“Bilinməzə məktub” - ESSE Featured

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Səndən bir cəfəngiyyata inanmağını istəyəcəyəm. Bilmirəm, səndən nə vaxtsa belə bir şey istəyən olub, ya yox, amma mənim qəribəliyimə artıq alışmış olmalısan. Bütün varlığımla yaxşı olduğuma inanmağını istəyirəm. İstəmirəm ki, kədərim səninlə məni bu tilsimli quyuda yenidən birləşdirsin. Mən bir az xurafata inanan biriyəm və bunu sən də bilirsən. Əgər nə vaxtsa, çətində olduğum xəbərini alsan, qulağını çək. Sınanmaq bizə xas olsa da, bütün bunları yaşatmaq həmişə mənə aid olub. Sənə olan bütün sözlərimi bir dəftərin vərəqlərinə həkk edəcək qədər qorxaq biriyəm. Lakin əgər indi gəlsən, içimi sənə tökəcək qədər də açıq sözlüyəm. Bütün hislərimi özümə danışacaq qədər riyakar, sənə lal olacaq qədər mücərrəd biriyəm. Fəqət, bunu bilməyini istəyirəm ki, hər nə olursa olsun, sənin yollarını gözləyəcək qədər qürursuzam. 

Getdiyin gün ölməyəcək qədər güclü, sənsiz yaşamağı bacaracaq qədər ruhsuz biriyəm. Sınağın ən alisi ilə, zərbənin ən qüvvətlisi ilə, ağrının ən kamanlısı ilə sınanarkən tapıram özümü. Yemədiyim yemək parçaları,  içmədiyim su damlaları boğazımda qalır. Sənin müqəddəratın mənim mənəviyyatımı alt-üst edir. Qarşılaşdığımız günə lənətlər yağdırmağa könlümün incə telləri icazə vermir. 

Az öncə gözümə otağın küncündəki hörümçək toru sataşdı. Sən gedəndən pinti biri olmuşam, halbuki mən zənn edirdim ki, xarabaxana sadəcə qəlbimdədir. Səni içimdə dəfn edəcək qədər özümdən nifrət etmirəm. Bu pinti yerin sənə qalmağını istəsəm də, məni gün işığına çıxaracaq başqa dərdlər yaşamaq istəyirəm. 

Bəlkə onların səni unutdura biləcək qədər zərbəsi ağır olar. Deyəsən, artıq bütün cavabları keçmişin mənə miras qalan xatirələrindən tapıram. Yadındadır, sənə, -"Mən sənə bağlanmaq istəmirəm"- demişdim. Sən də böyük təəccüblə mənə baxaraq-"Niyə?"- deyərək sual vermişdin. 

"Çünki hər bağlılığın bir ayrılığı və hər bağlı qapının bir açarı olur"- deyə cavablamışdım. Bu dialoqun davamında səndən ayrılmaq istədiyimi açıq-aşkar sənə ifadə etmişdim və sənin məlum sualına mənim məlum cavabım çoxdan hazır idi. 

"Ona görə ki, nə ayrılığın ayrılığı, nə də ki aralı qapıdan otağa daxil ola biləcək qədər cəsur birini tanıyıram." 

                                 

“Ədəbiyyat və incəsənət”

(05.10.2023)