Bəyaz donlu qızçığaz Featured

Rate this item
(3 votes)

BİR TƏCAVÜZÜN QURBANININ QƏMLİ HEKAYƏTİ

 

“Ədəbiyyat və incəsənət” portalı Kubra Quliyevanın yeni essesini təqdim edir.

 

Sonuncu smestr imtahanımı da keçəndən sonra Sumqayıtdakı evimizə qayıdıb müvəqqəti ayrılıq üçün könülsüz halda əşyalarımı yığdım və anama da bağa gediləcək bəzi əşyaları daşımağa kömək etdim.

Hər il olduğu kimi bu il də adəti üzrə imtahanlarımı "yola verdikdən sonra" Novxanıdakı bağ evimizə yay tətili boyu "xoş istirahət" üçün gəldik. Əvvəllər çox sevdiyim bağımız mənə axır vaxtlar həm sıxıcı gəlir, həm də məni çox kədərləndirirdi. Açıq etiraf edəsi olsam, Sumqayıta qayıtmaq üçün demək olar ki, gün sayırdım. Əlbəttə ki, günlərin çox bəsit olmaması üçün beynimdə müəyyən qismdə planlar qurmuşdum: 3 aylıq kitab siyahısı, qaydaya salınacaq yazı işlərim, bir-iki fotoqrafik incəliklər və doyunca çəkəcəyim qürub şəkilləri...

Bir xeyli olar ki "evdəkilərlə" münasibətim soyuqlaşdığından özümə qapandığım üçün az ünsiyyət və səssizlik tətilimi daha da cansıxıcı edirdi. Ancaq atalar yaxşı deyib ki, sən saydığını say gör fələk nə sayır.

Uşaq  yaşlarımdan bəri atamın göyərçinlərə xüsusi marağı olduğunu bilsəm də, çox da vecimə almazdım düzü. Hərdən dama təzə göyərçin gələndə düşüb baxsam da hansının təzə qonaq, hansının qoca sakin olduğunu anlayacaq qədər dostlaşmamışdım göyərçinlərin heç biri ilə. Bu dəfə isə məsələ tamam fərqli olmuşdu. Avqustun ortalarına yaxın iki gün otağıma qapanıb ehtiyac olmadıqca otaqdan çıxmayaraq psixo-dram kitablar oxuyurdum. Kitablar həqiqətən çox təsirləndirmişdi deyə cüzi bəhanə axtarırdım ki, oturub ağlayım.

Nəfəsimin daraldığını hiss edib həyətə çıxdım. Elə bir az ağlayıb sakitləşmək üçün gecə ayın eşidəcəyi qədər yüksək səssizlikdə söhbət etmişdim ki, gözümə bir ağ göyərçin dəydi. Dəqiq bilirdim ki, onu daha öncə bizimkilərin arasında görməmişdim. Çünki atam heç vaxt ağ göyərçin saxlamazdı. Marağıma məğlub olub göyərçinə ehmalca yaxınlaşanda heyvanın qorxub geriyə uçmaması təəccübləndirsə də, yaxınlaşanda bayaqdan qaranlıqda aydın seçə bilmədiyim mənzərədən gözlərim dolmuşdu. İndi aydın olmuşdu ki, yazıq heyvan niyə bayaqdan qaçmadan yerindəcə qalıb. Əlimə alıb başını sığallamaq istəyəndə yaralı qanadlarına, ya da boğazına zərər verəcəyimdən ehtiyat edib balaca qonağımı evə gətirdim. Atam illərin göyərçin həvəskarı olduğundan heyvanlara baytarlıq etməyi də kifayət qədər mənimsəmişdi deyə, quşu görən kimi, qanadlarının sınmasından qorxdu.

Onun sözlərinə görə, quş uzun müddət uçmuş və gecələmək üçün bir yerə pənah gətirmişdi. Amma hansısa pişiyin ac vaxtına düşməyi nəzərə almadığından yorğun göyərçin tora düşmüşdü. Yaxşı ki, qorxduğumuz baş verməmişdi, müvəqqəti qonağım nisbətən gənc olduğundan düşmən pəncəsindən şükürlü xilas olmuşdu. Bir yandan yorğun və ac, bir yandan yaralı quşu yodla təmizlədikdən və yemlədikdən sonra qutuda qonağa məxsus yer sahmanlayıb sağalana kimi ona özüm baxmağı qərara aldım və heç kim buna etiraz etmədi. 

Əvvəlcə xəstədir, onsuz öləcək deyən anam belə inadıma söz keçirdə bilməyəcəyini başa düşüb tərəddüdlə də olsa razılaşdı. 

