DEBÜT-də Əlizadə Əlinin şeirləri Featured

Rate this item
(7 votes)

“Ədəbiyyat və incəsənət” portalında bu gün növbəti Debütdür, Əlizadə Əlinin şeirləri ilə tanışlıqdır. 

Əli klassik üslubda yazır, bu da günümüzdə az rast gəlinən haldır. Çoxəsrlik klassik poeziyamızın ənənələrini gənclərin davam etdirməsi, əlbəttə ki, gözəldir. 

 

 

Bu gün 

 

Dağılıb mülki-cahanım, olubdur viranə bu gün,

Divarları kədər olan qurmuşam qəmxanə bu gün. 

 

Oturduğum qəmxanəyə yenə yağır qəm yağışı,

Sevinc yağan o günlərdən qalmayıb nişanə bu gün. 

 

Gül üzünə əsir düşən hislərimin atəşində,

Kül eləyir öz canını gör neçə pərvanə bu gün. 

 

O misilsiz gözəlliyin bu şairi edib dəli, 

Sərsəritək fırlanıram, olmuşam divanə bu gün. 

 

Hüsnünə aşiq olmuşam, gözlərinin məhbusuyam

Gözlərində xəstə düşüb ölmüşəm mərdanə bu gün. 

 

Həkk olmusan yaddaşıma, unutmuşam varlığımı,

Qaldırıram şəninə mən badeyi-peymanə bu gün. 

 

Üz-gözümdən yağır kədər sənə heyran olan gündən

Sən Əlinin bu halına qalmısan biganə bu gün. 

 

 

Gəlməmişəm 

 

Yuxu getməz gözlərimə, ağlayaram sübhə qədər, 

Gözlərimdən yaş yerinə axar qüssə, axar kədər.

Ruhum artıq çox qocalıb cavanlığım olub hədər,

Hədər olan cavanlığın qiymətini bilməmişəm,

Mən dünyaya yas tutmağa, qəm çəkməyə gəlməmişəm. 

 

İşlədiyim günahlarım gecə-gündüz sıxır məni,

Xaricimdən dik göstərib daxilimdən yıxır məni,

Bilirəm ki, bu günahlar öldürəcək axır məni,

Mən ölümün belə ucuz olduğunu görməmişəm,

Mən dünyaya az yaşayıb çox ölməyə gəlməmişəm. 

 

Mən zamanla anladım ki, budur doğru, budur gerçək,

Bəxtimin də bəxti yoxdur, üz çevirib məndən fələk.

Çün yerinə yetməyibdir nə bir arzu, nə bir dilək,

Bir diləyim yoxdur daha, mən ki, ona yetməmişəm,

Mən dünyaya varlığımı heç etməyə gəlməmişəm. 

 

İstənilən çətinliyə tab gətirib mənim sinəm,

Tanımırsan bəlkə məni? İcazə ver deyim kiməm. 

Nəsiminin beytindəki zərrə mənəm, günəş mənəm,

Mən günəşin zərrəsiyəm, içim yanır sönməmişəm,

Mən dünyaya tez alışıb tez sönməyə gəlməmişəm. 

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)