Nərgiz İsmayılova, Sadiq Qarayev, Ramil Əhməd, Sahib Məmmədov, Səidə Sübhi və digərləri Avrasiya ədəbiyyat festivalının Sertifikatına layiq görüləcəklər Featured


“Ədəbiyyat və incəsənət” portalının xəbər verdiyi kimi, İstanbulda, Yapı-kredi kultur-sənət mərkəzində dörd gün davam edən Avrasiya materikinin ədəbiyyat üzrə 5-ci LiFFt festivallar festivalı tanınmış Misir şairi Aşraf Aboul Yazidin qələbəsi ilə nəticələnib. Şair qızıl medala, habelə kitabının “Qızıl LiFFt” seriyasından ingilis dilində dərcinə layiq görülüb. Eyni zamanda o, növbəti, 6-cı festivalın Misirdə keçirilməsini öz ölkəsi üçün təmin edib.
Xatırladaq ki, öncəki illərdə laureat adlarını Tuğrul Tanyol (Türkiyə), Varis Yolçuyev (Azərbaycan), Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) qazanıblar.
“Biz yazarlarıq, biz eyni planetin sakinləriyik” devizi altında, BMT-nin patronajlığı ilə keçirilən LiFFt festivalları xalqlar arasındakı dostluğun, ədəbi əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Builki İstanbul festivalı öncəsi müsabiqə proqramına dünyanın 75 ölkəsindən minlərlə yazarın qatılması festivalın get-gedə artan populyarlığına dəlalət edir.
Ümumən, dünyanın 69 ölkəsinin 196 yazarı festivalın iştirakçı Sertifikatına layiq görüləcəklər. Maraqlıdır ki, bu ölkələr arasında ABŞ, Almaniya, Avstriya, Argentina, Belarus, Bolqarıstan, Boliviya, Braziliya, Venesuela, Macarıstan, Yunanıstan, İsrail, Hindistan, Meksika, Misir, İspaniya, İtaliya, İrlandiya, Çin, Qazaxıstan, Qana, Kolumbiya, Kuba, Niderland, Yeni Zelandiya, Polşa, Pakistan, Rusiya, Rumıniya, Serbiya, Səüdiyyə Ərəbistanı, Türkiyə, Ukrayna, Fransa, Çexiya, İsveçrə, CAR, Cənubi Koreya kimi populyar ölkələrlə yanaşı Aruba, Barbados, Monserrat, San-Tome və Prinsipe kimi ekzotik ölkələr də yer alıb.
Azərbaycandan festivala qatılaraq seçmə mərhələni keçən, iştirakçı status qazanan yazarların adlarını qeyd edirik: Nərgiz İsmayılova, Sadiq Qarayev, Ramil Əhməd, Sahib Məmmədov, Səidə Sübhi, Təranə Turan Rəhimli, Azadə Novruzova, Elmira Almasova, Marina Kolomazova, Səriyyə Məmmədova və Ləman Bağırova.
Növbəti, 6-cı LiFFt festivallar festivalı Misirin paytaxtı Qahirə şəhərində üzümüzə gələn il keçiriləcək. Ədəbiyyatın zəfər yürüşü sayılan LiFFt hərəkatının ölkəmizdə populyarlaşması ədəbiyyatımızın dünya ədəbiyyatına inteqrasiyasına bir vəsilə olmaqdadır.