BİRİ İKİSİNDƏ - Süleyman Abdullanın şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün şeir vaxtıdır, Süleyman Abdullanın şeirləri ilə tanışlıqdır.

 

            

YOL ŞEİRİ

 

Hər sabah bir günü salıram yola,

Artan yaşımızdır, azalan ömür.

Uzanır gecələr getdikcə zaman

Gündüzlər gödəlir... və qalan ömür.

 

Sərinlik gətirir araya, dostum,

Taleyin boz yeli hansısa tindən.

Açıqdı pəncərə ürək qırana,

Baxırıq havanın sınan yerindən.

 

Kim qaldı son gündə əl uzatmağa,

Sənin də əvvəlki ərkin, havan yox.

Küsübdür ömrünün ağaran çağı,

Can dostu dediyin daha o can yox.

 

Qaldı bir işıqlıq nahar yeməyi,

Gəldik gözü toxdan, ürəyi toxdan.

Bu dünya dediyin vəfa acıdır,

Çoxları andını yeyibdi çoxdan.

 

Ad da tapmaq olmur xatırlamağa,

Yada da düşməyir unutmaq daha.

Əllərin üzülən vaxtıdır haqdan,

Əlidən qalmayıb əl tutmaq daha.

 

Çətindir bu ruhda yollara düşmək,

Dünən nə oldu ki, bu gün nə ola.

Düzdür, nə ümid var, nə vaxt sabaha,

Yenə də mən səni verirəm yola.

 

Gecikmə, toparlan işıq gözünə,

Mənə də bir vida edərsən, dostum.

Etibar eyləmək olmur heç kimə,

Keçib ürəyimdən gedərsən, dostum.

 

Canım sıxılanda əl sıxmıram mən,

Nə düşür tez küsüb gec barışana.

Bir zərrə nur qalıb, tükənməmişdən,

Mən də üz tuturam şər qarışana.

 

Keçən üşütmədir ağ ciyərimdən,

Bir udum nəfəs də alıram yola.

Adam var bir ömür vaxtı öldürür,

Mənsə...

Hər sabah bir günü salıram yola.

 

 

BOZ EVİN AĞ GECƏSİ

 

Sonra hamı susdu...

Daha hönkürmədi divar küncləri...

Nə vaxt qarışmışdı, yox idi bilən,

Axşamın xeyiri, sabahın şəri.

 

Şəkil çəkdirirdi sabaha sanki,

Donub divardibi qara kölgələr.

Unudub getmişdi gecə rəngini...

Sərsəm pəncərədən süzülürdü şər.

 

Hörümçək torları yuxulamışdı,

Tavanın gözündən axmırdı nur-zad.

Kədər sərilmişdi boz döşəmədə,

Xonçası çat qapı durmuşdu "azad"...

 

Külək oynadırdı əsən şüşəni,

Titrəyən pəncərə alaca idi.

Zorla nəfəsini dərirdi küçə,

Təngiyən nəfəslik balaca idi.

 

Dara çəkilirdi istidə daş yol,

Asılıb qalmışdı havada bürkü.

Aynalar əsirdi quş ürəyitək,

Paslı barmaqlığa qonmuşdu hürkü.

 

Arana düşmüşdü yolu atəşin,

Yanğı təbiətin nazı deyildi.

Payız sarısıydı üzü divarın,

Dərdin çiçəkləyən yazı deyildi.

 

Səsini çəkmişdi içinə dünya,

Gecə ağuşunda aldı qır damı.

Əvvəl külək idi o inildəyən...

Sonra…

Və susdu hamı...

 

 

SÖZÜN AXŞAM BAZARI

 

Hələ soyuqların zamanı deyil,

Havalar istidir, aralar sərin.

Nə söz vaxtı çəkir, nə də vaxt sözü,

Bazar günü imiş tərəzilərin...

 

Heç vaxt düzgün olmur pulla ölçülən,

Birinin fəhmi var, birinin zəhmi.

Üz-üzə dayanıb halallaşmağa

Alanın pulqabı, satanın rəhmi.

 

Sözü ucuzluğa getməyək daha,

Qulaqla ölçülməz bu yerdə darı.

