“Gəl tut əllərimdən, yaşamaq öyrət” - OXUCULARIMIZIN YARADICILIĞI

 

 

 “Ədəbiyyat və incəsənət” portalı Müəllimlər Günü münasibətilə ixtisasca bioloq olan, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Əlisahib Hüseynlinin (şeirlərini Əlisahib Sadiq imzası ilə təqdim edir) “Tarix müəllimimə” adlı şeirini sizin ixtiyarınıza verir. Xoş ovqatlı bu şeiri bəyənəcəyinizə əminik. 

 

Bir şagird olaydım, dərsə gələydim

Sənsə müəllimim olaydın mənim.

Ütülü şalvarım, bəyaz köynəyim,

Bir çanta kitabım, dəftər-qələmim...

        ###

Sən girib sinifə "salam" deyəndə

Qalxıb ayaqüstə salam verəydim.

Baxıb mələkdən də nurlu üzünə

"Yeyirmi, içirmi?" fikirləşəydim...

        ###

"Bugünkü dərsimiz təkrardır bizim

Dur danış, de görüm nə öyrənmisən?"

Adımı çəkəndə titrəyib dizim

Qalxam ki, "müəllim öyrənməmişəm"...

        ###

Ehmalca yapışıb sol qulağımdan

Azca danlayasan həzin səsinlə.

"Niyə dərsimizə hazır deyilsən,

Sənə 2 yazım? Neylim səninlə?.."

        ###

Təkrar dediyimiz yaşanan ömür,

Insan öz ömrünü unudarmı heç?

"Mən dərsə hazıram, dilim düz demir,

Müəllim, sən Allah günahımdan keç"...

        ###

Mənə təzə dərs keç, təkrara dönmə,

Öyrət gələcəkdə xoşbəxt olmağa.

Ömrümə əbədi nur çilə, sönmə

Qoyma şagirdini yalqız qalmağa...

        ###

Gəl tut əllərimdən, yaşamaq öyrət

Hərifi, hesabı öyrətdiyintək.

Artıq istəmirəm nə dərs, nə qiymət

Gəl tut əllərimdən, həyata gedək!..

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2023)