“Ağ hörüklər” - Ləman Quliyevanın hekayəsi Featured

Rate this item
(11 votes)

“Ədəbiyyat və incəsənət” portalı BDU-nun tələbəsi Ləman Quliyevanın “Ağ hörüklər” hekayəsini təqdim edir. 

 

Günün yeni başlamasına rəğmən demək olar ki, hamı oyanmışdı. Həyətdəki skamyada oturub siqaret çəkənlər, əlində təsbeh çevirənlər, ən çox da tək məşğuliyyətləri qeybət olan nənələr günlərini eynən bu formada yaşayaraq ömür qatarının son dayanacağını gözləməkdəydilər. Ara-sıra qocalar bir-birinə qaynayıb-qarışır, görüb keçirdikləri zamanlardan, gənclərin boş və mənasız həyat sürmələrindən, açıq-saçıq geyinmələrindən, hər şeyin necə də bahalaşmasından, bir sözlə, hər şeydən danışırdılar. Onlardan fərqli olaraq Gülnaz nənə söhbətlərə qoşulmurdu. İlk gəldiyi gündən demək olar ki, heç kim onun kimləsə doğru-düzgün söhbət etdiyini eşitməmişdi. Yemək və xüsusi ehtiyaclar xaricində otağından çıxmır, ömrünün sonunu sanki orada gözləyirdi. Artıq solan mavi gözləri bəlli ki, bu həyatda çox şey görmüş, vaxtilə qapqara olan saçları boşuna ağarmamışdı. Gözəl gözlərinin uzaqlara budağından qopmuş yarpaqtək necə də həsrətlə baxdığını görənlər çox idi, amma kimsə bu günə kimi səbəbini soruşmağa cəsarət etməmişdi. Qocalar evinin müdiri Nəsibə xanım, həmçinin oradakı digər qocalar onun kədərinin səbəbinin oğlu olduğunu düşünürdülər. Hansı ki, minbir əziyyətlə həm ata, həm ana olub böyütdüyü, oxudub bu günlərə gətirdiyi oğlu onu içində bir neçə köhnə-kürüş paltar və dərmanları olan çamadanla Qocalar evinə qoyaraq son model maşınına minib getmişdi. Həmin gün Gülnaz çox ağlamış, amma övladına bir kəlmə söz deməyə belə dili gəlməmişdi. Qaldığı otaqdan günlərlə çıxmamış, sonradan Nəsibə xanımın təkidi ilə yeməkxanada məcbur bir-iki loxma yemişdi. Həmin gündən 3 ay keçməsinə baxmayaraq hələ də söhbət edib, dərdləşdiyi biri yox idi. Ara-sıra Nəsibə xanım ona baş çəkir, nəyə ehtiyacı olduğunu soruşur, Gülnaz isə hər dəfəsində heç nə istəmədiyini bildirirdi. Sanki onun həyatdan istədiyi heç nə yox idi. Amma bir qəribə adəti var idi: İstisnasız hər gün belinə düşən ağ saçlarını iki dənə hörərdi. Nəsibə xanım neçə dəfə səbəbini soruşmaq istəmiş, amma utanaraq bu sualını özünə saxlamışdı.

...Saat 05:30.

Yatağında o tərəf bu tərəfə dönüb dururdu. Keçmişin verdiyi əzablar yenə yuxusuna haram qatmış, qan tər içində oyanaraq səssiz göz yaşlarına boğulmuşdu. Onun lap əvvəlki adəti idi göz yaşlarını hamıdan xəbərsiz içinə  axıtmaq. Elə atası oxumağına mane olub ərə verəndə də, anasına yalvarıb mədət umduğuna peşman olanda da, əri yad qadın uğruna tərk edib gedəndə də... Saatlarla bütün həyatı film lenti kimi gözünün qabağından keçdi. Düşündükcə ağlını itirmə dərəcəsinə çatırdı: Nail ola bilmədiyi arzuları, özünə etdiyi hörmətsizliyi, düzələ bilməyəcək günahları... 

Əlinə silgi alıb keçmişi silib yenidən başlamağı o qədər çox istəyirdi ki. Amma həyat daha ona yeni karandaş verməyəcək, kabuslu gecələri bitməyəcəkdi...

Bir az olardı ki, Günəş səmadan boylanmışdı. Qapının döyülməsilə diksindi, əli həmişəki kimi gözlərindəki yaşları silmə vəzifəsini yerinə yetirdi. Daha sonra isə bacardığı qədər normal səs tonu ilə “girin”dedi.

Qapı cırıltı ilə yavaşca açıldı, içəriyə doğru boylanan Nəsibə xanım xoş bir təbəssümlə gülümsəyərək: -Sabahınız xeyir, Gülnaz xanım, necəsiniz?, - soruşdu. 

