“33 mirvarilik boyunbağı” - HEKAYƏ Featured

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Saat 07:57 və mən hələ də metro qatarındayam. Qatara minəndə ayaq üstə qalacağımı bildiyim halda 5 dəqiqə gözləməyə səbrim çatmadı və yeni qatarı gözləmədən mindim. Bura məni çəkən qəribə bir aura var idi sanki. İçəri girəndə bayaqdan gördüyüm insanların heç birinin görünürdə olmaması məni tərəddüddə qoysa da, düşəcək bir iradə qalmamışcasına gözləməyə başladım. Və budur o tanış səs: Qapılar bağlanır, növbəti stansiya.....

Aha, hansı stansiya? Növbəti stansiya haradır? Mən hardayam və hara gedirəm? Ətrafı beş dəfə nəzərdən keçirib yuxulu olmadığımı aydınlaşdırandan sonra bu nəhəngin içində tək olduğumu qəbul edib qorxmağa başlayırdım artıq. Bu işdə nə isə qəribəlik var idi, qatar sanki geriyə gedirdi. Yox, yox, 100% nə isə tərslik var bu işdə. Qapılar açılır və üzünü seçə bilmədiyim bir nəfər qarşıma keçib gözlərimin içinə baxmağa başlayır. Beynim hələ də bu hallüsinasiyanı qəbul etməsə də, gözlərim onu tanımışdı. Məgər onu unutmaq olar?

-Mustafa? Sən burda neynirsən?

-Hə Gülnaz, mənəm, Mustafa. Gəldim ki, səni görüm.

-Bəs bura haradır? Qatar niyə geriyə gedir?Biz necə eyni yerdə dayana bilirik? Bayaq qatara məndən öncə minən insanlar hanı bəs?

-Ah mənim səbrsiz qızım, narahat olma, hər şeyi özün başa düşəcəksən, bizim isə vaxtımız çox azdır. Darıxmamısan mənim üçün?

-Ay dəli, heç bilirsən səndən ötrü nə qədər darıxıram, nə qədər göz yaşı tökürəm?

-Həə, deyirəm axı mənim torpağım niyə heç vaxt qurumur. Sənin göz yaşların imiş demək torpağımı isladan.

-Axı niyə getdin? Məni niyə burda tək qoydun?

-Getməliydim Gülnaz, anamın qanını yerdə qoya bilməzdim. Hatəm dayının “qızım sənə əmanət, sən Allaha” sözünü xatırlayırsan?

-Sən o vaxtı cəmi 11 yaşında idin. Mən isə 3, necə xatırlayım?

-Bax indi mən 33 yaşındayam, elə sənlə yaşıd. Eh deyəsən darıxmamısan. Bir dəfə də qucaqlamadınsa, deməli, doğrudan da darıxmamısan.

....

Dəqiqələrlə göz yaşı içində qucaqlaşan Gülnaz və Mustafa birdən vaxtlarının məhdud olduğunu xatırlayırlar..

-De görüm, bura necə gəldin?

-Sənin duanla.

-Necə yəni, mənim duam?

-Yadına gəlir, dünənki Qədr gecəsində bircə dəfə onun qoxusunu içimə çəkim deyişin?Bax sənin o göz yaşlarını mələklər bir qaba muncuq kimi doldurub mənə verdilər. Və göylərdən səda gəldi. Ol!! Elə həmən andaca əlimdəki mirvarilər boyunbağına çevrildi. Mənə buyurulan isə, sənin duanı yerinə yetirmək idi. Budur, qarşındayam və sənə məndən xatirə qalacaq bir hədiyyə gətirmişəm. Hər zaman boynunda daşıyacağına söz verərsən?

-Söz verirəm heç vaxt  çıxarmayacağam. Mən səni çox sevirəm və and olsun ki, qovuşacağımız günə qədər səni gözləyəcəyəm.

-Söz verirəm, səni cənnətdə gözləyəcəm. Və sən gələn günə qədər yollarına gül baxçası quracağam.

.....

08:55

-Xanım, oyanın sonuncu stansiyaya çatdıq. Vaqonu tərk edə bilərsiniz.

-Təşəkkür edirəm, indi çıxıram qatardan.

Gözlərimi açanda çox qəribə bir yuxudan oyandığımı anlasam da, hələ də o zamanın təsirində qalmışcasına ağlamaq istəyirdim. Birdən ovucumda nəyi isə sıxdığımı hiss etdim. 33 mirvarinin dövrəyə aldığı mavi kəpənəkli boyunbağı.

Bilirsən əziz oxucu, bu gün həm də mənim 33-cü ad günümdür.

Amma mən tamamilə tənha olduğumu düşünəndə "O" öz varlığını xatırladıb, mənə unutmayacağım hədiyyə bəxş etdi.

 

“Ədəbiyyat və incəsənət”

(21.09.2023)