DEBÜT: Fatimə Sadıqova, “Havadan danışır gözəl bir xanım" Featured

“Ədəbiyyat və incəsənət” portalının DEBÜT rubrikasında əməkdaşımız Nigar Həsənzadə sizlərə yeni imza təqdim edir: tələbə Fatimə Sadıqovanın özü haqda qısa məlumatı və “Havadan danışır gözəl bir xanım" hekayəsi ilə tanış ola biləcəksiniz. 

Günümüzdə haqsızlıqlar az olmur. Bəs onlarla üzləşəndə nə etməli? Hekayənin qəhrəmanı məhz belə bir dilemma ilə qarşı-qarşıyadır. 

 

MƏLUMAT

Mən Fatimə Sadıqova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix müəllimliyi ixtisası, dördüncü kurs tələbəsiyəm. Yaradıcılığa uşaq vaxtlarından şeir yazmaqla başlamışam, sonradan esse , hekayə, povestlə davam etdirirəm. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən “Meh” Ədəbi Dərnəyinin Nasirlər bölməsinin sədri olaraq çalışır, eyni zamanda bədii qiraətlə məşğul oluram .

 

HEKAYƏ

- Of bezdim, nə qədər olar ee, bir dəfə də olsun mənim şansım gətirmir, bu dəfə də müsabiqədən keçə bilmədim - deyə Röya əsəbi halda bədii qiraət müsabiqəsinin divardan asılan nəticələrinə baxırdı. 

Çox əziyyət çəkmişdi bu müsabiqədə qalib olmaq üçün. Bəlkə də ona təqdim edilən şeir onun ürəyincə olmadığı üçün ruhsuz səsləndirmişdi şeiri, ya da  müsabiqədə tamaşaçı qismində onu izləməyə kimsə gəlmədiyi üçün həvəssiz idi? Qalib gələ bilməməsinə səbəb axtarırdı. 

Heydər Əliyev Sarayının böyük səhnəsi ona adi, kiçik bir yer kimi gəlmişdi. Orada əyləşən qonaqlar - mədəniyyət və incəsənət sahəsinin tanınmış adamları, tələbələr, zabitlər və Polis Akademiyasının kursantları idilər. Yalnız qalib olmaq üçün qatılmışdı bu yarışa, pul mükafatı verilirdi, nə az, nə çox, 1000 manat. Bu, ona anasının müalicəsinin ödənişini ödəmək üçün ən yaxşı fürsət idi, lakin qismət olmadı. 

Təsadüf zərurətdən doğar. Azərbaycan Texniki Universitetinin həyətindən çıxanda qalib olmuş qızın bir oğlanla danışığını eşitdi.

- Eldəniz, görürsən də, adamın arxalı adamı olanda belə olar.

- Sən, Nuranə, hər zaman əminin hesabına qabağa gedirsən. 

- (gülür) Bəs nə? Mən elə-belə adam deyiləm e, bircə dedim ki, Fazil müəllimin qardaşı qızıyam, birinci yer, bir də min manat oldu mənim.

- O min manatdan mənə də verərsən? 

- Yoxaa, gedib özümə brend paltarlar alacam, universitetə gedəndə hamının gözünü odlandırmaq gərəkdir. Hər nə də olsa, qalibəm, onsuz da mən hər işdə qalibəm.

Röya qızın danışığından müsabiqənin qiymətləndirilməsinin ədalətsiz olduğunu anlayıb onların arxasınca gəlmək istəmədi,  onları ötüb keçdi. 

Elmlər Akademiyası stansiyasındakı eskalatordan aşağı düşəndə, sanki bayaq eşitdiyi dialoqla bütün indiyədək keçirilən müsabiqələr, yarışmalar onun gözündən düşdü.

Necə yəni, istedadı olmayıb, amma arxası, adamı olan birisi qalib olur, amma istedadı olan şəxs heç nə  qazana bilmir?

Əsəbdən Röyanın əlləri əsirdi. Başına sağ tərəfdən ağrı gəlmişdi. Vaqonda adam çox idi. Bəziləri bir-birinə baxırdı, bəziləri telefona. Bir qadın kitab oxuyur, iki qız laqqırtı vurur, bir oğlan da yuxarıdan aşağı Röyanı süzürdü. 

…”Xalqlar dostluğu” stansiyasından çıxıb üzü yuxarı evə gedirdi. Yorğun idi. 

