. Mən daim yalnız bir şeyə cəhd etmişəm və bir şey naminə mücadilə aparmışam: öz xalqımın azadlığı və rifahı naminə. Mən öz fəaliyyətimin qiymətləndirilməsini belə arzulamıram, yalnız onu arzulayıram ki, xalqım xoşbəxt olsun.” Yaxınlarım mənimlə vidalaşdıqdan sonra isə ölümün nəfəsini hiss etcək daha bir kəlmə söylədim, söylədim ki,  mən öz işimi yekunlaşdıra bilmədim. Bəli, türklərə sonadək qənim kəsilib, türk qanına susayıb bu dünyadan köçdüm. Burada zaman yoxdur, amma Əsas dünyadan gələn müttəhimlər, şahidlər var ki, danışıqlarından belə anlayıram ki, indiki bu real zamanla mənim dünyadan köçdüyüm zaman arasında çox böyük bir məsafə var, yüz ilə yaxınlaşmış ay, il, qərinə məsafəsi var. Mən xəbər tutmuşam ki, indi Ermənistan müstəqil dövlətdir, yenə də türklərlə müharibə aparır, Qarabağı işğal edib, yenə Rusiyanın köməkliyi ilə yaşayır, daxili və xarici siyasət qurur. Amma ondan da xəbər tutmuşam ki, bizim uğrunda vuruşduğumuz amala – Qarabağa sahib olsalar belə, müstəqil dövlət qursalar belə həmmillətlilərim xoşbəxt deyillər. Bax bu məni çox incidir. İnsanlar kasıbdırlar, dolanışıq yoxdur, gənclər gedib müharibədə ölürlər, qalanları da xaricə mühacirətə gedib.

Andronik azacıq susub fikrini tamaladı:

-Bu o anlam daşıyır ki, demək, bizim tutduğumuz yol düz yol olmayıb. Buna sadəcə təəssüflənirəm. Başqa heç nə demək istəmirəm. Heç kəsdən də üzr istəməyəcəyəm.

Yenə tamaşaçılar uğultu qopardılar, Baş Hakim hökmün icrasını tələb etdi, üzü qara örtüklü iki şəxs gəlib Andronik  Ozanyanı səhnənin arxasına apardı.

Və həmin an yenidən möcüzə baş verdi. Leysan yağışı yağmağa, qarğa dəstəsi də qaqqıldaşa-qaqqıldaşa səhnənin üzərində dövrə vurmağa başladı.

Boşalmış kürsülərin arası ilə isə şiş papaqlı bir şəxs əllərini səmaya açaraq şeir deyə-deyə irəliləyirdi.

Bu dəni dünyayə havər eyləmə, bel bağlama,

Uyma xabi-qəflətə, yol üstə getdi karvan.

Ənbiyavü övliyavü üvsiyalar getdilər,

Padşahlar cümləsi xak içrə oldular nihan.

Bu, əllərini səmaya açaraq yağışda islanaraq şeir deyə-deyə irəliləyən şəxs Mir Mövsüm Nəvvab idi.

 

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2023)