POETİK QİRAƏTdə Əlizadə Nuri Featured

Rate this item
(0 votes)

Uzun fasilədən sonra Poetik Qiraət rubrikasında sizləri yenidən sevilən şair Əlizadə Nuri ilə görüşdürürük. Bu dəfə o, “Uzaq” deyir. 

 

 

“Uzaq”

 

Əlizadə Nuri

 

Nə olsun yanımdasan?-

Nə Rumdasan, nə Çində.

Ayrı dünyalardayıq

Eyni evin içində.

 

Eyni kupelərdəyik,

Amma ayrı qatarda....

Aradakı bu boşluq

Min adama çatar da.

 

Sən çiçəyə əl açdın,

Mən də kəpənəklərə.

Qoy bahar sənin olsun,

Payız qalsın təklərə.

 

Elə soyumuşuq ki-

Gec əriyən qarıq biz.

Bir dəryanın içində 

Ayrı damlalarıq biz...

 

Özümlə savaşanda

Özüm girdim araya.

Yanımdasan... özgəni 

Çağırıram haraya...

 

Eşqimiz oğurlanıb-

Boş bir muzey kimiyik.

Günümüz də ayrıdı-

Güney, quzey kimiyik...

 

Təkcə yaradan bilir 

Necə dostuq, yarıq biz.

Bir-birinə bitişik,

Uzaq adalarıq biz.

 

Dənizi  sevmədin sən,

Sevdin isti qumunu.

Nə olsun yanımdasan-

Sənə məktub yazmışam

Gəl, götür məktubunu...

 

...Nə olsun yanımdasan?-

Nə Rumdasan, nə Çində.

Ayrı dünyalardayıq

Eyni evin içində...

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)