Harda yaxaladı bu sevgi səni? - YENİ ŞEİRLƏR

“Ədəbiyyat və incəsənət” portalı AYB üzvü Fəxrəddin Teyyubun redaksiyaya təqdim etdiyi iki yeni şeirini diqqətinizə çatdırır. 

 

 

Harda yaxaladı səni bu sevgi?

 

Həsrətin qəsdi var, canını ala,

Səni atəşlərə, odlara sala.

Tamarzı qalıbdı ürək vüsala,

Harda yaxaladı səni bu sevgi?

 

Gəlmə xeyirimə, şərimə belə,

Gəzmə qəmli-qəmli, yerimə belə.

Gözümün önündə ərimə belə,

Harda yaxaladı səni bu sevgi?

 

Mən sənin dərdini çaya danışdım,

Qarşıma çıxdı dağ, qaya, danışdım.

Gecələr ulduza, Aya danışdım,

Harda yaxaladı səni bu sevgi?

 

Zirvənin başında qarı köynəkdi,

Yolunda öldüyün, sarıköynəkdi.

Hicranın köynəyi, qara köynəkdi,

Harda yaxaladı səni bu sevgi?

 

Belə ölmək olar, ölün hanı bəs?

Gözlərin sellənir, gölün hanı bəs?

Bu necə yanmaqdı, külün hanı bəs?

Harda yaxaladı səni bu sevgi?

 

 

Zilinə zil vermərəm

 

Qara yaxdı hey ağıma bu dünya,

Zəhər qoydu tabağıma bu dünya.

Çıxsın görüm, qabağıma bu dünya,

Əl uzatsa, əlinə əl vermərəm.

 

Kimə baxım, doğmayamı, yadamı?

Kimə baxsam, biri almaz qadamı,

Odu varmış, yandırarmış adamı,

Dil töksə də, dilinə dil vermərəm.

 

Naşı tərzan, nə bilsin ki, dil haqlı, 

Bir zəlzələ ev yıxmasa, him haqlı.

Tanrı bilir, kim haqsızdı, kim haqlı,

Mehi bəsdi, yelinə yel vermərəm.

 

Sirr təkdədir, cəmdir elə mənimki,

Gözümdə yaş, nəmdi elə mənimki.

Əzəl gündən bəmdi elə mənimki,

Dünya qopsa, zilinə zil vermərəm.

 

“Ədəbiyyat və incəsənət”

(05.10.2023)