Evə gələndə yeməyə bir şey tapmayıb çörəklə pomidor yedi. Əsəbindən nə edəcəyini bilməyib başladı ağlamağa. Gözünü yumub, ağzını açıb “mənim şansım yoxdur, mən bəxtsizəm” deyə hey şikayətləndi. Yastığı ağzına tutub qışqırmağa başladı. Nəhayət, yorulub yatdı. 

…Axşam anası xalasigildən gəldi. Xalası onun üçün yemək bişirib qoymuşdu. Röya yeməyi yeyib anasının yataq yerini düzəltdi. Anası maşın qəzasında sol qolunu itirmişdi, həm də qaraciyər serrozundan əziyyət çəkirdi. Röyanın atası isə onları atıb Rusiyaya getmişdi. 

Addımbaşı ehtiyac duyurdular. Ərzaq almağa, anasının müalicəsinə, əyin-başa  pul çatdırmaq olmurdu. Bina evində qaldıqlarına görə yuxarı mərtəbədəki qonşunun evindən axıdılan su tavanlarını pis günə qoymuşdu. Bu da bir problem. 

Dərslərinə də yetəri qədər diqqət ayıra bilmirdi. Filologiya üzrə təhsil alsa da əsas istəyi siyasətçi olmaq idi. Yenə də istədiyinə nail ola bilməmişdi. 

Röya elə fərz edirdi ki , harda nə pis hadisə varsa, hökmən onun başına gəlməlidir. Yol gedəndə, universitetin dəhlizində, Milli kitabxanada, mağazada, hər yerdə uğursuzluq, bədxahlıq onu qarabaqara izləyirdi…

 

*

Ertəsi gün yenə də Röya üçün uğursuz günlər sırasına yazıldı. Dərsdə ola-ola müəllim ona qayıb yazdı. O biri dərsdə səhvən qrup yoldaşının aldığı “4“ bal qiyməti onun adının qarşısına yazıldı. Tənəffüsdə pilləkəndən düşərkən ayağı büdrəyib yıxıldı. Yaxşı ki, ciddi bir xəsarət almadı. Bir yandan Röya üçün “yaxşı olan“ o oldu ki, yıxılan zaman onu heç kim görmədi. 

Evə gəlib  “Instagram“ da  şəkillərə baxırdı . Birdən qarşısına “Səsin gəlsin“ adlı bədii qiraət müsabiqəsi çıxdı. Əvvəlcə gözlərində bir işıltılı göründü, ancaq sonra parıldayıb sönən ulduz kimi gözlərindəki işıq söndü.

– Əşşi, yenə də keçməyəcəm neynirəm e bunu ehhh....  – dedi, sonra yenə fikri dəyişdi –  Bəlkə nəsə oldu... ?? 

Sonra yenə qara-qura fikirlər beynini işğal etdi:

-Az başın xarabdıye sənin, hardan nəsə ola bilər? 

Əllərini cütləyib başına vurdu. 

-Qızım, yaa, sən bəxtsiz varlıqsan, guya burda o qədər millətin içindən səni seçəcəklər? Hmmm… Ölmüşdü Xankişi ....  – deyə-deyə başladı ağlamağa.

Bəzən çıxılmaz vəziyyətdə qalanda insan hər şeyə əl atır. Suda batan saman çöpündən yapışan kimi. 

Sonra qəti fikirləşib “Ya Allah“ deyərək link vasitəsilə qeydiyyatdan keçdi.

Və səbirsizliklə gözləməyə başladı. 

 

*

Bir həftə sonra Röyaya müsabiqədə iştirak edəcəyi barədə zəng gəldi. 

- Alo, salam, Röya xanımla danışırıq ?

- Alo, salam, bəli.

-  Siz, “Səsin gəlsin“ adlı şeir müsabiqəsində qeydiyyatdan keçmisiz. İştirak edəcəksinizmi? 

- Əlbəttə.

- O zaman martın 5-i, saat 13:00-da sizi Bakı Gənclər Mərkəzində gözləyirik.

- Oldu, təşəkkür edirəm.

- Biz təşəkkür edirik, sağolun ....

5 marta 5 gün qalmışdı. Hansı şeiri deyəcək? Yenə də keçə bilməyəcəkdi? 

Röya güzgünün önünə keçib həmişəki kimi deyinməyə başladı:

- Az, həqiqətən nə gündəsəne, bir özünə bax, kimdiye səni müsabiqədən keçirən…

-Heç bilmirəm də, qalibə nə mükafat verilir…

-Get şeir de, çıx gəl, özünü biabır elə. Offff bəlkə getməyim, yenə secilməsəm sınacam axı. 

