Ümidi öldürmə, kəsmə şah damarını… -ESSE Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bəzən ani səslənən musiqi səni  ötüb keçən zamana səfər etdirər. Gözlərində reallıqda olanlar yox, görmək istədiklərin canlanır. Həmin an zamansızlıq qatarının sərnişini olursan. Bundan xəbərin varmı? 

 

Keçmiş zamanı xəyalən indiki zamana yükləyirsən. Həmin anda nə hiss etdiyini yalnız özün bilirsən... Bir xatirə bitir, biri başlayır. Bir vaxt ayılırsan ki, musiqi bitib, sən isə elə bil yuxudan elə indicə ayılmısan. Ürəyinin ritmləri sürətlənib və sıxıntı, qəhər səni öz dəmir əlləri ilə var gücü ilə boğur. Musiqi bitməsəydi, bəlkə də, "bu dəmir əllər" "axrına çıxacaqdı".

 

Qəribədir deyilmi? Özümüz öz arzumuzla əcəli çağırırıq. Maraqlısı budur ki, bu əcəli həyatımız boyu dəfələrlə çağırırıq. Fiziki ağrı duymasaq da, ruhumuz ağrıdan səssiz fəryad qoparır. Ən böyük ağrılar da hələ bu səssiz ağrılardır.

 

Ağrı və sən... Sanki dünyanın ən ağır çəkili döyüşçüsü ilə döyüşə atılırsan. Dilin: "mən məğlubam, ümidinsə, sən qalibsən söyləyir". Nə yaxşı ki, ümid sonda ölür. Ümidsiz biz canlı ölü olardıq və məqsədsiz, ruhsuz, əzab adlı kəfənə bürünüb yaşayardıq.

Aleksandr Düma: "Uğurun iki səbəbi var: səbir və ümid"- söyləmişdir. Aristotel demiş- səbir acı olsa da, meyvəsi şirindir. Bəli, səbrin arxasında enlikürəkli dağ kimi gözləyən ümid varsa, uğura yaxınıq, deməli. Ümidlərinin başını qəssab bıçağı ilə kəsənlər öz şah damarlarını kəsənlərdir. Ümidlərini dəfn edənlər çoxdan gözlərini qara boya ilə boyayanlardır. Onların qəlb gözləri də kordur, çünki onlara istiqamətlənən nuru görmürlər. Gecənin can verərək gündüz adlı ağ kəfənlə bürünməsini belə görmək istəmirlər. 

 

Ümidləri öldürməyək, arzuları söndürməyək. Arzular  sönməz Günəş kimi taleyimizə nur saçsın. Ümidsiz qalıb acı göz yaşlarımızı selə döndərməyək, buludun sevgidən doğan göz yaşında göy qurşağını görəcək qədər gözlərimiz açıq olsun. Qəlbimizi buzdan qəlibə çevirməyək. Ürək bizi yaşadır, ona da yaşama haqqı verək.

Yaşayaq, yaradaq və yaşayıb-yaradanlara ilham verəcək qədər güclü olaq!

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2023)