Kimə deyəsən ki, bazardır bura,

Olmur bazar günü axşam bazarı.

 

 

ELƏ VAXT GƏLƏR Kİ...

 

Bu haqsız zamanın dəyişməyi var,

Yetişər çoxunun kiçilən günü.

Bir ömür şaqqanaq çəkəni ağlar,

Hıçqırıq boğanın gələr şən günü.

 

Arazın suları axar aşıqdan,

Topuq isladarıq yenə Kür boyu.

Hərənin ölümlük bir səbəbi var,

Mən sözdən ölmüşəm bir ömür boyu.

 

Vardır çox keçənin ümid hələsi,

İçilmiş çox andın amanı gələr.

O qədər dilək var vaxtı gələsi,

Bir də vaxt olar ki, zamanı gələr...

 

Üzü Xeyirəyik qarışanda şər,

İşığa çıxası var daha bir gün.

Bizim də yolumuz zülmətdən keçər,

Çıxar zil gecədən sabaha bir gün.

 

Bizim də haqqımız çatır xoş günə,

Yaraşmaz adama, eyləsə giley.

Zamanın təkəri dönər düzünə,

Elə vaxt gələr ki, dəyişər hər şey...

 

 

QƏRİBİN QÜRBƏT ŞEİRİ

 

Uzaqlardır ayrılığın ünvanı,

Hansı şəhər unudacaq adını?

Xəyalında şirin idi, gizlədin,

Damağında acıların dadını.

 

Yollar keçər gözlərindən dolama,

Toz dumanı lap axıra saxlayar.

Nə olsun ki, gülümsəyir dan yeri,

Axşamüstü qürub xəlvət ağlayar.

 

Həsrət var ki, yaşamağa dəymir heç,

Öz yurdunda ölmək imiş ən çətin.

Doğma elin qəribliyi bir ayrı,

Bir başqadır sıxıntısı qürbətin.

 

Uçurumlar atılmağa yarayır,

Nəfəsini dərə adam son kərə.

Üz çevirib sinə dolu çəkə ah

Əlçatmayan, ünyetməyən yerlərə.

 

Kimsə yoxdu söyləməyə əlvida,

Əllərini az silkələ boşluğa.

Yad olarsan, yer olar ki, hamıya,

Öyrəşmək var hələ, hələ boşluğa.

 

Tanış gəlməz küçələrin cod adı,

Tənhalığı ya tanıma, ya tanı.

Yaxınlaşıb yad birindən soruş lap,

Uzaqlardır ayrılığın ünvanı.

 

 

RƏNGLƏRİN ŞEİRİ

 

Heç kəs yaşıl çıxmayacaq bu payızdan,

hərənin bir yarpaq tökümü var –

sarı, sarı, sapsarı...

Ağaran üfüqlərə nəfəsi çatmaz baharın,

bütün yağışların bir çiçək dövrü

və bir yapraq tökümü...

Yağdımı, bir daha dolmayacaq o bulud...

Eh, necə də aldanıb yüyürmüşük

ətəyimiz qum dolu

göy qurşağının arxasınca.

Haqqıx daşları kimi yağıb

başımıza qızıl almalar,

sel-su axıdanda ömrümüzü zaman-zaman...

Axının əksinə üzməlisən

almaları tutmaq üçün,

oysa ki, olmur,

olmur quyruğunu tapdalamaq əjdahaların.

Ağzından çıxan atəş qarsar canını,

içindəki yanğını hiss edirsənsə,

hələ udmamış səni

zəbanə çəkən alovlar, demək...

Qürubun sarısında bir payız məhrəmliyi,

üfüqlərin o biri üzündən əsən

bir sərin mehə susayar

pəncələrindəki yanıq izləri...

Elə o andan atılarsan

yarpaq yağışının şiləvaranına...

Öndə bir ağ işıq,

arxada sapsarı bir qürub...

Heç kəs yaşıl çıxmayacaq ömrünün qışına,

biləsən,

hər dövrün öz rəngi var,

gözlərin tumurcuqlayacaqsa bir daha....

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2023)