-Nə şeir deyim? Amma səsim məlahətlidir,  nəsə oldu bəlkə? 

Telefonu əlinə alıb şeir qruplarına atılan şeirlərə nəzər salmağa başladı. İlk öncə Bəxtiyar Vahabzadənin “ Yaman darıxmışam “ şeirini özü üçün səsləndirməyə başladı:

                  Yaman darıxmışam səninçün  yaman 

                  Mən əsir düşmüşəm öz istəyimə.

                  Nifrəti gizlətmək asandan asan 

                  Sevgini gizlətmək yamanmış demə...

- Yoxe , alınmır , gərək başqa şeirlərə baxım…

                  Məni gözəl xatırla

                  Bunlar son misralar 

                   Fərz et ki...

-Offf yenə də alınmır, bunu çox adam deyə bilər, nəsə fərqli bir şey olmalıdı…

Birdən Baba Vəziroğlunun “ Hava haqqında” şeirini gördü. Bu şeiri müəllifin ifasında eşitmişdi. Axır ki, bu şeirin tam yazılmış versiyasını tapa bildi.  Qəlbinə , ruhuna tam yaxın olan bir şeir idi. 

                              Havadan danışır gözəl bir xanım 

                              Yağış yağacaqdı, qar yağacaqdı.

                              Gah günəş çıxacaq, gah ay doğacaq 

                               Havalar tutulub açılacaqdı.

- Əlaaa, bu şeir. Bunu desəm partladaram . İnanmıram bunu kimsə səsləndirsin. Ay Allah, bircə bəyənsəydilər, amin, amin…

 

*

Necə gün güzgünün qabağında məşq edəndən sonra nəhayət müsabiqənin keçirildiyi gün gəlib çatdı. Zalda çoxlu gənc toplanmışdı. Hər kəs əlində şeir vərəqləri şeirləri təkrar edirdilər. Birinin görünüşü çox iddialı idi. Qızların geyim-kecimləri alışıb yanırdı. 

Röya ürəyində “Mən hara düşmüşəm? Hələ bunun simasına baxe, çox qəşəngdir, paltarları necə gözəldir, yoxe mən bura niyə gəldim?”

Amma sonda “Görək də nə olur?” düşüncəsi ilə özünə təskinlik verməyi bacardı. 

Nəhayət, 27-ci sıra Röyaya çatdı. Münsiflər heyəti çox səmimi və mehriban görünürdülər. Röya ilk öncə özünü təqdim etdi:

- Salam, mən Səlimova Röya. Səsləndirmə edəcəyim şeir Baba Vəziroğlunun “ Hava haqqında“ şeiridir.  

- Salam, Röya xanım , buyurun sizi dinləyirik! 

Mikrofonu həyəcansız tutan Röya öz səsini o qədər bəyəndi ki, içindən burda saatlarca danışmaq fikri keçdi. Gözlərini yumub, üzündəki təbəssüm ifadəsi ilə deyirdi:

 

      Havadan danışır bir gözəl xanım.

     Yağış yağacaqdır, qar yağacaqdır.

     Gah günəş çıxacaq, gah ay doğacaq,

     Havalar tutulub, açılacaqdır…

 

      Mənim Günəşim də, Ayım da sənsən.

      Onu sinoptiklər nə bilir axı?

      Sən bir az qıyğacı baxanda mənə

     Mənim gözlərimdə ildırım çaxır.

 

     Bir güllü-çiçəkli bahar günündə

     Soyuq baxışınla qış gəlir sənin.

      Mənim taleyimə yağışlar yağır,

      Elə ki gözünə yaş gəlir sənin.

    

      Söz var, dolu kimi yağır başıma,

      Söz var, duman olub yolumu kəsir.

       Məndən inciyəndə, məndən küsəndə,

       Qəlbimdə sop-soyuq küləklər əsir.

 

        Havadan danışır bir gözəl xanım.

        Hardasa qar tökür, ya yağış yağır,

        Hardasa ay batır, ya günəş çıxır.

        Mənim Günəşim də, Ayım da sənsən,

        Onu sinoptiklər nə bilir axı?!

 

Son kəlmələr və zalın gurultulu alqışları…

- Braaavvvooo, Röya, əhsən, mükəmməlsən! 

- Çox təşəkkür edirəm...

- Hansı sahə üzrə təhsil alırsan?

- Filologiya.

- Deyirəm axı, mükəmməlsən, diksiyan əladır, şeir seçimində də çox gözəl şeirə müraciət etmisən, sən mümkünsə müsabiqə bitənədək burada gözlə, məncə, səninlə böyük işlər görə bilərik! 

