“Bir gün sevginin qürura qalib gələcəyinə ümid edirlər...” - ESSE Featured

Rate this item
(1 Vote)

Pərvanə Seyidli, “Ədəbiyyat və incəsənət” üçün

 

Yorulmuşdu artıq.

Sevməyə nə taqəti, nə də sevilməyə bəxti vardı. Qəlbi o qədər yaralanmışdı ki, yaralardan param parça olmuşdu. Oysaki o qəlbə bir dünya sığdıran sevgisi, ümidləri vardı. Zamanla gözlərində olan o sevincin yerini kədər almışdı. Artıq nə gözləri gülürdü, nə də qəlbi sevinirdi. Gözlər qəlbin aynasıdır ifadəsi onun cismində təcəssüm etmişdi. Qəlbində tufan qoparan fırtınaları uzaqlara dalan kədərli gözlərində görmək olurdu. Bir zamanlar sevgi dolu olan qəlbində artıq hicran, ayrılıq ağrıları vardı. O, xoşbəxt anlar bir göz qırpımında keçib getmişdi. Bu hicran dağı köksündə sağalmaz yaralar açmışdı, artıq sevgiyə inamı qalmamışdı. Çətin də olsa, bir qərar verməliydi. Ya ümidsizcəsinə onun geri dönməsini gözləyəcəkdi, ya da qəlbinin qapılarını ömrünün sonuna kimi eşq adlı dəvətsiz qonağın üzünə qıfıllamalıydı... 

 

Artıq günlər yerini həftələrə verməyə başlamışdı. Ondan hələ də heç bir xəbər yoxuydu. Cismən birlikdə olmasalar da, ruhən hər daim birgəydilər, sabahı birlikdə acırdılar. Birlikdə sevinib, birlikdə gülürdülər. Bu hicran dağı ona onsuzluğun nə qədər çətin olduğunu, o olmadan yarım qaldığını öyrətdi. Qəlbinə vurulan yaralar o qədər ağırıydı ki, sızıltısını, fəryadını sanki bütün cahan, yer-göy duyurdu. O olmadan nəfəs ala bilmirdi. Nəfəsi kəsilirdi, ölmürdü, amma hər an, hər dəqiqə ölümü canlı olaraq yaşayırdı. Bütün ağrılarını iliklərinə qədər hiss edirdi. Yalnız bir tək arzusu varıydı,  tezliklə ən qısa zamanda əvvəlki xoşbəxt günlərinə geri dönmək. Tək təsəllisi ona yazılan sevgi dolu köhnə məktubları idi. Onun qoxusunu məktublarından alırdı, həsrətini onlarla ovdurdu. Göz yaşları içində onlari o qədər oxumuşdu ki, hər sətrini əzbərləmişdi. Sanki məktublar da qəlbində qopan fırtınalardan agah idi. Bəlkə də o da bir yerlərdə onunçün darıxırdı. Amma qüruru sevgisinin önünə elə bir sədd çəkmişdi

ki, bütün duyğularını qəlbində həbs etmişdi. "Kişilər ağlamaz " deyirlər. Elə bu ifadəni də onun simasında görmək olurdu. Ağlayırdı, onsuzluğa alışmağa çalışırdı, göz yaşlarını isə yarpaq qədər incəcik olan qəlbinə axıdırdı. Hər ikisi də bir birindən uzaqda, hər gün doğumunda qovuşacaqları günü səbrsizliklə gözləyirdilər. 

Bir gün sevginin qürura qalib gələcəyinə, onların da həyatına günəş doğacağına və xosbəxt olacaqlarına ümid edirlər...

Sevgi və umidlə gediləcək yolda gül əvəzinə qanqal bitsə belə yenə də o əngəlləri sevgi dəf edəcək….

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2023)