İyirmi günə yaxın qonağa lazımi qulluq edib, yaralarını yavaş-yavaş sağaldıb gənc uçuşçunu yenə 12 saatlıq möhtəşəm uçuşuna hazırlayır və get-gedə ona daha çox bağlanırdım. O da mənə öyrəşmişdi deyəsən. Əvvəllər yemək və suyu qabdan belə yeyəndə ürkən quş əlimdən buğda yedikcə həm sevinir, həm də, gözlərim dolurdu.

Artıq göyərçinin tam sağaldığına əmin olduğum və bir həftəyə dərslərin başlaması ilə Sumqayıt sezonunun "açılış"ını etməli olduğum üçün bağdan getməmişdən bir gün əvvəl dostumu səmanın maviliklərindən Tanrıya əmanət etməyi düşünürdüm...

Bu yayın son bir həftəsi isə mənim üçün kabus kimi idi. Hər gecə başımı yastığa qoyanda amansız yuxular məni qan-tər içində ağlaya-ağlaya oyanmağa, hərdən də heç yatmamağa məcbur edirdi. Nə vaxt gözümü yumsam ağ göyərçinin qanadlarından qan axa-axa üstümə, sonra da ağ divara çırpılıb divarı qana boyamasını görür, qışqırıq və tükürpədici fəryad səsləri yuxularıma haram qatırdı.

Dəhşətli yuxularla bir həftəni başa vurandan sonra səhər göyərçini səmaya buraxıb yuxulara da son verəcəyimi düşünüb gözümü yumdum. Yenə yuxular aləmində bəyaz bir ütopik dünyada özümü tapmışdım. Bu dəfəki yuxu son bir həftədən tamamilə fərqli idi. Qarşımda üstü qan ləkəli bəyaz uzun bir don geyinən, ən çoxu 18 yaş verəcəyim qara saçlı, iri gözlü bir qız dayanmışdı. Qıza yaxınlaşanda siması olduqca tanış gəlsə də, hadisələrin yuxu və ya real olduğumu bilmədiyimdən kimliyini çox da seçə bilmədim. Əvvəlcə əlimdən tutub gözlərimə uzunca baxdı və danışmağa başladı:

-Sən yəqin ki, məni tanımırsan, amma üzümü haradansa xatırlayırsan.

Söz demədən başımı tərpətdim. 

Təbəssüm etdi.

-Mən Məryəməm. Keçən ay həyətdə tapdığın yaralı Məryəm.

Hələ də key kimi üzünə baxırdım.

-Ey, məndən qorxma, hər şeyi sənə danışacam.

Kəkələməyə başladı.

-Hər şeyi başdan danışım. Mənim adım Məryəmdir və 17 yaşım var. Burda neçə vaxtdı varam, bilmirəm, amma mənə çox haqsızlıq edildi deyə bura qaçmağı düşündüm ilk öncə. Qaçışım isə heç də qurtuluş olmadı. Əvvəllər mən sənin kimi orta təbəqə bir ailədə doğulub böyüməyə macal tapmadan bura düşmüşdüm.

Azacıq susub davam etdi:

-Bir gün yenə tezdən oyanıb atamı da, anamı da işə yola saldım. Ardından qardaşımı baxçaya ötürüb evə qayıdırdım ki, ara yolda tanımadığım 4 oğlan qabağımı kəsdi. Əvvəl pul istədilər, yoxdu deyib getmək istəyirdim ki, aralarından biri qolumdan yapışıb divara sıxdı. Üstümə cumdu, köynəyimi cırdı. İy-iyrrr-rənc bığları sinəmdə gg-əə-zirdi. Ss-sonra hırıldayıb dostlarına təklif etdi məni. Sırayla başıma oyun açan 4 murdar hisslərini söndürəndən sonra heç nə olmamış kimi bir küncə tulladılar məni..

.....

Qız danışdıqca məni də qəhər boğur, özümü ağlamamaq üçün güclə sıxırdım.

....