-Çox sağ ol, Nəsibə, yaxşıyam, -dedi. 

Nəsibə yaxşı olmadığını gözlərinə baxanda hiss etdi. Səbəbini bilmək istəyirdi, soruşmağa isə utanırdı. Amma görünüşü illər əvvəl itirdiyi anasına bənzəyən bu qadının hər gün gözlərinin önündə əriməsinə rəvac vermək istəmirdi. Yəqin ki, bu ağbirçəyin ömür qatarının son dayanacağına elə də çox  vaxt qalmamışdı. Odur ki, Nəsibə Gülnazın ömrünün geri qalan hissəsində onu xoşbəxt etməyə, bunu bacarmasa da ən azından dərdlərinə qulaq asıb yüngülləşdirməyə çalışacaqdı.

-Gülnaz xanım, hava bu gün çox qəşəngdir. Deyirəm, bəlkə həyətdəki skamyada oturub bir az söhbət edək. 

Gülnazın yox demə ehtimalını sıfıra endirmək üçün əlavə etdi:

-İşlər məni çox yorub. Dərdləşib söhbət edəcəyim heç kim yoxdur. Xahiş edirəm, qəlbimi qırmayın.

Gülnaz tərəddüd etsə də onun xətrinə  dəymək istəmədi. Birlikdə həyətə düşdülər. Bir müddət ikisi də susdu. Nəyi necə deyəcəyini götür-qoy etdikdən sonra söhbətə Nəsibə başladı. Anasını itirməsini, qocalar evində işə başlamasını, bir sözlə, yaşadığı hər şeyi ona danışdı.

Gülnaz isə səbrlə dinləyirdi. 

Nəsibə çoxdandır demək istədiyi şey üçün fürsətin bu an olduğunu anlayıb dedi:

-Bilirsiniz, siz anama çox oxşayırsınız. Sizi görəndə elə hiss edirəm ki, sanki anam yenidən mənimlədir. Mənə elə gəlir ki, sizi qucaqlasam anamın qoxusunu alacam, bütün acılarım sonlanacaq.

Gözləri dolan Nəsibə ağlamamaq üçün özünü güclə tutdu, amma bacarmadı. Gülnaz nə deyəcəyini, nə reaksiya verəcəyini bilmirdi. Təxminən 35-40 yaşlı qadının körpə qızcığaz kimi ağlaması ürəyini sızlatdı. Demək ki, hər qadının içində körpə qız uşağı yatırmış. Və həmin qızı oyatmağa bir gözyaşı bəs imiş. 

Onu qucaqlayıb təsəlli vermək istədi. Amma uzun müddətdir ki, qucaqlaşmanın verdiyi doğmalıq və xoşbəxtlik hissindən məhrum olduğundan əlini çiyninə qoyub dəstək olmaqdan başqa bir şey edə bilmədi.

Nəsibə xəfif bir gülümsəmə ilə qarşılıq verərək dedi:

-Bəs sizin hüznünüzün səbəbi nədir? Görürəm heç kimlə qaynayıb qarışmır, heç otağınızdan da çıxmırsınız. Bəlli ki, bir dərdiniz var. Mən yanınızda olub bacardığım qədər kömək etmək istəyirəm. 

Gülnaz özünün belə utandığı keçmişini danışmağa çəkindi. Əlini onun çiynindən çəkib sağollaşdı. 

Nəsibə yenə də qarının ürəyinə yol tapa bilmədiyi üçün məyus olmuş, arxasınca baxmaqla kifayətlənmişdi.

Gözləri dolu halda Gülnaz otağa daxil oldu. Əllərini üzünə tutub ağlamağa başladı. Keçmişin qoyduğu dərin yaralar heç vaxt qabıq bağlamamışdı. Ərinin başqa qadına görə onu bir başına qoyub getməsi, atasının bütün günahı onda görüb döyməsi: bütün bunlara baxmayaraq bir şəkildə həyata tutunmağa çalışmışdı. Amma oğlu bir yad qızının sözünə görə onu Qocalar evinə atdığı gün artıq taqəti qalmadığını hiss etmişdi. Həmin gün tale ona yaşatdığını yaşatmışdı. İllər əvvəl işlədiyi o böyük günahının əlbəttə bir cəzası olacağını bilirdi. Amma vurduğu yerdən vurulacağını, ümid bəslədiyi oğlunun ümidlərini puç edəcəyini təsəvvür etməmişdi. Axı o hər kəsə, hər şeyə rəğmən bütün həyatını ona həsr etmişdi. Oxutmuş, evləndirmiş, hətta qaldığı çətin seçimdə belə onu seçmişdi. O günü dünən kimi xatırlayırdı: Çöllərdə qalanda bu şəkildə davam edə, iki uşağa birdən güc çatdıra bilməyəcəyini anlamışdı.

