İçərişəhərdə “PAŞA Oxucular Birliyi” oxucu klubunun poeziya müsabiqəsi keçirilib

İçərişəhərdəki “Coffee Jazz” kafesində poeziya axşamı çərçivəsində “PAŞA Oxucular Birliyi” klubunun ədəbi müsabiqəsi baş tutub. Tədbir poeziya həvəskarlarını, qiraətçiləri və yeni yazmağa başlayan şairləri bir araya gətirib.

 

Müsabiqə iştirakçıları iki – “Qiraətçilər” və “Şairlər” kateqoriyasında yarışıblar. Münsiflər heyətinin üzvlərindən biri kimi məşhur kino aktyoru, dramaturq və prodüser Kamran Ağabalayev çıxış edib. Tədbirin aparıcısı “PASHA İnsurance” şirkətinin əməkdaşı Fəxriyyə Əhmədova olub.

 

Poeziya axşamı mülayim, rahat və səmimi ab-havada keçib. Müsabiqə iki hissədən ibarət olub, hissələr arasında musiqi fasiləsi verilib, tədbir iştirakçıları bir-biri və münsiflər heyətinin üzvləri ilə ünsiyyət qurmaq fürsəti əldə ediblər.

 

Qaliblərin və mükafat yerlərinin müəyyənləşdirilməsi yekunlaşdıqdan sonra Kamran Ağabalayev müsabiqə iştirakçıları ilə söhbət edib, çıxışlarını ətraflı təhlil edib və onlara öz bacarıqlarını daha da püxtələşdirməyə kömək edəcək dəyərli məsləhətlərini verib. Tədbirin bütün iştirakçılarına kitablar hədiyyə olunub.

 

“PAŞA Oxucular Birliyi” oxucu klubu 2019-cu ilin oktyabrında “PASHA İnsurance” şirkətinin təşəbbüsü və “PAŞA Holding”in dəstəyi ilə fəaliyyətə başlayıb. Klubun üzvləri “PAŞA Holding” Şirkətlər Qrupunun əməkdaşlarıdır. Klub ədəbiyyatsevərləri birləşdirmək, ünsiyyət üçün şərait yaratmaq, onlara bir-biri ilə daha yaxından tanış olmağa kömək etmək məqsədilə yaradılıb və hər ay üzvlərinə yaradıcılıqlarını həmfikirləri ilə bölüşmək imkanı yaradan müxtəlif tədbirlər təşkil edir.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)