-Üzüm-gözüm dağılmış halda özümü evə güclə atdım. Bütün bədənim əsim-əsim əsirdi. Güzgünün qarşısına keçəndə gözlərimə baxacaq üzüm yox idi. Sanki bu yaşananların günahkarı mən imişəm kimi iyrənirdim özümdən. O an qərar verdim. Hamama keçdim, yuyunub qüsl aldım. "Paklandıqdan" sonra iki rükət namaz qılıb otağıma keçdim. Uzun bir məktubda başıma gələnləri yazıb ata və anamdan namusumu qoruya bilmədiyim üçün üzr istədim. Fikirləşirdim ki, qan çıxmasa canım çıxan deyil. Əlimdəki bıçağı əsə-əsə şah damarıma salmağımı xatırlayıram bir də. O vaxtdan bəri burada yaralı göyərçin olaraq yaşayıram. Özümü nə qədər ağ divara çırpsam da, nə qədər yaralarım qanayıb getsə də, səsimə səs verən olmurdu. Amma sənin həyətdə özünlə, daha doğrusu, Tanrı ilə danışıb “əgər sən varsansa mənə bir möcüzə göstər” dediyin gün Allah məni sənə yetirdi. Günlərdir sən mənə baxırsan, yaralarımı sağaldıb başıma sığal çəkirsən. Və mən sənin sayəndə yavaş-yavaş sağalmağa başlayıram. Günlərdir yuxuna girən mən bu gündən sonra səni rahat buraxacağam. Sənə isə təşəkkürüm sonsuzdur. İstədiyin möcüzəni Allah mənimlə sənə göndərdi və sənin qəlbindəki mərhəmətin sayəsində mən də bağışlandım. 

Boğazımın quruduğunu, qəhərlənib gözlərimin dolduğunu hiss etdim. Əlimi ona sarı uzadıb saçlarını sığalladım, üzünü oxşayıb möhkəm qucaqladım. Bu sətirləri yazarkən belə saçlarından gələn o qoxunu burnumda hiss edirəm.

......

-Mən sənin cənnət quşunam, unutma məni. Səndən bir xahişim var. Universtitetə ilk gedəcəyin gün bəyaz don geyin və təbəssüm edib səmaya bax. Bu mənim ürəyimdə qalan son arzum idi. Cənnətdə görüşmək ümidi ilə əziz dost!

......

Qan-tər içində yuxudan ayıldım. Havasız qalmış kimi dərin-dərin nəfəs alıb ilk iş telefonumu açdım və sosial medianın az qala partladığını görüb nə baş verdiyinə nəzər salanda isə quruyub qalmışdım.

Baku.News xəbər saytndan gələn xəbərə əsasən 2021-ci ilin avqust ayında bir məktubla başına gələnləri yazıb damarlarını doğrayaraq intihar edən 17 yaşlı Məryəm Mustafazadənin barəsində açılan cinayət işi yekunlaşmış və yeniyetmənin intiharında ittiham olunan təcavüzkarlar öz dilləri ilə hər şeyi etiraf edib məhkəməyə çıxmışdılar. Hər şey açıq ortada olduğundan məhkəmə də işi uzun tutmamış və Qanun məcəlləsinə uyğun olaraq təcavüz və cinayətə təşəbbüsdən dolayı dördlərin hər birinə 37 il iş kəsmişdi.

Xəbərləri oxuduqca qeyri-ixtiyari gözümdən yaşlar axır, hadisələrin şokundan özümə gələ bilmirdim.

Yatağımın küncündə gözüm kimi baxdığım ağ göyərçini tamam unutmuşdum ki, cəld atılıb qutunu açdım. Ağ göyərçinimə nə isə olmuşdu elə bil. Əlimə alıb ehmalca sığallamaq istəyirdim ki, gözləri ilə təşəkkür edirmiş kimi üzümə baxdı və onu tapdığım gündən bu yana ilk dəfə olaraq ovuclarımın arasında qanad çırpdı. Bu dəfə özümü saxlaya bilməyib hönkürtü ilə ağlamağa başladım. Səsimi eşidib otağıma gələn anam nə baş verdiyini anlamasa da, göyərçini səmaya buraxmaq istədiyimi eşidəndə bir xeyli təəccüblənmiş, ondan qopa bilməyəcəyimi düşünüb olanlara bir məna verə bilməmişdisə də, qərarım qəti idi. 

Həyətə çıxdım və bu dəfə səmaya heç baxmadığım qədər dərin baxdım.

Bu günə kimi gördüyüm ən gözəl mavilik bu olmalıydı.

Nəhayət vida vaxtı çatmışdı. Ağ göyərçin səmaya, Məryəm cənnətə, mən də Tanrıya qovuşmuşdum. İlk dəfə idi doyunca qucaqlaşmışdım həqiqətlərlə..

15 sentyabr 2022.

Son kursun ilk günü..

İqtisad universtitetinin qabağında bəyaz donlu uzun saçlı qız təbəssüm dolu baxışlarla səmanı seyr edir...

 

“Ədəbiyyat və incəsənət”

(26 sentyabr, 2023)