BİRİ İKİSİNDƏ - Günel Mehrinin özüylə söhbəti və hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Günel Mehrinin özüylə söhbəti və hekayəsi təqdim edilir.

 

 

 

özüylə söhbəti...

 

Mənə görə, ədəbiyyat – özünlə söhbətdir. Öz içinə – ağrılarına, narahatlıqlarına boylanmaqdır. Ətrafda baş verənləri içindəki süzgəcdən keçirib, saf-çürük edib öz rakursundan göstərməkdir.

Ədəbiyyat – güzgüdür. Hər kəsin hər zaman dilinə almadığı, etiraf edə bilmədiyi, amma hamıya doğma, məhrəm olan duyğuların güzgüsü... Ona görə bu güzgüyə baxanda çox məqam bizə tanış, doğma gəlir. Ona görə ədəbiyyat səmimiyyəti, sərhədsizliyi sevir...

 

 

...və hekayəsi

 

DOĞUM GÜNÜ

     

“De görüm, necəsən?” ...Yaxınlarda motivasiya ilə bağlı bir kitabda oxumuşdu: “Hərdən güzgüyə baxıb öz əhvalınızı soruşun...” Heç olmazsa doğum günündə özüylə səmimi olmaq istədi. Bir də pıçıldadı: “Necəsən?” Necə olacaqdı? Nə zövqlü libası, nə saç ustasının səyi əvvəlki görkəmini qaytara bilirdi. Rəngi-rufu avazımış, gözlərindəki işıq sönmüşdü. Yaxşı deyildi... Ona görə yox ki, yaşının üstünə yaş gəlirdi. Əksinə, heç vaxt öz doğum gününü belə həsrətlə gözləməmişdi. Xeyli vaxt idi, hər gün təqvimi işarələyir, ad gününə qalan günlərin hesab-kitabını aparırdı. Olan-qalan ümidini bu günə bağlamışdı...

          Ev qonaq-qarayla qaynayırdı. Bir yandan da telefonu susmaq bilmirdi. Təbriklərin ardı-arası kəsilmirdi. Amma nə qiymətli hədiyyələr, nə də gözəl diləklər gözündə idi. Heç kimdən yox, bu özəl gündə məhz ondan sürpriz gözləyirdi. Düzdür, ona aparan yolların önünə qalın divarlar hörmüşdü. Amma bilirdi ki, onun bir qərarlı addımıyla aralarındakı buz sədlər qalxar, hər şey dəyişə bilər. Ən azından param-parça olmuş münasibətləri ya sapa düzülər, ya da… Başqa  ehtimalı beynindən qovmağa çalışırdı. Danışmadıqları, görüşmədikləri bu bir il ərzində içinə yüklənmiş bütün cümlələri, cavabsız sualları beynində saf-çürük edirdi: “Görəsən, ad günümü necə təbrik edəcək?” Amma anası demiş, yüz fikir bir borcu ödəmir ki... O gün anasıyla xeyli mübahisə etdilər. Eləcə israrla deyirdi ki, unutmalısan, vəssalam. Necə razılaşa bilərdi anasıyla? Necə yəni keçmişi buraxmalısan? Sözlə deməyə nə var? Buna əməl etməyin nə qədər mümkünsüz olduğunu anası başa düşməliydi axı. Axı niyə içini isidən hissləri öldürüb boşluqla yaşamalıydı? Axı o boşluğu doldura biləcək bir nəsnə tanımırdı. Anası isə bir ucdan üyüdüb tökürdü: “Sevgi boş şeydir. Bu gün var, sabah yoxdur. O dediklərin eşq kitablarında, bir də filmlərdə var. Bax, atanla görücü üsulu ilə evlənib necə gözəl yaşayırıq...” Yenə nələrsə söyləyirdi anası, amma artıq onu eşitmirdi. Qadının ağzı balıq kimi açılıb-yumulurdu, səs yox idi. Ya da var idi, ona dəyib qayıdırdı, divara dəyən kimi. Birdən bütün gücünü toplyıb bağırdı, hə, eynən, qışqırmadı, bağırdı: “Mənə unutmaqdan danışma. Bacarırsansa, mənə unutmamağın reseptini öyrət, ana!” O an susdu anası. Amma susan kimi də bənizi bəmbəyaz oldu. Yazıq qadın qızından belə münasibət gözləmirdi. Əslində, anasını qınamırdı. Bəlkə də, anası əkiz ruhların vəhdətindən  xəbərdar olsaydı, ona haqq verərdi. Anlayardı ki, kitabları bağlansa da, yolları ayrılsa da, Tanrı tərəfindən içinə həkk  olunmuş ruh əkizini öldürə bilməz…

