“Əlləri qoynunda son görüş yeri…” - GƏNC YAZARLARIN TƏQDİMATInda Aygün Fikrət Featured

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bu gün oxucularımıza növbəti istedadlı gənc, şeirləri ilə diqqət çəkən Aygün Fikrət təqdim olunacaq. Onu sizlərə daha yaxından tanıtmaq üçün müsahibə janrından istifadə edəcəyəm. 

 

-Salam, Aygün xanım. Necəsiniz?

 

-Salam, Habil bəy! Şükür yaxşıyam. Siz necəsiniz?

 

-Şükürlər olsun, Aygün xanım. Həmişə yaxşı olasınız. Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz.

 

 -1986-cı ildə Füzuli rayonunda anadan olmuşam. Müharibə dövrünün uşağıyam...

 

-Şeir yazmağa nə zaman başladınız və ilk şeirinizin mövzusunu xatırlayırsınızmı?

 

 -Uşaqlığım çox ağır müharibə illərinə düşüb. Taleyimdən qaçqın həyatı və yurd ağrısı keçib. Füzuli rayonu işğal olanda 2-ci sinifdə oxuyurdum. İlk şeirimi məşəqqətli bir həyatın ağrı-acısına sinə gərən anama yazmışam, əlbəttə, onun nə dərcədə şeir olmasını deyə bilmərəm, lakin uşaq dünyasında bir ana necə əzizdirsə, şeirim də o cür olub, pıçıltı, layla və s. hisslər kimi...

 

-Şeirlərinizi yazarkən ilham mənbəyinizin konkret ünvanları varmıdır?

 

-Mənim konkret şeir yazmaq planım olmur heç vaxt. Əslində, şeir məni yazır, mən həmişə onun təcavüzünə uğrayıram elə bil. Gözlənilməz anda gəlir, gah xəstəxanada, gah metroda, gah avtobusda, gah da deyilməsi mümkün olmayan yerlərdə və vaxtlarda...

 

-Şübhəsiz ki, bir şair üçün bütün şeirlər dəyərlidir. Bütün bunlara baxmayaraq, ancaq sizin üçün daha dəyərli olan hər hansı bir şeirinizi bizlər üçün paylaşa bilərsinizmi?

 

-Mənim üçün bütün şeirlər dəyərli deyil. Ovqatıma uyğun vaxtda sevdiyim şeir başqa vaxt mənə bəsit görünüb. Modern və postmodern dövrün poeziyası bütün parametrləri ilə klassik poeziyanı üstələsə də, bəzən ənənəvi şeir də könlümü oxşayır. Baxmayaraq ki, çağdaş klassik poeziyamız modern şeirə uduzur yenilik axtarışları baxımından... Mütaliəsi olmayan müəlliflərin poeziya namınə nəsə yazması absurddur. Poeziya yeni düşüncədir, istər qafiyəli, istərsə qafiyəsiz. Yenilik naminə ağzına gələni yazmaq da qəbul olunmazdır.

 

AĞRI

Elə qərib-qərib dalğalanıram,

Gözümün içindən bir dəniz keçir.

Mənim sahilimdə duran bu həyat,

Nə sənli adlayır, nə sənsiz keçir.

 

Bu ömrün içində azca durmağa,

Bircə bəhanə də qalmayıb daha.

Həmişə belədir sevən ürəyin,

Harayı heç zaman çatmır Allaha.

 

Əlləri qoynunda son görüş yeri,

Ağrıdan dişləyir öz dodağını.

Deyirəm, taleyim, güzgüyə bir bax,

Qan axır, doğrayıb  söz dodağını..

 

-Xəyal dünyanızın  genişlənməsinə səbəb olan hadisələr hansılardır?

 

-Təfəkkürü zəngin olmayan adamın xəyal dünyası da dar olar. Yəni sərçənin uçuş traektoriyası ilə qartalın uçuş traektoriyası eyni ola bilməz, baxmayaraq ki, ikisi də göydə uçur...

 

-Zaman sizin üçün nə deməkdir? Hər hansı bir rutininiz varmı?  Bu haqda qısa da olsa fikrinizi bilmək istərdik...

 

-Mənimçün yazı prosesində zaman və məkan amili önəm daşımır və yoxdur. Dediyim kimi, konkret yazı vaxtım yoxdur, şeir haçan ürəyimin qapısını döyürsə, mən sadəcə ona qapı açıram.

 Filosofluq olmasın, zaman mənimçün ağ və qara rəngin çarpışmasıdır, yəni ağ vərəq və qara misranın taleyinin hakimi zamandır. İndi kimin nə deməsi o qədər də önəmli deyil, çünki vaxtında çox təriflənən imzalar artıq çoxdan unudulub. Deməli, zaman hakimdir, lakin zəngin mütaliə, geniş təfəkkür imzanın vəkilidir.

 

-Hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?

 

-Çox vaxt detektiv oxuyuram, beynimi filtirizasiya etmək üçün. Həm də detektiv əyləncəli, bəsit janr olsa da burda hadisənin çevikliyi, süjet oynaqlığı maraqıdır və mən bəzən bunu bir ədəbi priyom kimi şeirə tətbiq etməyə çalışıram. Bu bir poetik eksperiment təsiri bağışlayır mənə. Eksperiment həmişə uğurlu olmasa da, axtarış cəhdi vacibdir.

 

-Sizcə, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? Hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi?

 

-Mütaliə şəxsiyyətin yetişməsinin bir elementidir, bu təkcə yaradıcı şəxs üçün deyil. YARADICI ADAMIN MÜTALİƏSİ VACBDİR! Məncə, bu vərdişi uşaqlıqdan, məktəb illərindən aşılamaq lazımdır və bunun xeyirli detalları sadə şəkildə izah olunmalıdır. Mənimçün mütaliə özünü tanımaq cəhdidir, oxuduqca özünü kəşf edirsən...

 

- Bir gənc yazar olaraq digər gənclərə hansı məsləhətləriniz var?

 

-Həyatda ən asan və ən çətin şeydir məsləhət vermək. Mən hələ bu iki ifadənin sərhəddindəyəm. Hamıya uğur diləyirəm. Sadəliyin bir adı da məsləhətdir, məncə...

 

-Dəyərli zamanınızdan bizə vaxt ayırdığınız üçün minnətdaram, Aygün xanım!

 

-Mən də sizlərə öz dərin təşəkkürümü bildirirəm. İşlərinizdə uğurlar arzulayıram!

         

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)