- Bəli, Səməd bəy, mən də sizinlə razıyam , bu xanımın incə görkəmi də gözəldi.

- Çox təşəkkür edirəm, minnətdaram.

- Biz sizə minnətdarıq, Röya xanım . 

Kulisin arxasından çıxan qızın həyəcandan bütün bədəni əsirdi. Yanaqları qıpqırmızı idi. Kənarda oturub müsabiqənin bitməsini gözləyirdi. Orda olan iştirakçılar müsabiqə barədə öz uydurmalarını edirdi. Röya da hansı birinin düz dediyini anlaya bilmirdi.

- Hə də, qalib olana pul verəcəklər.

- Mən elə bilirəm ki, kitab və qiymətli hədiyyələr verəcəklər.

- Diplom verilməlidir

- Diplomu neynirəm ?

Röya çox həyəcanlı idi, başını telefonla qarışdırmağa davam elədi. Saat 17:30-da müsabiqə bitdi, nəticələrin nə zaman açıqlanacağı barədə iştirakçılara məlumat verildi . Münsiflər heyəti artıq oradan çıxdılar, üzlərindən yorğunluq yağırdı, biri də gözlərini ovxalayarkən gözü Röyaya sataşdı. Yanına dəvət elədi.

- Hə Röyaa, burdasan ?

- Bəli, siz demişdiz axı gözləyim 

- Gəl, gəl, sən inan, neçə vaxtdı ki , beynimdə canlandırdığım obraz idin, biz şirkət olaraq hava haqqında proqnoz verən aparıcı axtarırdıq. Sənin səsin, görkəmin tam uyğundu . Neçə yaşın var ?

- Nə gözəl, mənim 18 yaşım var.

- Əlaa, o zaman əlaqə nömrəni mənə ver, mən səni studiyaya dəvət edim .

Röya əlaqə nömrəsini verdikdən sonra içinə sanki heç vaxtı kecirmədiyi bir xoşbəxtlik doldu. Axır ki bu dəfə fərqlənə bilmişdi. Evə uça-uça gəlib anasına olanlar barədə danışdı, üzündəki gülüş üzünə nur çiləmisdi . Səhəri gün – bazar günü Elgiz bəy Röyanı studiyaya dəvət elədi. Təbii ki, Röya birbaşa olaraq çəkiliş meydançasına keçə bilməzdi . Bunun üçün dərslər keçməli idi.  Müəyyən müddət çəkilişləri izləməli idi və təcrübə toplamalı idi ...

        

6 ay sonra ...

 

-Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeronda gecə 23-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun hərarəti Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə…

 

Həyatda çox yerə dağılmağın mənası yoxdur. Çox şeylə maraqlanmalısınız, ancaq enerjinizi istədiyinizə nail olmağa cəmləşdirmək üçün bir şeyə ciddi diqqət yetirməlisiniz. Hədəf seçimi böyük əhəmiyyət kəsb edir. 

Bu andan etibarən insan qarşında tamamilə ayrılmaz bir şəkil görməyə başlayır və buna görə də qarşısına lazımi addımlar düzülür. Yolun istiqamətinə qərar verdikdən sonra hərəkət etməyə başlaya bilərsiniz. İnsan xəyalına nə qədər çox vaxt ayırsa, xəyalı o qədər tez gerçəkləşə bilər. Öz fikri ilə maraqlanan biri üçün əlavə həyat motivasiyası tələb olunmur. Bu bənd, şəxsin hərəkətlərinə görə məsuliyyət götürməsini nəzərdə tutur. Onun nailiyyətləri ifadə olunan ambisiyalara tam uyğundur. Müəyyən bir anda inkişaf etmək istəyən bir insan mütləq özünü reallaşdırmaq haqqında düşünəcək. Sonra istədiyinizə çatmaq üçün əlavə enerji görünür. Seçdiyiniz istiqamətdən yayınmamağınıza, vaxtınızı xırda şeylərə sərf etməməyinizə və uğursuzluqlara qapılmamağınıza imkan verməməlisiniz. Hər kəsin şikayətləri var, ancaq onlara diqqət yetirməyə dəyməz. Yalnız müvafiq nəticələr çıxarmalı və irəliləməlisiniz.  Həyatda hər zaman uğur qazanan üçün ən yaxşı motivasiya: Həyat tamaşaçı qismində olan insanları alqışlamır , alqış səhnədə olanlar üçündür...

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2023)