Odur ki, məcbur qalıb oğlunu seçmişdi. Bəlkə də həyatının əzablı günlərindən heç olmasa gələcəkdə qurtulmaq üçün bunu etmişdi. Düşünmüşdü ki, oğul övlad əli pula çatanda ağbirçək anasına baxar. Qızı isə yad evinə gəlin gedəcəyi üçün bacarmaz. Bu fikirləri üçün indi çox utanırdı, amma heç bir faydası yox idi. 

Yatağına uzanıb tavanı izləməyə başladı. Tavana baxanda sanki kimsə günahını üzünə vurmaq istərcəsinə proyektor qoşdu və hər şey açıq aydın göründü:

Uzun sarı saçları iki dənə hörülmüş, əynində yarıcırıq bənövşəyi don, qucağında isə nənəsinin düzəltdiyi hörmə gəlinciyi  möhkəm-möhkəm tutan 6 yaşlı qızcığaz anasının nə etmək istədiyini anlamırdı:

-Ana, biz hara gedirik? 

Gənc Gülnaz fikrini dəyişməmək üçün qızın əlindən tutaraq addımlarını öz addımlarına çatdırmağa çalışırdı.

-Səni məktəbə aparıram. 

Körpənin gözləri sevinclə işıldadı. Axı o, bu günü səbirsizliklə gözləmişdi. Birdən forma olmadan məktəbə gedə bilməyəcəyini xatırladı:

-Bəs, bəs məktəb formam. O hanı?

-Orada verəcəklər.

Qızın sevinci yerə göyə sığmırdı. Anasını belindən qucaqlayıb dedi:

-Ana, mən səni hamıdan, hər kəsdən çoox sevirəm!

Gülnazın ürəyi əsdi. Əgər onu bir dəfə qucaqlasa yolundan geri dönəcək, iki uşağı ilə birlikdə məhv olub gedəcəkdi.

Yetimxananın qapısından girəndə balaca qız gözlərini heyrətlə bərəldərək ətrafa baxdı. Əvvəllər qardaşında gördüyü, amma heç vaxt toxunmağına icazə verilməyən kitablardan onda da olacağı üçün çox sevinmişdi. Dərslərini çox yaxşı oxuyacağını, dərsdən sonra isə anasının məktəbdən aparıb ləzzətli yeməklər yedirərək gününün necə keçdiyini soruşacağını, onun da həvəslə hamıdan daha yaxşı qiymətlər aldığını danışaraq qürurlanacağını xəyal edirdi. 

Gülnaz  lazımi prossedurları surətlə həll etdi. Artıq dözməyə gücü yox idi. Hər şey bir anda olub bitsin istəyirdi. Nəhayət ayrılıq zamanı gəldi. Yetimxana müdürünə balasını adi əşyaymış kimi təhvil verdi. Qız anasının ardınca çox ağladı, çox çırpındı, çox yalvardı. Anasının artıq gəlməyəcəyini anlamışdı sanki. Balaca ürəyi sürətlə  döyündü. Əllərini anasının getdiyi tərəfə uzadır, onu tutan kobud əllərdən qurtulmağa çalışırdı. 

Amma Gülnaz əhəmiyyət vermədən yetimxanadan çıxıb getmişdi. Eynən oğlu onu Qocalar evinə atanda etdiyi kimi...

Ağlamaqdan artıq taqəti qalmamışdı. Adi tavan onun üçün kabusa çevrilmişdi. Yaşlı ürəyi artıq dözə bilmədi. Diz çöküb əllərini açaraq söylədi:

-İlahi, bilirəm günahım çoxdur.

Mənə cəhənnəm belə azdır. Amma sən mərhəmətlilərin ən mərhəmətlisisən. Yalvarıram mənə balamı yetir, ölməmişdən qabaq bir dəfə görüm, bağrıma basıb doyunca öpüm.

Bu anda birdən qapı açıldı. İçəri bir qadın daxil oldu. Gülnaz başını çevirib onu görməyə çalışdı. Normalda görməyən gözləri indi bu simanı tanıdı. Qızı idi. Hə ,o idi. İllər keçsə belə o balasını tanımışdı. Eyni – mavinin ən gözəl tonundakı iri  gözləri, uzun sarı hörüklü saçları... Yeriyə bilməyən ayaqları sanki qanad açdı. “Uçaraq’’ qızının yanına çatıb, doyunca öpdü. İllərin həsrətini, içinə ata-ata boğulduğu hıçqırıqlı gecələrin acısını bir dəfəyə sığışdırmağa çalışdı. Məgər yuxusuz gecələrin, kaşkilərin, yarım qalmışlıqların –bütün hədsiz əzab-əziyyətlərin tək dərmanı övlad qoxusu deyilmiş? Necə də gözəl qoxusu var idi övladının...Cənnət qoxusu idi...Misilsiz qiymətli ətirlərə tay olmazdı ki...