          Telefonun ekranı yandıqca həyəcandan boğazı quruyurdu: “Bax bu dəfə o olacaq.” Amma hər dəfə də başqa birinin təbrik mesajı, zəngi… Bu müddət ərzində mexaniki şəkildə qonaqları salamlamış, neçə dəfə rəqs etmişdi, kimlərləsə qədəh toqquşdurmuşdu, hətta ad günü tortundan da dadmışdı. Amma nə etsə də, dönüb-dönüb bir nöqtəyə baxırdı: kiçik qara ekrana. Nə baş verirdisə, içində baş verirdi. Uzun müddətdir hiss edirdi ki, xarici görünüşü ilə daxili dünyası arasındakı bağ qopub. Bədəni fiziki anlamda yatıb-durur, yeyib-içir. Amma içi bir nöqtədə quruyub qalıb. Nəyə əl atsa da, bir tərpəniş baş vermirdi. Bir növ daxili iflic yaşayırdı. Boynuna alırdı ki, ilk dəfə “mən olmaq”dan yorulub. “Biz”i tanıyandan bu yana daha mən olmaq istəmirdi. İlahi, o ağrılı gündən sonra hər şey necə də adiləşib, eyniləşib. Heç bir fiziki həzzin əvvəlki dadı qalmayıb: nə sevdiyi təamların, nə vurduğu ətirlərin, nə izlədiyi filmlərin, nə dinlədiyi musiqilərin. Hər şey boz rəngə bürünüb. Sanki hava da, mahnılar də, filmlər də, yeməklər də boz rəngdədir, əsl mahiyyətini itirmiş kimidir. Çünki onların bir ucu “biz” məfhumuna bağlıydı. Çünki hər notda, hər ətirdə, hər dadda, hər misrada “biz” vardı. Artıq onları tək halda həzm edə bilmirdi. “Biz” olan hər şeyi – birgə gülüşlərini, davalarını, göz yaşlarını, baxışmalarını və görmə trayektoriyasına iişib qalmış  daha nələri dondurub, saniyə-saniyə, kadr-kadr xatırlamaq istəyirdi. Qorxurdu, günlərin bir günü yuxudan durub görər ki, hafizəsindəki o  sevimli obraz yoxa çıxıb, silinib. Arada fraqment-fraqment onun təsvirlərini çəkirdi: göz, saç, ya əl fraqmenti. Bununla rahatlaşırdı. Amma heç vaxt onu bütövlükdə çəkməyə cəhd etməmişdi. Beynindəki “o” obrazı o qədər işıqlı idi ki, haqqını layiqincə verə bilməməkdən qorxurdu. Yaddaşını möhkəmlətmək üçün onun pazllarını qarşılaşdığı başqa oğlanlarda toplayırdı: “Bunda onun duruşu var, o birində isə barmaqları...” Xırda bənzərlik belə diqqətini cəlb edirdi və uzun-uzun baxırdı o adama, baxdıqca da içi isinirdi. Sanki həmin an onunla qarşılaşırmış kimi olurdu. Birdən lap yaxınlıqda kimsə güldü. Çönüb baxdı. Qonşu oğlan idi. Qəribədir. İlk dəfə düşündü ki, onların təbəssümü bənzəyir... İlahi, onun təbəssümü üçün necə darıxmışdı. Halbuki ən son görüşlərində siması tutqun və gərgin idi...

