Qələmimizdən od püskürəcək - ESSE Featured

Rate this item
(3 votes)

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Suyunu içib çörəyini yediyimiz torpaqlar bizlərə Allahın əmanətidir. Əmanəti qoruya bilmiriksə, deməli, ona xəyanət etmiş sayılmırıqmı?

Bizlər bu torpağın insanlarıyıq, əyrisiylə,  düzüylə bizlər yaşayırıq bu torpaqlarda. Ona görə də müharibə insanları bir-birinə bağlayır. Çətin anlar bizi birləşdirir və bizlərin necə güclü olduğunu bizə göstərmuş olur. İtkilər olub, olacaq. Qanadı qırılanlara, evi dağılanlara bizlər sahib çıxmalıyıq. Yoxsa bizim bizdən başqa kimimiz var ki? 

 

Müharibəyə qarşıyıq, buna görə də hər zaman döyüşə hazır olmalıyıq.   

Bəlkə də bunlar da yetmir, dəstək olmalıyıq. Ən zəiflərimizə belə silah tutmağı öyrətməliyik. Bizlər o vətənin oğullarıyıq ki, Nigarları Koroğlunun yanında at belində döyüşüblər. Təbii ki, bu o demək deyil ki, qadınları qabağa verib onların döyüşməyinə göz yummalıyıq. Dişi qurdun dişlərindən də qorxmaq lazımdır. Bizim qadınlar dişi qurddur. Bəlkə də bir aslan. Hansı ki, aslanın erkəyi dişisi olmaz deyiblər. 

Bizlər son qanına kimi döyüşən millətin övladlarıyıq. Bu yolda əsgərlərimiz cəbhədə döyüşərkən, qələm adamlarımızın da qələmindən od püskürəcək. Qələmimiz beyinləri deşəcək. Bizim silahlardan bəlkə də qəlpələr saçmayacaq. Lakin qərənfillər açacaq. Hər şəhid ailəsinə yazdığımız bir qərənfil, bəlkə onların acılarını dindirmədi, ancaq gələcək nəsillər bu yazdıqlarımızı oxuduqca başa düşəcək ki, cəbhədəki əsgərlərimiz qarda, çovğunda hansı əziyyətlərdən keçib, hansı zülümləri yaşayaraq ayaqda dim-dik durmağı bacarıb. Bizim yazdıqlarımız sadəcə bir qərənfil olub şəhid təsəllisi olmayacaq. Həm də bir toxum olacaq, yeni beyinlər üçün bir fidan olacaq. Hansı ki, o fidan böyüdükcə bizim fikirlərimizi formalaşdıracaq. Ədəbiyyat müəllimim olan Habil Yaşarın bir sözü var idi, "Sağlam bədəndə sağlam ruh olar deyiblər. Mən isə deyirəm ki, sağlam ruhda sağlam bədən olar"! Həqiqətən də belədir, əgər sənin ruhun sağlamdırsa, sonadək ayaqda dim-dik durmaq gücünü özündə tapacaqsan. Və son olaraq yazdıqlarımız bir güc olacaq. Hansı ki, ən çətin anlarda onu oxuyan əsgərlərimiz belə bu misraları xatırlayıb son nəfəsinədək bu torpaqları qoruyacaq!

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)