BİRİ İKİSİNDƏ – İnqilab Orxanın şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində    bu gün Şeir vaxtıdır, sizləri İnqilab Orxanın şeirləri ilə tanış edəcəyik.

 

 

 

UZAQLARA GEDİRƏM Kİ...

 

Bir bax, yenə külək əsir

ömrün  ötən illərindən.

Nə yaman kəsif iy gəlir

sevdamın yanıq yerindən.

 

***

 

Qıpqırmızı güllər kimi

qan verib qızarır yaram.

Bu xoralı şeirimi də

qızıl qanımla yazıram.

 

***

 

Ürək qalxır, baş gicəlir

bu qara qan qoxusundan.

Lent kimi quruyur qanım

köynəyimin yaxasında.

 

***

 

O gülü sənə göndərdim,

amma yaram mənə qalsın.

Uzaqlara gedirəm ki,

səni pis qoxu vurmasın.

 

 

YIXILDIM, AMMA ÖLMƏDİM...

 

Qaralırmı hərdən qanın,                              

darıxırsanmı arabir?!

Bilsən köhnə məktubların

içimi  necə göynədir?!

 

***

 

Olubmu külfət içində

qalasan yalquzaq kimi?

Unutma ki, xəyanətin

kürəyimdə bıçaq kimi.

 

***

 

Yıxıldım, amma ölmədim,

sönmədi odum-ocağım.

Kürəyimdə dəlil kimi

gəzdirdim qanlı bıçağı.

 

***

 

Özümə gəldim, dirçəldim, –

güvəndim Tanrı haqqına.

Doldu damarlarım, hətta

qan da verdim qan bankına.

 

***

 

Möhkəm tutun məni, dostlar,

məhkumam dimdik qalmağa.

O qız gələcək bıçağın

dəstəyindən asılmağa.

 

 

GÖRÜNMƏZLƏR GÜCLÜ OLUR

 

Allah, məni elə gizlət,

kimsə bilməsin yerimi.

Heç kim heç zaman tapmasın

ya  ölümü, ya dirimi.

 

Bilməsin dost da, tanış da

harda, necə yaşayıram?!

Adammıyam, şeytanmıyam, –

görən, nəyə oxşayıram?!

 

Bəlkə, quşam – qanadım yox,

bəlkə, daşam, ya dəmirəm ?

Hər nəyəmsə, hamı kimi

ömür sürmək istəmirəm.

 

Zəhərli ilanam, bəlkə,

sürünürəm  sənə sarı?!

Sancmaq istəyirəm, bəlkə

sənə  sarılan qolları?!                                                    

 

Məni elə gizlət, Allah,

bir kimsə görməsin, nolar?!

Özün yaxşı bilirsən ki,

görünməzlər güclü olar.

 

 

ƏLİNDƏ BİR DƏSTƏ ÇİÇƏK

 

Göz yaşıyla şeir dedim,

hamı  sevinclə əl çaldı.

Mən dərdimi faş elədim,

hamının dərdi azaldı.

 

Bir zaman daş atanları

indi çiçək atan gördüm.

Dərdimi gülə tutdular, –

necə dəyərliymiş dərdim.

 

...Sən də durmuşdun arxada,

gözlərin yaşla doluydu.

Sənə gedən bu uzun yol

nə gedər-gəlməz yoluydu.

 

Əlində bir dəstə çiçək,

amma, deyəsən, solğundu.

Yanağından süzülən şeh

halına yaman uyğundu.

 

Gülləri bərk sıxdığından

əlin qana bulaşmışdı.

İçim od tutub yansa da,

məni soyuq tər basmışdı.

 

 

BİZİM GETDİYİMİZ BU YOL

 

Ciblərini bir eşələ,

qurdala görək nəyin var?!

Vaxta da lap az qalıb,

indi tərpənir qatar.

 

Bir bax, xanım bələdçi

yoxlayır biletləri.

Vaqonların altında

sevişir vağzal itləri.

 

Kişilər mərifətlə

qadınlara yol verir.

Yanaşıb yolçulara

dilənçi qız yalvarır.

 

Qızın lir-licimindən

iyrənir nazlı qızlar.

Dünya dönsə də, toxlar

acları anlamazlar.

 

...Eşələ bir ciblərini,

xırda pulun oldu, bəlkə

Bizim getdiyimiz bu yol

qız gələn yoldu, bəlkə!

 

 

ALLAH, TƏKİ ÜMİD VER...

 

Bu iylənmiş dənizə

qarmaq atıram, qarmaq.

Vallah-billah, ümidsiz

olmur evdə oturmaq.

 

Yaşayıram pis-yaxşı

bir ömrün girovunda.

Günümü keçirirəm

hər gün balıq ovunda.

 

Qarmağıma ilişən

hər balıq bir ümiddi.

Boş çıxarsa qarmağım,

demək ki, ümid itdi.

 

Zatən, çox kiçik olur

tutduğum balıqlar da.

Allah, təki ümid ver,

lap olsun xırda-xırda.

 

Eybi yox, qoy günlərim

beləcə də ötüşsün.

Ümid var qarmağıma

bir gün balina düşsün.

 

 

O ZAMAN DUZA GEDİRDİN...

                                                                       

Burnunun  yelli  vaxtında

qapımı  çırpıb  getdin.

“Dünya dönsə də, qapını

heç vaxt açmaram” – demişdin.

 

İndi, budur, – qapımdasan,

baxa  bilmirsən üzümə.

Nədənsə, bu vurhavurda

burnun  sataşır  gözümə.

 

Əcəb ovulub, deyəsən,

o zamankı  o  dik burnun.

Yada sal, o vaxt  evimi

başıma  necə  uçurdun?!

 

O zaman duza gedirdin,

indi  duz  yükü altında.

Mən də çırpımmı qapını

sənin bu  sınmış vaxtında?!

 

Bu  dəmdə  nəvəm  sözləri

muncuq kimi düzür sapa:

“Nənəni çağıy içəyi,

buynu  çox əzilib, – baba...

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2023)