          Saat 12-ni vururdu. Bu günün son akkordları... “Bəlkə, indi, bəlkə, gecənin ən son təbriki ondan gələcək…” Ovcunda sıxdığı telefonun qaralmış ekranına son bir nəzər saldı və bütün ruhuyla içindəki “Biz”in qırılıb sonsuzluğa yuvarlandığını duydu. O an qərarlıydı. Aralarındakı son bağı qoparmaq istəyirdi. Telefonun nömrəsini çıxarıb eyvandan aşağı tulladı. Qəfil isti bir təmas çiyinlərinə toxundu:

          – Əllərin necə əsir... Əməlli-başlı donmusan ki… Üzün, gözün də göyərib. Soyuq səni   almamış yaxşı-yaxşı pencəyə bürün.

          Başını qaldırıb gözlərinə hərarətlə dikilmiş qonşu oğlana baxdı. Deyəsən, üzbəüz yaşadıqları bu illər ərzində ilk dəfə görürdü onun baxışlarındakı hərarəti. Ya bəlkə, o heç vaxt belə baxmayıb?..

– Bu gün yaman fikirliydin. Yoxsa bir yaş da gəncləşməyin dərdini çəkirsən?)

          Gülüşdülər. Son günlər ərzində ilk dəfə üzü gülürdü. Qonşu oğlansa bundan xəbərsizdi:

– Şamları üfürəndə arzu tutmuşdun? Qoy tapım, sənin kimi gənc xanım ancaq böyük  eşq arzulayar…Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni! Bir dəm bəlayi-eşqdən etmə cüda məni!..)

          Bu nədir?.. Yavaş-yavaş içi donurdu. Şaxtanın əvvəlcə dərisini, sonra bircə-bircə daxili orqanlarınıı, iliklərini bürüyüb işğal etdiyini hiss edir, titrətməsi artırdı. Yox, bu elə-belə baş vermirdi. Hardasa dərin qatlarda yanan sevgi çırağı dörd tərəfini bürümüş soyuğun təsirindən öləziyib, öləziyib sönürdü. Uşaq vaxtı izlədiyi cizgi filmindəki qar kraliçaya çevrilirdi. Acı-acı gülümsündü: “Eşq…”

– Mən eşqə inanmıram ki…

– Necə yəni? Yəni heç?

– Heç. Əllə tutulmayan, gözlə görünməyən bir şeyə necə inanasan… Düz demirəm?

– Orası elədir. Amma bu Leylilər-Məcnunlar, Əslilər-Kərəmlər elə-belə yazılmayıb da.

– Elə məsələ ondadır ki, onlar hamısı nağıldır, əfsanədir. Reallıqsa daha sadədir. Olmayan bir şeyə inanaraq həyatı ötürmək olmaz…

– Yəqin ki. Maraqlı məntiqli yanaşman var. Ora bax, ora bax. Ulduz axır.

– Ay da, hə. Tez arzu tutaq:

Eyni anda pıçıldadılar:

– Hüzur...

          Qonşu oğlan onun buz kimi barmaqlarından tutdu:

– Doğum günün mübarək, qonşu qızı. Yeni yaşın hüzurlu gəlsin.

– Sağ ol. Təsəvvür eləmirsən, bu təbrikin necə yerinə düşdü.

          Dərindən nəfəs aldı. Soyuq hava ciyərlərini yaladıqca yüngülləşirdi. Ona elə gəlirdi ki, bu saniyələrdə içində əvvəlkindən fərqli, yeni bir mən doğulur. Pıçıldadı: “Yaxşıyam… ”

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)