Ömrünün sonuna qədər belə qala bilərdi. Qızı əllərini ondan ayırıb üzünə baxdı, qaynayan bulaqtək şəffaf, amma minlərlə acı sığdıran bir o qədər mürəkkəb yaşları onun gözündən sildi. Ağ hörüklərini, qırışmış üzünü oxşadı. Qabar olmuş əllərini öpərək yanağına qoydu. Dəqiqələrcə heç nə demədən bu vəziyyətdə qaldı. Qoca ana nə deyəcəyini, övladının yaralarını necə saracağını bilmirdi. Bu anı illərcə xəyal etmiş, amma hər xəyalı utancından yarım qalmışdı.

Dəqiqələr gözündə saatlar, hətta günlər, aylar, illər qədər uzanırdı. Özünü toplayıb nəsə deməyə çalışdı, sanki dili tutulmuşdu. Allaha yalvarırdı ki, heç olmasa qızı nəsə desin. Lap danlasın onu, qışqırsın üstünə, amma bir şey desin. İllərin səssizliyi yetməzmiş kimi bu sükut ikiqat əzab verirdi. Nəhayət özünü topladı. Tam ağzını açacaqkən qızı əllərini onun üzündən çəkib, arxasına belə baxmadan çıxıb getdi. Gülnaz yerindəcə donub qaldı. Balası ondan get-gedə uzaqlaşaraq görünməz olurdu. O isə addım belə ata bilmirdi. Bir anda gözləri qaraldı və yerə yıxıldı...

-Həkim, Gülnaz xanıma nə olub axı? - Nəsibə təlaşla dilləndi.

-Narahat olmayın, sadəcə olaraq huşunu itirib.

-Onu otağında tapanda “qızım, getmə” deyə sayıqlayırdı.

-Qızı gəlmişdi?

-Bildiyim qədərilə onun bir oğlu var. O da anasını Qocalar evinə atıb getdi. – Nəsibə söylənməyə başladı.

-Yəqin Gülnaz nənəmiz xəyal, ya da yuxu görüb.

Bunu eşidən Gülnaz birdən ayıldı.

Ağlayaraq: -Qızım gəlmişdi, gördüm onu, sığalladı ağ hörüklərimi, qucaqladı məni, əlimdən tutdu. Yox, yox siz yalan deyirsiniz. Mən xəyal görmürəm. Gələcək, hə yenə balam? Baxın, mən hər gün onun hörükləri kimi hörürəm saçlarımı, bəlkə bir gün gələr deyə. Siz səhv edirsiniz, o gələcək...

Nəsibə bu mənzərəyə dözə bilmədi. Anasına bənzəyən bu qadının övlad acısı ürəyinə ox kimi batdı. Bəlli ki, yazıq qarı xəyal görmüş, övladının gəldiyini düşünmüşdü. Ya da bəlkə də onun ümumiyyətlə qızı yox idi.

Çünki əgər olsa idİ, nankor qardaşı kimi anasını atmazdı. Axı qızlar canıyanan olurlar, mərhəmətli olurlar. Eynən onun özü kimi...

Söhbət etməyə belə çəkindiyi bu qadına yaxınlaşıb bərk-bərk qucaqladı, göz yaşlarını silməyə çalışdı. Amma yaşlar dayanmırdı. Anasının qoxusunu bu qadından aldı, üstünə çökmüşdü sanki. Ağ hörüklərinə baxdı. Birdən əlinin altındakı bədənin artıq nəfəs almadığını hiss edib diksindi. 3 ay əvvəl anasını yenidən tapdığını düşünmüşdü. İndi isə ikinci dəfə onu itirmişdi. Cansız bədəni ehmalca özündən kənara qoydu. Anaya edilən bütün pislikləri üçün oğluna və varlığından belə şübhə etdiyi qızına lənət oxudu. Ağ hörüklərin bu qədər həsrətlə “övladını”gözləməsi ona çox təsir etmişdi. Amma o, cəsədi hələ ip-isti olan Gülnaz nənənin ağ hörüklərinin sadəcə qızının gəlməsi ümidilə deyil, həm də yarım qalan gəncliyinin, uşaqlığının, xəyallarının ifadəçisi olduğunu əsla bilməyəcəkdi...

 

“Ədəbiyyat və incəsənət”

(03.10.2023)