“Cümə günü Əbülfətqızının 10 sualı”nda qonaq Habil Yaşardır Featured

Rate this item
(3 votes)

Bu dəfə " Cümə günü Əbülfətqızının 10 sualı ilə" rubrikasının qonağı  gənclər tərəfindən  çox sevilən yaradıcımız Habil Yaşardır.

Xoş gördük, Habil bəy. Əminəm ki, suallarımıza verdiyiniz cavablar maraqlı və mənalı kitab kimi xoş təəssürat yaradacaq. Beləliklə, birinci sualımız özünü çatdırdı.

 

1)Habil bəyin fikrincə, insan təbiətinin ən  faciəvi məqamı nədir?

 

Nadanlıq...

 

 

2)Habil Yaşarın  Xəzərə üz tutub: 

"  Bəlkə, mən özüm anlaşılmazam" - dediyi məqamlar çoxmu olur?

 

 Şübhəsiz... Hər kəs kimi, mən də öz daxilimi daha yaxşı bildiyimdən ziddiyyətlərlə dolu olduğumu düşünürəm. Bir sıra ziddiyətli fikirlərim yaradıcılığımda da öz əksini tapmışdır. Məsələn:

 

              Hər kəsin özünün öz düşüncəsi,

              Heç kəsin qəlbini oxumaq olmur.

              Mənim ürəyimdə hər kəsə yer var,

              Bəlkə də, içində yaşamaq olmur.

 

 Hətta həyatda nikbin insan olsam belə adımın mənası “kədər, qəm” mənasını ifadə edir. Amma bu uyğunsuzluqlar məndə heç bir mənfi aura yaratmır. Əksinə, daha çox öyrənməyə, daha dərindən araşdırmağa sövq edir. Burada da bir hikmət olduğu qənaətindəyəm. Unutmayaq ki, kainatın sirrini anlamağa çalışan insan hələ özünün kim olduğunu, nə üçün yaradıldığını dərk eləmək iqtidarında deyil. Ali məqsədlərdən danışırıq, ancaq bəşəriyyətin arzuolunan məqama çatmasına hələ çox var və bəlkə də, bu arzular hər zaman arzu olaraq da qalacaqdır... 

 

3)Franklin söyləyib ki: " Ağıllı kimdir?

- Başqalarından öyrənə bilən.

- Güclü kimdir?

- Öz istəklərini idarə edən.

- Varlı kimdir?

-Malik olduqları ilə kifayətlənən.

- Bütün bu xüsusiyyətləri özündə cəmləşdirən kimdir?

-Heç kim."

Bəs Habil bəy bu fikrə nə deyər?  Bu üç xarakteri daşıyan insan yoxdur?

 

Tarixdə xeyli sayda görkəmli şəxsiyyətlər olub və olacaq. Amma bütün bunlara baxmayaraq bəşəriyyət hələ də bir xilaskar axtarışındadır. Bir Çin atalar sözünü xatırlatmaq yerinə düşər, Ülviyyə xanım: “Dünyada iki qüsursuz insan var: Biri ölüb, biri doğulmayıb”.

 

4) " Yeddinci ayın yeddisi”nin Nihatı zamanı rənglərdə tutub saxlaya bildimi?

 

Zənnimcə, o bunu bacarmışdır…

 

5) Bütün insanlar yalançı olmasa da, bütün yalanlar insanlara aiddir. ( Habil Yaşar)

Habil bəy, qarşınızdakı insanın yalançı olub-olmadığını müəyyənləşdirməyə ehtiyac olsa, gözlərinə baxarsınız, yoxsa, sözlərinə?

 

 Bəzən elə məqamlar olur ki, hətta deyərdim çox zaman, qarşımdakı şəxsin nə demək istədiyini sözlərə ehtiyac duymadan gözlərindən oxumağı bacarıram. İntuisiyamın çox güclü olduğunu söyləyə bilərəm.

 

6)" Uçub  gedən hər bir şey geri dönər, amma tam da onlarsız yaşamağı öyrəndiyiniz zaman." ( Jose Saramago)

Habil bəy, vaxtsız qəlb evini tərk edənləri məyus halda geri dönərkən gördükdə  diliniz nə söyləyir?

"Demişdim  qayıdacaqsan, amma  gözlərim artıq sənə bağlı" yoxsa,  " Sən heç getmədin ki"?

 

Öncə qeyd edim ki, Jose Saramaqo ən çox sevdiyim, ruhuma ən yaxın yazıçılardan biridir. O ki, qaldı, cavaba, hər nə qədər çətin olsa da, bütün iradəmi toplayaraq "Demişdim  qayıdacaqsan, amma  gözlərim artıq sənə bağlı" söyləməyi üstün tutaram. Ürəyimdə yeri olmayan birini gözlərim görsə, nəyə yarar…

 

7)F. Dostoyevski " Karamazov Qardaşları" əsərində: " Bəzən insanların " vəhşi kimi" qəddar olduğundan danışılıt, ancaq bu, çox ədalətsizdir və heyvanları təhqir etməkdir."- söyləmişdir.

Habil bəy,  bəzi insanların mərhəmətdən uzaq düşmələrinin səbəbi, sizcə, nədən qaynaqlanır?

 

 İnsanların mərhəmətdən uzaq düşmələrinin bir çox səbəbləri vardır. Uşaqlıqdan bu hiss onlara gözəl tərbiyə, təhsil və ya elmlə mütləq aşılanmalıdır. Eyni zamanda ətraf mühitin də çox böyük təsiri olduğunu qeyd etməliyəm. Vaxtında müəyyən tədbirlər görülməsə, mərhəmət hissindən yoxsul insanların sayının xeyli artacağını düşünürəm və çox təəssüf ki, bu say getdikcə artmaqdadır. 

 

8).Habil Yaşarın hansı şeirindən bir parça söyləyə bilərsiniz?

 

Səni itirirəm nur, işıq kimi,

Yerinə qaranlıq doğur içimdə.

Yuxular o qədər qarışıq düşüb,

Hər kəs bir-birini boğur içimdə.

                  

9) Danışan çox ağız, amma düşünən çox az baş var.( Viktor Hüqo)

Siz çoxdanışan boşbaşlara məktub yazsaydınız, ən təsirli cümləniz nə olardı?

 

Beyinsizlikdən usanmadınızmı?

 

10) Şeirləriniz nəsrinizlə yola gedirmi, hansı daha çox, "mənəm-mənəm" deyir?

 

Hər biri mənim üçün əzizdir, doğmadır. Gözləriniz arasında ayrı-seçkilik edə bilməzsiniz. Amma bir şeyi etiraf etməliyəm ki, son zamanlar nəsrə daha çox mübtəla olmuşam. Bunun da bir çox səbəbləri vardır. O səbəblərdən ən mühümü tədqiqat işlərimlə bağlıdır. Tədqiqatların oxucuya nəsr diliylə çatdırılması daha məqsədəuyğundur. Şeirlərimsə daha çox ruhumun təzahürləridir…

 

Dəyərli Habil bəy, hansı sualımızı daha çox bəyəndiniz?

 

Hər bir sualınız odluqca dəyərli və düşündürücüdür, Ülviyyə xanım. Seçim etmək çox çətin olsa da, ikinci sualınızı daha çox bəyəndim deyə bilərəm. 

 

Rubrikamızda iştirak etdiyiniz üçün Sizə minnətdarıq, yaradıcılığınızda bol-bol uğurlar diləyirik.

 

Mən də sizə, həmçinin bütün yaradıcı heyətə öz dərin təşəkkürümü bildirir, uğurlar arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2023)